Millət vəkili Jalə Əliyevadan Kəndəbil və Ağabağı sakinlərinə şad xəbər

1
36
jale-eliyeva

“Ötən il, Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələrində və Nazirlər Kabinetinin hesabatı zamanı, deputatı olduğum Zərdab və Ucar rayonlarıyla bağlı həllivacib məsələləri hökümətin diqqətinə çatdırmış, hər iki rayonun mövcud problemlərinin aradan qaldırılması üçün silsilə təkliflər irəli sürmüşdük. Dünən Milli Məclisdə hökümətin növbəti hesabatı dinlənildi. Böyük bir sevinclə bildirmək istəyirəm ki, ötən il qaldırdığımız həmin məsələlərin demək olar ki, hamısı (9 təklif) nəzərə alınmış, 2020-ci və daha sonrakı illərin planına daxil edilmişdir”.

Zerdab.com saytı xəbər verir ki, bunu 92 saylı Zərdan-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva bildirib.

“Hesabatda da qeyd edildiyi kimi, bu təklif və xahişlərimizin bəzisi artıq icra edilmiş, bəzisinin icrasına başlanılmış, digərləri isə bu il və önümüzdəki il və illərdə yerinə yetiriləcəkdir. Məsələn, Təzəkənd ümumi orta məktəbi artıq istifadəyə verilmişdir. Zərdab-Mollakənd yolu Azərbaycan Respyblikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən yenidən qurulmaqdadır. Kəndlərində qazlaşmanın aparılacağı vaxtı səbirsizliklə gözləyən Kəndəbil və Ağabağı camaatına şad xəbərimiz var. Hər iki kəndin qazlaşdırılması tədbirləri 2020-ci ilin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə daxil edilmişdir. Məlikli kənd sahə xəstəxanasının tikilməsi məqsədəuyğun hesab edilmişdir. Zərdab rayonunun şoranlaşmaya məruz qalmış 10 min hektar əkin sahəsində (o cümlədən rayonun Məlikumudlu, Əlvənd, Otmanoba Şahhüseynli, Kəndəbil bələdiyyələrinə məxsus olan əkin sahələri) meliorasiya işlərinin aparılması 2019-2023-cü illər Dövlət Proqramı çərçivəsində təmin ediləcəkdir. Qeyd edək ki, Əlvənd və Otmanoba kəndlərinin 720 ha əkin sahəsinin su ilə təminatı üçün təmir-bərpa işləri başa çatmışdır. Ucar rayonunun Bərgüşad və bitişik 5 kəndinin əhalisini su ilə təmin edən Yuxarı Şirvan kanalının yenidən qurulması üçün vacib olan layihə sənədləri artıq hazırlanır və görüləcək tədbirlərlə bu kanalln ərazisində yerləşən mövcud əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. Ucar rayonunun Lək kənd Mədəniyyət evi isə 2020-2023-cü illər dövlət investisiya qoyuluşu proqramı layihəsinə əsasən əsaslı təmir ediləcəkdir. Göründüyü kimi, koronavirus pandemiyasının bütün dünya ölkələrini çətin vəziyyətə saldığı bir zamanda, Azərbaycan dövlətinin və hökümətinin bu ümumdünya səviyyəli problemlə ən yüksək ölçüdə mübarizə aparmaqla bərabər, ölkə iqtisadiyyatının inkişafına, əhalinin rifahının yüksəlməsinə yönəlik layihələrə də böyük diqqət ayırması və bu layihələri müvəffəqiyyətlə davam etdirməsi əlbəttə ki, ölkəmizin hətta ən çətin, çıxılmaz hallara belə daim hazırlıqlı olduğunu bir daha təsdiq edir”, – deyə Jalə Əliyeva qeyd edib.

Zerdab.com

1 comment

Comments are closed.