Zərdabın Çallı kəndində əslində nə baş verir?

0
calli-kendi-zerdab

Zərdabın Çallı kəndində örüş sahəsinin olmaması əslində yeni xəbər deyil. Bir neçə müddətdir sosial şəbəkələrdə bu barədə paylaşımlara, videolara rast gəlirik. İnsanlar bu problemi gündəmə gətirməyə çalışır, problemin həll olunmasını istəyirlər.

Dünən isə kənd sakinləri örüş sahələrinin boşaldılması tələbini bir yerə toplaşaraq səsləndirdilər.

Onların heç bir siyasi tələbi yoxdur, kənddə yaşayan, ailəsini heyvandarlıqla dolandıran adamların örüş yeri istəməsindən təbii nə ola bilər?

 Yeri gəlmişkən, bu problem təkcə Zərdabın Çallı kəndində mövcud deyil.

Bu yaxınlaradək Alıcanlı kəndində də örüş sahələrinin geri qaytarılması istəyi ilə bağlı məsələlər gündəmə gətirilmişdi.

25 dekabr 2019-cu il tarixdə bununla bağlı “Zerdabcom saytı” və “Zerdabcom” səhifələrimizdə video paylaşmışdıq (link: https://www.facebook.com/zerdabcom2010/videos/450075579000694/ ).

Həmin videoya Zərdabın kəndlərində yaşayan insanların yazdıqları şərhlərdən də göründüyü kimi, örüş sahələri ilə bağlı problem əksər kəndlərdə var.

Daha təfərrüatlı olsun deyə həmin şərhlərdən bir neçəsini təqdim edək:

  • “Ay İsaqbağı camaatı, biz də tələb edək örüşmüzü”.
  • “Dəliquşcu kənd camaatı…. Allahverdi örüş torpaqlarını zəbt edib”.
  • “Dolanışığı heyvadarlıqla olan kəndli yer tapmır heyvanın otarmağa.Örüş sahəsini tələb edirlər”.
  • “Yuxarı Seyidlər kəndi də bu gündədir”.
  • “Zərdabın bütün kəndləri bu şəkildədir, Məlikumudlu torpağını biz aldıq, yenə də satdılar”.
  • “Nə olar, Çallı camaatıda belə edə, örüş yerlərin bərpa edə”.
  • “Təzəkənd örüş torpaqlarıda balıq gölləri və yonca əkilib”.
  • “Şahhüseynli kəndi də bu haldadır”.
  • “Bu problem Zərdabın bəlasıdı”.
  • “Lütvəli lüt qoyub gedib bu əraziləri, bizim kənddə də 300 hektar mənimsənilib”.

Adları bu şərhlərdə çəkilməyən bəzi kəndlərdə də bu problem var.

Kənd yerlərində kəndlinin örüş yerini satmaqdan yumşaq desək, təəccüblü addım ola bilməz.

Əlbəttə, bələdiyyələrə bu qol-qanadı açmağa şəraiti kəndlilər özləri yaradıblar. Zərdabın əvvəlki icra başçısı Lütvəli Babayevin də bu məsələdə məsuliyyəti vurğulanmalıdır. Hər halda bələdiyyə sədri və ya bu işdə rolu olan icra nümayəndəsi bilsəydi ki, örüş torpaqlarını hərraca çıxarıb başqasına icarəyə versə, Lütvəli Babayev bunu araşdıracaq – heç vaxt buna getməzdi.

Kənddə yaşayan, kəndlinin torpağını başqasına müqavilə ilə satan (icarəyə verən) elə həmin kəndlərin sakini olan bələdiyyə sədrləridir. Onlar başqa planetdən gəlməyiblər.

Bəs kənddə yaşayan insanlar üçün örüş sahəsi niyə vacibdir? Bunu kənddə yaşayanlar çox yaxşı bilir, amma bilməyənlər üçün sadə formada izah edək.

Zərdabda kənd yerində yaşayanların demək olar hamısı heyvan saxlayır – çox az ailə olar ki, heyvanı olmasın.

Məlumdur ki, həmin heyvanı ilin bütün fəsillərində həyətdə, tövlədə saxlamaq çox çətindir. Birincisi, örüş sahəsi olmadığı üçün heyvan bütün günü tövlədə qalırsa, onu fasiləsiz olaraq yemləməlisən. Bu halda isə ot çatdırmaq olmur, bu əlavə xərc deməkdir.     

İkincisi, örüş sahəsi yoxdursa, heyvanı aparıb özün otarmalısan ki, buna da hər adamın imkanı, vaxtı yoxdur.

Üçüncüsü, örüş sahəsi olmayanda heyvanı hətta həyətdən açıb buraxsan belə bir az sonra geri qayıdır.

Dördüncüsü, örüş sahəsi olmayanda həyətdən açılıb buraxılan heyvan başqasının əkin sahəsinə, həyətinə girir ki, bu da narazılığa səbəb olur.

Hələ dədə-babadan örüş sahələri olan vaxtı kənd camaatı birləşər və mal novatı təşkil edərdilər. Ayda bir dəfə novat vaxtı çatardı. Amma indi novat olmadığı üçün heyvanlar həyətlərdə qalır.

Bunu bizdən də yaxşı bilən bələdiyyə sədrləri hansı məntiqlə örüş sahələrini satır – anlamaq çətindir.

Bu məsələ elə bir problemdir ki, bir-iki günlük deyil, nə qədər ki, kəndli var, heyvanı var – örüşə ehtiyac olacaq.

Çallı kəndində baş verən hadisənin ən diqqətçəkən cəhətlərindən biri də bu oldu ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bəzi icra başçılarından fərqli olaraq bu problemə biganə qalmadı, kəndə gəlib sakinlərin qarşısında çıxış elədi, onların suallarını cavablandırdı.

Zərdab Azərbaycanın ən sakit rayonlarından biridir. Burada insanların səsi hələm-hələm çıxmaz. Çallı kəndində baş verənlərdən bələdiyyə sədrləri nəticə çıxarmalı, öz səhvlərini düzəltməlidirlər.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 1 =