“Həsən bəy Zərdabi həftəsi” devizi altında onlayn silsilə tədbirlər keçirilib

0
46

Həsən bəy Zərdabinin anadan olmasının 183 və Milli Mətbuatımızın 145 illiyi münasibətilə Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu tərəfindən “Həsən bəy Zərdabi həftəsi” devizi altında onlayn silsilə tədbirlər keçirilib.

Həftə çərçivəsində dörd videokonfrans təşkil edilib. İlk videokonfrans Təşəbbüs Qrupunun “Facebook” səhifəsində baş tutub. Videokonfrans gənclər təşkilatları ilə birgə keçirilib. “Həsən Bəy Zərdabi İrsinin və Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda təşkil edilən konfrans zamanı gənclərimizin sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti müzakirə olunub və gələcək yeni və innovativ fəaliyyət metodları təklif edilib.

İkinci onlayn konfrans isə “Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunmasında mətbuat və sosial şəbəkənin rolu” mövzusuna həsr edilib. Videokonfransda Azərbaycan və Türkiyənin deputatları, media nümayəndələri, elm adamları iştirak ediblər.

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun rəhbəri, gənc fəal Seymur Bayramov layihə haqqında məlumat verib, irəli sürdükləri təşəbbüsün mənəvi dəyəri haqqında danışıb.

Sonra konfrans iştirakçılarını salamlayan Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva konfransda iştirak etdikləri üçün bütün qonaqlara təşəkkürünü bildirib. Jalə Əliyeva videokonfransın keçirilməsinin əhəmiyyətindən söz edib, dövlətimizin mədəni irsin qorunması, gələcək nəsillərə sağlam şəkildə çatdırılması, beynəlxalq müstəvidə təbliği sahəsində həyata keçirtdiyi fəaliyyət haqqında danışıb, gənclərin məhz bu fəaliyyətdən örnək götürərək ölkə əhəmiyyətli proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb.

O, Həsən bəy Zərdabi irsinin öyrənilməsinin və təbliğinin vacibliyindən danışıb. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamasını vurğulayan Jalə Əliyeva bildirib ki, bu Sərəncam ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.

Konfrans zamanı milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, tarixi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının yaradıcı və innovativ gənclərin vasitəsilə təbliğat metodları müzakirə olunub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib və layihənin təşəbbüskarlarına xüsusi minnətdarlığını bildirib.

Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı daim gənclər tərəfindən araşdırılmasının və təbliğ olunmasının xüsusi əhəmiyyətini qeyd edən deputat bu formatda tədbirlərin keçirilməsinin hazırda sosial şəbəkə vasitəsindən daha səmərəli istifadəyə və düzgün təbliğatın aparılması ilə nəticələnəcəyini bildirib.

“Avrasya Ekonomik İlişkiler Derneği” İdarə Heyətinin sədri Hikmet Eren Zərdabi irsinin təkcə Azərbaycanda deyil, bütün türk dünyasında təbliğinin əhəmiyyətini vurğulayaraq rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə silsilə tədbirlər keçirəcəyini, universitetlərdə bu irsin təbliği və tədrisi ilə əlaqədar təşəbbüslər göstəriləcəyini qeyd edib. O, Türkiyədə Həsən bəy Zərdabi parkının yaradılması və Zərdab rayonu ilə Türkiyənin Karaman şəhərinin qardaş şəhərlər elan edilməsi təklifini irəli sürüb.

Bu tədbirlərin davamı olaraq diaspora təşkilatlarının iştirakı ilə “Həsən Bəy Zərdabi irsinin və milli-mənəvi dəyərlərimizin təbliğində diaspora təşkilatlarımızın rolu” mövzusunda videokonfrans keçirilib.

Diaspora təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən online görüşdə Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramov, qrupun üzvləri- Milli Məclisin deputatı Jalə Əliyeva və Zərdabi nəslinin davamçısı, iqtisadçı-alim Nüsrət Məlikov qonaqları salamlayıb, tədbirin əhəmiyyəti, ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti haqqında məlumat veriblər. Konfransda Milli Məclisin deputatları Elnur Allahverdiyev və Bəhruz Məhərrəmov, Əməkdar müəllim Ömər Tarverdiyev, “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Nigeriya, Ukrayna, Rusiya, İspaniya, Almaniya, Polşa, Belçika, və Fransada fəaliyyət göstərən diaspora təşkilatlarnın rəhbərləri, media və informasiya agentliklərinin nümayəndələri iştirak və çıxışlar ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması yüksək qiymətləndirilib, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, dünya müstəvisində təbliği və ölkəmizin müsbət imicinin yaradılması istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında fikirlər səsləndirilib.

Bu qəbildən olan tədbirlərdən biri də “Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin, milli mənəvi dəyərlərin qorunmasında və təbliğində Azərbaycan Qeyri-hökumət təşkilatlarının rolu” mövzusuna həsr edilib.

Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramov həftə ərzində keçirilən görüşlərin qısa icmalını və qeyri-hökumət təşkilatları ilə bu istiqamətdə görüləcək birgə layihələrin təkliflərini təqdim edib.

Milli Məclisin deputatı Jalə Əliyeva irisimizin və milli mənəvi dəyərlərimizin təbliğində həmrəylik nümayiş etdirən təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. Nəslin nümayəndəsi, iqtisadçı-alim Nüsrət Məlikov bu təşəbbüsdə əməyi olan hər kəsə təşəkkür edib.

Sonda Təşəbbüs Qrupunun üzvləri tədbirlərin pandemiya şəraiti nəzərə alınaraq Milli Mətbuatın 145 illik yubiley günləri ərəfəsində Zərdabinin doğma yurdu Zərdabda davam etdiriləcəyini bildiriblər.