Zərdabinin qardaşı oğlunun ürəyi niyə partlatmışdı? – Dəhşətli fakt

0
hesen-bey-zerdabi

Rəhim bəy Mehrəli bəy oğlu Məlikov 1886-cı il mayın 2-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulmuşdur. Görkəmli fizik, riyaziyyatçı, publisist və professor Rəhim bəyin atası Mehrəli bəy Həsən bəy Zərdabinin qardaşıdır. Rəhim bəyin 8 yaşı olanda atası Mehrəli bəyin ermənilər tərəfindən öldürüldüyü bildirilir.
O illərdə Həsən bəy qardaşı oğlunu öz uşaqları ilə birlikdə tərbiyələndirməyə başladı, 1895-ci ildə Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələndə də ailəsi ilə gətirdi. Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı real gimnaziyasını bitirmiş, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu.
Həsən bəy və onun ətrafında cəmləşmiş milli ziyalılar hələ gimnaziya illərində Rəhim bəyin xalq işinə səfərbər edilməsində mütləq rol oynamışdılar. O, yeniyetmə yaşlarından milli ədəbiyyatı dərindən öyrənir, yeni yaranan teatr həyatına böyük maraq göstərir, bu mövzularda dövri mətbuatda silsilə çıxışlar edirdi.
1912-ci ildə ali təhsilini başa vuran Rəhim bəy Şimali Qafqazın bir sıra şəhərlərində fəal pedaqoji iş aparırdı, Azərbaycanda gedən milli-mədəni oyanış, məfkurəvi toparlanma ilə sıx bağlı idi. Bu illərdə Rəhim bəy əmisinin məramına və qələminə xas olan bir qeyrətlə gündəmdə olan mövzularda aydın, kəskin çıxışlar edir, liberal-irticaçı qüvvələrin tənqidlərinə tuş olmuşdu.
Nəriman Nərimanov kimi ziyalılar Zərdabilər ailəsinin bu vətənsevər, xalqsevər balasını müdafiə edirdilər.
Sovet dövrünün ilk illərində də doktor Nəriman Nərimanovun təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət edilmiş, milli ali təhsil quruculuğu işinə cəlb olunmuşdu. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə getmiş, ilk professional fizika məktəbinin əsasını qoymuşdu. Rəhim bəy bir sıra ali və orta ixtisas məktəblərində fizika və riyaziyyatdan dərs demiş, tədris prosesini qaydaya salmışdı. Azərbaycanın ilk fizika professoru 1930-1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olmuşdu.
Həmin illərdə start götürən repressiya Rəhim bəydən də yan keçməmiş, Zərdabilər ailəsinin digər üzvləri kimi o da bu amansız prosesin qurbanı olmuşdu. Təzyiq və ittihamlara dözə bilməyən Rəhim bəyin ürəyi 1936-cı il fevralın 23-də iş başında ürəyi partlaşımdı.
Zerdab.com olaraq onu da əlavə edək ki, hazırda Zərdab rayonunda nəşr olunan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov da dəfələrlə öz məqalələrində Rəhim bəy Məlikovun həyat və yaradıcılığına toxunmuşdur.
İsaməddin müəllim məqalələrinin birində Rəhim bəy Məlikovun ölümü ilə bağlı çox maraqlı bir məqama toxunur. Yazır ki, Kazan universitetinin məzunu, uzun illər “Molla Nəsrəddin” jurnalı və başqa nəşrlərlə əməkdaşlıq edən, o illərdə Azərbaycanın ən güclü teatr resenziyaçısı, V. İ. Lenin ad. APİ-də fizika kafedrasını yaratmaq üçün Rusiya universitetindən Bakıya çağırılan, Azərbaycanın fizika üzrə ilk professoru, Azərbaycan dilində termodinamikaya dair ilk dərsliyin müəllifi Rəhim bəy Məlikovu bolşeviklər 2 dəfə həbs etmişdilər. Bu həbslərdə məqsəd ondan əmisi oğlu Midhət bəyin əleyhinə izahat almaq idi.
Ancaq Rəhim bəy buna razı olmur və izahatı yazmırdı.
Buna əməl etmədiyi üçün isə Rəhim bəy Məlikov hədələrə, təziqlərə məruz qalırdı. Ancaq növbəti həbslərdən sonra Rəhim bəydən Midhət bəyin əleyhinə izahat alındı. (Bəlkə də əvvəldən hazır yazılıb qoyulmuş kağıza imza atdırılmışdı)
Eyni izahat təzyiqlərlə Midhət bəydən Rəhim bəyin əleyhinə alınmışdı. Bunu özünə ağır dərd hesab edən Rəhim bəy Məlikovun iş başında ürəyi partlamışdır.
Rəhim bəyin buna dözməməsi, ondan zorla alınan izahatın mənəvi sarsıntısından ürəyinin partlaması da onun necə saf, təmiz, qeyrətli, vətənpərvər bir insan olmasından xəbər verir.
Yazımızın sonunda onu da qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, Zərdabi ailəsinin bütün üzvləri faciəli, dəhşət dolu həyat yaşayıblar, sarsıntılara məruz qalıblar.
İsaməddin Əhmədovun bununla bağlı məqaləsindən bir hissəni təqdim etmək yerinə düşər: “Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin qızı Pəri xanımın həyat yoldaşı idi. Onların toyu Tiflisdə oldu, amma Zərdabinin xanımı Hənifəxanım Aslanbəy qızı Abayevə bu izdivaca razı olmadı və toya da getmədi. Zərdabinin böyük oğlu Midhət bəy universiteti Fransada oxuyub bitirdi. Gəncə Kommunal Təsərrüfatı İdarəsində şöbə müdiri-mühəndis idi. Xanbulançay dəryaçasının layihəsini hazırlamışdı və öz vəsaiti ilə bu işə başlamışdı. 37-ci ildə əksinqilabçı adı ilə güllələndi. Midhət bəyin əmisi oğlu, Zərdabinin ikinci oğlu Səffət bəy əvvəl Türkiyədə, sonralar Almaniya və Fransada mühacir ömrü yaşadı, Türkiyədə memarı olaraq tikdiyi binalar bu gün də qalmaqdadır. II Dünya müharibəsində əsir düşən 2 zərdablı mənim özümə deyirdi ki, əsirlikdə bizi Səffət bəy alman komandanlığından izn alıb evinə aparır, Azərbaycan, burada qalan kiçik bacısı Qəribsoltan haqqında soruşurdu, biz danışdıqca, o ağlayırdı…
Səffət bəy o insanlara deyirmiş ki, bir arzum var: kaş mən öləndə cəsədimi yandırıb, külümü Kür çayına səpəydilər”…
Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × one =