Türkiyənin Karaman şəhəri ilə Zərdab rayonu qardaşlaşır – Zərdablıları sevindirən təşəbbüs

0

Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupunun təşkilatçılığı ilə növbəti videokonfrans təşkil olunub.

Videokonfransda Türkiyənin Azərbaycandakı sabiq səfiri, təcrübəli diplomat Hulusi Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, əslən azərbaycanlı Şamil Ayırım, “EkoAvrasya” Yönetim Kurulunun başqanı Hikmet Eren, Karaman şəhər Bələdiyyəsinin sədr müavini Eyüp Aslan, Azərbaycan Milli Məclisinin deputatı, Təşəbbüs Qrupunun üzvü Jalə Əliyeva, millət vəkili Hikmət Babaoğlu, deputat Elnur Allahverdiyev və Təşəbbüs Qrupundan – ziyalı gənclərin nümayəndəsi Seymur Bayramov, Zərdabi nəslinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov, o cümlədən, türkiyəli ziyalılar, tarixçilər iştirak ediblər.

jale-eliyeva-zerdabi-

Zerdab.com saytı xəbər verir ki, konfransla bağlı millət vəkilimiz Jalə Əliyeva fikirlərini bölüşüb: “Böyük müvəffəqiyyətlə keçən bu yüksək səviyyəli videokonfransın təşkilində bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Budəfəki toplantıda Türkiyənin və Azərbaycanın millət vəkilləri, nüfuzlu siyasətçiləri, ziyalılar, dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Videokonfransın mövzusu Həsən Bəy Zərdabi, Azərbaycan mətbuatının 145 illiyi olsa da, daha çox məlum 12 iyul hadisələri, həmçinin, 15 iyul hadisələri, son günlər yenə də hər iki tərəfdən şəhidlərin verilməsi, dostluq, qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi və sair məsələlər ətrafında müzakirələr getdi.

Xüsusilə, 12 iyulda işğalçı, təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan-Ernənistan sərhəddinin Tovuz istiqamətində yaşanan gərginlik, ermənilərin və Ermənistanın qanlı əməlləri qətiyyətlə, pislənildi. Eyni zamanda, hər iki qardaş ölkənin millət vəkillərinin beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyəti, Ermənistanın birlikdə ifşa məsələsi önə çəkildi, bu istiqamətdə fəaliyyətin daha gücləndirilməsi dilə gətirildi. Bununla yanaşı, Azərbaycan və qardaş Türkiyənin bölgədə və dünyada artan, genişlənən nüfuzuna xüsusi diqqət yetirildi”.  

Millət vəkilinin fikrincə, ümumilikdə iki saatdan çox davam edən konfrans hər iki ölkənin qardaşlığının, istər yaxşı gündə, istər pis gündə bir-birimizin yanında olmağımızın bariz nümayişinə çevrildi.

J. Əliyeva videokonfrans zamanı Karaman şəhər bələdiyyə başqanının birinci müavininin bələdiyyə başqanı tərəfindən Karamanla Zərdabın “qardaşlaşmış şəhərlər” elan olunması təklifini irəli sürdüyünü dilə gətirdiyini bildirib.

“Eyni zamanda, Karaman şəhərində Həsən Bəy Zərdabinin heykəlinin ucaldılması nəzərdə tutulur. Videokonfrans zamanı bu təşəbbüslərindən dolayı həm bələdiyyə başqanının müavininə, həm də Karaman bələdiyyə başqanına Zərdabisevərlər və zərdablılar adından dərin minnətdarlığımı və təşəkürlərimi ifadə etdim. Bildirdim və bir daha bildirmək istəyirəm ki, bu, iki qardaş və dost dövlət arasında yüksək münasibətlərin əyani təcəssümü olmaqla, yanaşı, əlaqələrin daha da gücləndirilməsi, sıxlaşdırılması istiqamətində töhfə verə biləcək gözəl addımlardandır. Bu istiqamətdə həm Təşəbbüs Qrupunun üzvü, həm də Zərdabı parlamentdə təmsil edən millət vəkili olaraq, üzərimə düşən bütün addımları atmağa hazıram və bu istiqamətdə nə lazımdırsa, əlimdən gələni əsirgəməyəcəyəm”-deyə millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, Zərdab rayonunun Türkiyənin Qaraman şəhəri ilə qardaşlaşması təşəbbüsü hər bir Zərdablının marağına səbəb olan, ürəyincə bir təklifdir. Sözügedən şəhərdə Həsən bəy Zərdabi adına parkın salınması, heykəlinin ucaldılması təklifi də bir Zərdablı olaraq hər birimizin ürəyincədir. İnşallah, bir gün sözügedən parkın, heykəlin açılışı ilə bağlı xəbərlər paylaşmaq nəsibimiz olar.

seymur-bayramov-tesebbus

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 16 =