Millət vəkilimiz Jalə Əliyeva Zərdab və Ucarda seçiciləri ilə bayramlaşdı – Fotolar

0
41

Millət vəkilimiz Jalə Əliyeva Ramazan bayramı münasibətilə 22-25 may tarixlərində Zərdab və Ucar rayonlarına səfər edib.

“Karantin dövründə mübarək Ramazan bayramı münasibətilə növbəti dəfə Zərdaba və Ucara səfər etdim.

Uşaqlığımdan bəri mənə hakim olan bir düşüncə bu gün də məni tərk etməyib…

Bayramlar sanki uşaqlar üçündür.

Bayramlar sanki ilk növbədə uşaqların sevinməsi və bizim də onları sevindirməyimiz üçün düşünülüb…

“Dünyanı verək uşaqlara bir günlüyünə” , deyirdi böyük Nazim Hikmət.

Bir uşağın üzünün gülməsi nə qədər gözəldirsə, bir uşağın ağlaması min o qədər üzücüdür”. Zerdab.com saytı xəbər verir ki, bu sözləri Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva görüşlərlə bağlı təəssüratlarını bölüşərkən bildirib.

“Hər gedişimdə müəyyən kateqoriya ailələrlə görüşürəm.

Bu səfər isə sırf uşaqlarla görüşməyi planlaşdırdım.

Amma bir məqamı vurğulamaq istəyirəm.

Uşaqlı ailələrlə deyil, AİLƏSİZ UŞAQLARLA görüşəcəkdim.

Bəli, kiçik yaşlarından ana, ata nəvazişindən məhrum olan, ən yaxşı halda nənəyə, babaya, onlar yoxdursa dayıya, xalaya sığınan, tale üzlərinə heç gülməyibsə hansısa bir qohuma pənah aparan uşaqları görəcək, onları təbrik edəcəkdim…

Etdim də…

Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa, onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim…

Və… karantin məhdudiyyətlərinə, tələblərinə maksimum riayət etməyə çalışsaq da təəssüf ki, məhz yuxarıda qeyd etdiyim məlum səbəblə bu tələblərə tam əməl edə bilmədik…

Zərdabın Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Hüseynxanlı, Gödəkqobu, Məmmədqasımlı, Çallı, Ucarın Lək, Bərgüşad kəndlərində oldum. Müxtəlif yaşlarda olan, müxtəlif şəraitlərdə yaşayan 21 gözəl göyçək, ağıllı-kamallı balayla görüşdüm.

Zəhra, Xəyalə, Səbinə, Mədinə, Elməddin, Sevinc, Eltun, Soltan, Nuray, Vüsal, Elmir, Malik, Leyla, Səlminaz, Şəhla, Vüsalə, Bahar, Aygün, Turan, Ceyhun və daha bir Səbinə…

Yaşları və şəraitləri kimi, özləri, davranışları da fərqli idi. Bəzisi utancaq və çəkingən, bəzisi qayğısız və şən…

Bəsisi özü, məktəbi haqqında danışır, gələcəkdə kim olmaq istədiyini deyirdi, bəzisi də gözlərini gizlədir, fikirli baxışlarını elə hey uzağa dikirdi…

Amma hamısını birləşdirən və bundan sonra heç kimin heç vaxt dəyişdirə bilməyəcəyi bir həqiqət var idi!

Acı bir həqiqət!

Bu uşaqlar heç bir zaman heç kəsə Ana, Ata deyə bilməyəcəklər, heç kimin qucağına Ana, Ata deyə qaçmayacaqlar.

Mərhum anamın bir beytini xatırladım bu anda:

Sənə verəcəyim –

Hələlik bunlardır:

Çörək, su, yataq…

Anan da ola bilərəm.

Amma nə dadını, nə qoxusunu verə bilərəm ananın

heç cürə.

İllərdir mən özüm gəzirəm itirdiyim o tamı, o duyğunu.

İçimdəki bir tərəfdən nisgil qarışıq kövrək hisslərlə birlikdə, digər tərəfdən isə bu uşaqların gələcəyinə bəslədiyim xoş bir ümid və inamla, sonu mütləq yaxşılıqla bitəcəyinə inandığım hekayələrinin xəyalıyla hələlik ayrılıram onlardan…

Bayramınız bir daha mübarək olsun, balacalar!

Təkcə bayramlarda yox, həmişə xoşbəxt olun”,-deyə deputat qeyd edib. 

Səfər çərçivəsində Jalə Əliyeva şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə baş çəkib:

“Hər iki rayonda baş çəkdiyim ailələrin içərisində şəhid ailələri, dünyasını yeni dəyişmişlərin yaxınları və aprel döyüşçüsü olan qazi qardaşımız da var idi.

Ucarın Bərgüşad kəndindən 2016-cı ildə əsgər gedən və daha sonra torpaqlarımız uğrunda həyata keçirilən şanlı aprel döyüşlərində iştirak edən, düşmən gülləsinə tuş gələn, ağır yaralanan, amma xoşbəxtlikdən sağ qalan 2-ci qrup əlil Nuruş Nəsiyevi evində ziyarət etdik.

Atası Azər kişi, qardaşları, anası, ailənin digər üzvləri o qədər zəhmətkeş, mərd və qürurlu insanlardırlar ki, belə bir ailəni tanıdığına sevinir insan.

İndi Cocuq Mərcanlıda dalğalanan bayrağımıza baxdıqca duyduğumuz qürur hissində bu ailənin qəhrəman oğlunun da payı var…

Həmin gün Ucarın Bərgüşad kəndində şəhid Ramazan Xudaverdiyevin, şəhid Buludxan Şəmiyevin, şəhid Bəkir Əlifovun ailələri ilə görüşdük.

Kənd ağsaqqalı, 2-ci qrup müharibə əlili hacı Səməd Əliyevin çox səmimi, mehriban ailə üzvləri ilə yaxından tanış olduq.

Ağsaqqalın kəndlə bağlı dəyərli tövsiyələrini dinlədik.

Həmin kənddə valideyn himayəsindən məhrum 2 övladımızı sevindirməyə çalışdıq.

Ucarın Lək kəndində isə azyaşlı 4 övladımızla görüşdük.

Kənd ağsaqqalı hacı Nərimanla və ailəsiylə bayramlaşdıq.

Açdıqları çay süfrəsinin arxasında söhbət etdik.

Kəndin problemləriylə maraqlandıq.

Həmun günlərdə Zərdabın 6 kəndində-Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Məmmədqasımlı, Hüseynxanlı, Gödəkqobu kəndlərində-valideyn himayəsindən məhrum 15 uşağın bayramını təbrik etdik.

Ehtiyaclarıyla maraqlandıq.

Aşağı Seyidlərdə şəhid Samir Qurbanovun ailəsinə baş çəkdik.

Rayonda daha 4 aztəminatlı ailənin problemlərini dinlədik.

Bugünlərdə dünyasını dəyişmiş Gülşən müəllimənin, Əzizə ananın, Akif müəllimin ailələrini təskin etdik.

Həm Ucarda, həm də Zərdabda görüşlərimizdə bizimlə birlikdə iştirak edən və təşkilati köməyini əsirgəməyən bütün icra nümayəndələri, dəyərli Məcid, Əfqan, Gündüz, Veysəl, Sabit, Elman, Rzağa, Xətai, Mətləb, Fuad qardaşlarım sağ olsunlar.

Ramazan – yardımlaşma, paylaşma, mərhəmət ayıdır.

Bu bayramda təşəbbüsümüzə qoşulan hər kəsə, xüsusilə Yeni Yurd İctimai Birliyinin sədri, işqadını, xeyirpərvər Mahirə xanım Əsədovaya görüşdüyümüz ailələrə göstərdiyi maddi yardıma üçün təşəkkür edirəm.

Bir də, ölkəmiz və xalqımız naminə gördükləri misilsiz işlərə görə həm ölkə Prezidenti cənab İlham Əliyevi, həm də Birinci vitse prezident xanım Mehriban Əliyevanı ürəkdən sevən, onları hər an dəstəkləyən bütün insanlara, görüşdüyüm bütün seçicilərimə bu sağlam mövqeləri üçün, dövlətə və dövlətçiliyə ürəkdən bağlı olduqları üçün dərin minnətdarlığımı bildirirəm”.