Zərdabda kasıb ailəyə 3 günün içində ev necə alınıb? – Maraqlı təfərrüat

0
jale-eliyeva-zerdab

“Yardımlaşma gözəldir. İnsanı saflaşdırır, bütünləşdirir. Göstərdiyimiz hər yardımla, üzünü güldürə bildiyimiz hər insanla dünyamız sanki daha da gözəlləşir, işıqlanır. Həyata hər kəs bir missiya ilə gəlir. Tanrının sənə verdiyi ömrü sadəcə özün üçün, doğmaların, yaxınların üçün deyil, bir ümid, güman yeri kimi sənə üz tutan və əvvəllər heç vaxt tanımadığın, adını belə eşitmədiyin insan və ya insanlar üçün də yaşamaq missiyası ilə gələnlər var bu dünyaya…

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabi işığı ölkənin çox sayda ziyalısını yenə bir araya toplamışdı Zərdabda. Rayon İcra Hakimiyyətinin mətbuatın 145 illiyi ilə əlaqədar olaraq təşkil etdiyi tədbirdə biz də vardıq”. Zerdab.com saytı xəbər verir ki, bu fikirləri millət vəkilimiz Jalə Əliyeva bildirib.

Deputat qeyd edib ki, onunla birlikdə Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvləri – Həsən bəy nəslinin davamçısı, hörmətli Nüsrət Məlikov, gələcəyinə çox inandığı gənc həmyerlimiz Seymur Bayramov, sahibkar Vəfa Muradzadə, doğulub böyüdüyü torpaq üçün hər şeyin ən yaxşısını istəyən həmyerlimiz Ramil Mehdiyev də olublar. “Məqsədimiz tədbirdə iştirak etmək, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabini bir daha anaraq, ruhu qarşısındakı borcumuzu yerinə yetirmək idi.

Amma sən demə, budəfəki gedişimizlə həm də qısa bir zamanda bir ailənin böyük bir sevincinə səbəb olacağıqmış. Tədbirdən sonra Rayon İcra Hakimiyyəti başçısının tövsiyyəsi ilə rayon rəsmiləri ilə birlikdə Lələağacı kəndinə getdik…

Şəmi və Elnarə Cavadovların ailəsinə… Yaşadıqları evi, şəraiti gördük”…

Deputat qeyd edib ki, daha əvvəl fotosu ilə tanış olduğu evi bu dəfə şəxsən və ürək ağrısı ilə görüb: “Elə oradaca bu ailəyə yardım üçün səfərbər olduq. Bu Qurban bayramında onlara ikiqat bayram sevinci yaşatmaq istədik…

Amma tək əldən səs çıxmaz, deyib atalar. Üzərimizə götürdüyümüz yük bir o qədər yüngül deyildi. Və sadəcə bizim gücümüzlə – bu beş nəfərin gücü ilə biz bu məsələni həll edə bilməzdik. Sağ olsunlar, xeyirxah insanlar!

Bu ailəyə, onların xəstə yatağında olan, keçirdiyi stressdən aşağı ətrafları hərəkətsiz qalan yeniyetmə qız övladlarını və azyaşlı digər iki uşaqlarını yaşatmaq üçün əlindən gələni əsirgəməyən, onları düşdükləri acınacaqlı vəziyyətdən çıxarmaq üçün yaxından köməklik göstərən, sadəcə vəzifə borcunu deyil, həm də insanlıq borcunu yerinə yetirən rayon rəhbərliyinə, şəxsən Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Mərdan Camalova minnətdarıq.

Eyni zamanda səsimizə səs verən daha bir eloğlumuz, Milli Məclisin deputatı, Zərdablıların yaxşı tanıdıqları Allahverdiyevlər nəslinin nümayəndəsi Elnur Marat oğlu Allahverdiyevə təşəkkür edirik.

İndi artıq Cavadovların evi var…

Artıq onların da evi var.

Qurban bayramını çoxdan bəri arzusunda olduqları yeni evlərində, sevinc və xoşbəxtliklə qarşıladılar! Allah hər kəsi arzusuna çatdırsın”.

Qeyd edək ki, Qurban bayramında millət vəkili Jalə Əliyeva və Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupunun üzvləri Zərdab rayonunda 100-dən çox ailəyə qurban payı paylayıb.

Millət vəkili Jalə Əliyeva həmçinin deputatı olduğu Ucarın Bərgüşad, Lək və Xələc kəndlərində köməkçisi Firdovsi Eyvazov vasitəsilə 25 ailəyə – şəhid ailələrinə, valideynsiz uşaqlara qurban payını çatdırıb.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 − fourteen =