Oxuyaq və düşünək: ibrətli hekayə

1
27

Bir kəndli dənizçi ilə söhbət edirdi. Kəndli dənizçidən atasının harada öldüyünü soruşdu. Dənizçi: – Harada olacaq, dənizdə-deyə cavab verdi.
– Bəs baban?
– O da dənizdə…
– Babanın atası?…
– O da…
– Atan dənizdə öldü, baban dənizdə öldü, babanın atası dənizdə öldü… Bəs sən hər gün o dənizə çıxmaqdan qorxmursan?
Dənizçi suala sualla cavab verdi:
– Yaxşı bəs sənin atan harada öldü?
– Harada öləcək, yataqda…
– Bəs baban?
– O da yataqda…
– Babanın atası?..
– O da…
Bu sözləri eşidən dənizçi davam etdi. Atan yataqda öldü, baban yataqda öldü, babanın atası yataqda öldü, bəs sən necə, hər gecə o yataqda yatmaqdan qorxmursan?…

———————————————————–
Həyat özü də bir marafondur…

Meksika Olimpiadalarının adi bir günü idi. Marafon yarışının başa çatmasından bir saat keçmişdi. Stadion demək olar ki, boşalmışdı. Xidmətçilər yavaş-yavaş yır-yığış etməyə başlamışdılar. Elə bu vaxt stadionun giriş qapısında qara dərili bir idmançı göründü. İdmançının gözü finiş xəttində idi. Çətinliklə addımlayırdı. Nəhayət, finiş xəttinə çatdı. Beləliklə, Con Stiven Akvari 1968-ci il olimpiadalarında tarixə adını yazdı. Ancaq Tanzaniyalı atletin tarixə düşməsinə səbəb yarışı bu qədər gec başa vurması yox, finişi keçdikdən sonra dediyi sözlər idi. Akvari yarış vaxtı qəza keçirmiş, yaralanmışdı. Təcili-tibbi yardımdan sonra yenidən yola çıxmışdı. Ayaqlarından hələ də qan axırdı. Stadionda qalanlar atleti alqışlamağa başladılar. Bəziləri onu iradəsinə görə, bəziləri isə istehza edərək alqışlayırdılar. Finişi keçdikdən sonra jurnalistlərdən biri yaxınlaşıb ona belə bir sual verdi: “Onsuz da qalib gələ bilməyəcəkdiniz. Nə üçün yarışı başa vurmaq üçün bu qədər əziyyətə qatlaşdınız?”
Sual Tanzaniyalı atleti təəccübləndirdi və nəhayət, onun tarixə düşməsinə səbəb olan bu məşhur sözləri dedi: “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”…
P.S Həyat özü də marafondur. Və əsas məsələ bu marafona başlamaq yox, alnı açıq, üzüağ başa vurmaqdır. Hətta yolun yarısında “qəzaya düşsəniz” belə… Uğurlar…

Hazırladı: Nicat

 

1 comment

  1. Xosum geldi..Doqrudan da heyat bir marafondur..Bizi buraya gonderen gonderib, yashamaliyiq…

Comments are closed.