Azərbaycan dilində işlənən bitişdirici samitlərin təsnifatına YENİ YANAŞMA

0
Zərdab-muellim-İntiqam İsmayilov

Məlum olduğu kimi, Azərbaycan dili iltisaqi dillər qrupuna daxil olduğu üçün dilimizin qrammatik xüsusiyyətlərinə uyğun olaraq bir neçə istisnaları nəzərə almasaq, dilimizdə söz köklərində eynicinsli və müxtəlifcinsli qoşasaitli milli mənşəli sözlər yoxdur. İstisna hal kimi qəbul etdiyimiz qohumluq və insan adı bildirən əmioğlu, dayıoğlu, bacıoğlu kimi bir sıra sözlər vardır ki, onların da tələffüzü zamanı söz kökündəki saitlərdən birincisi düşür və bu tipli sözlərdə bir qayda olaraq sait uzanması baş vermir.

Sözün tərkibində eynicinsli və müxtəlifcinsli saitlərin yanaşı, qoşa işlənməsi, sözün tərkibində sait səslərin uzun tələffüzü mənim fikrincə, flektiv dillərə aid olan xüsusiyyətdir və elə bu səbəbdən də iltisaqi -aqlütinativ dillərdə qoşa saitli sözlər və tərkibində uzanan sait səs olan sözlərə çox az hallarda təsadüf olunur, yəni istisnalıq təşkil edir.

Azərbaycan mənşəli sözlərdə saitlərin yanaşı işlənməsi yalnız söz kökü saitlə qurtarıb şəkilçinin isə saitlə başlaması, ya da saitlə qurtaran şəkilçilərdən sonra saitlə başlayan şəkilçilər gələn zaman baş verə bilər ki, bu zaman ya saitlərdən biri düşər, ya da iki sait arasına bitişdirici samitlər kimi qəbul etdiyimiz -Y, -N, -S samitlərindən biri artırıla bilər ki, bu zaman dilimizin iltisaqilik prinsipinin pozulmasının qarşısı alınır.

Bitişdirici samitlərin 2 sait arasında işlədilməsi prinsipi 3 halda pozula bilər. Bu hallar aşağıdakılardır:

  1. “O və bu” əvəzliklərindən sonra yerlik və çıxışlıq hal şəkilçiləri gələrkən bitişdirici samitlər iki sait arasına deyil, saitlə samit arasına artırılır. Məsələn: onda, bunda, ondan, bundan.

2. Saitlə qurtaran  isim və isimləşmiş sözlərdən sonra saitlə başlayan mənsubiyyət şəkilçisi gələrkən səs artımı deyil, səs düşümü hadisəsi baş verir. Məsələn: almam, çantam, balam və s.

3. Feil köklərindən və başlanğıc formalarından sonra işlədilən -ma, -mə inkar şəkilçilərindən sonra saitlə başlayan indiki zaman (-ır4) şəkilçisi və qeyri-qəti gələcək zaman (ar2) şəkilçisi gələrsə saitlər arasına bitişdirici samit artırılmır, bu halda da səs düşümü hadisəsi baş verir. Əslində gəlməyirəm, gəlməyərəm formasında işlənməli olan bu tipli sözlər dilə rahatlıq, yığcamlıq, lakoniklik gətirmək üçün indiki zamanda gəlmirəm, qeyri-qəti gələcək zamanda isə gəlmərəm formasında işlədilməsi dilimizdə qəbul olunmuş normalardandır. 

4. Feilin şərt şəklinin şəkilçisi olan (-sa2) şəkilçisindən sonra şəxs sonluqları gələrkən də səs düşümü hadisəsi baş verir. Məsələn: oxusan, başlasaq və s.

5. Şühudi keçmiş zaman şəkilçilərindən sonra şəxs sonluğu gələrkən də səs düşümü hadisəsi baş verir: gəldim, oxuduq.

6. Saitlə bitən feil köklərindən və başlanğıc formalarından sonra feildən feil düzəldən leksik şəkilçilər gələn zaman da səs düşümü hadisəsi baş verir: salamlaşdılar, mələşdilər, başlandı və s.

Yuxarıda göstərdiyimiz bu məqamlardan başqa digər bütün hallarda iki sait arasında  -Y, -N, -S bitişdirici samitlərdən istifadə edilir. İki sait arasında –Y,-N, -S bitişdirici samitlərdən istifadə olunması məqamlarını aşağıdakı kimi təsnif etmək olar:

“Y” bitişdirici samitinin isimlərdə işlənmə yeri:

  1. Mənşəyinə görə alınma olan, daha dəqiq desək, ərəb-fars mənşəli olan və saitlə bitən sözlərlə saitlə başlayan mənsubiyyət şəkilçiləri arasında. Məsələn: taleyi, mənafeyi, taleyimiz, menafeyimiz və s. İstisnalıq təşkil edən Azərbaycan mənşəli suyu, nəyi sözləri daxil olmaqla. 

2. Saitlə qurtaran sözlərdən sonra  -a, -ə yönlük hal şəkilçilərindən istifadə olunarkən: Bakıya, Şuşaya, nənəyə.

3. Saitlə bitən sözlərdən sonra I şəxs tək və cəminin xəbərlik şəkilçiləri şəxs sonluqları gələn zaman da “y” bitişdirici samitindən istifadə olunur. Məsələn: əlaçıyam, birinciyəm, babayıq. 

Təsriflənən feillərdə -y bitişdirici samitinin yeri və işlənmə məqamları:

1. Xəbər şəklində:

a) Nəqli keçmiş zamanda: oynayıb, oxuyub. 

b) İndiki zamanda: oynayır, oxuyur. 

c) Qəti gələcək zamanda: oynayacaq, oxuyacaq. 

d) Qeyri-qəti gələcək zamanda: oynayar, oxuyar. 

2. Əmr şəklində: başlayım, oynayaq.

3. Lazım şəklində: oxuyasıdır, oynayasıdır. 

4. Arzu şəklində: oxuya, gözləyə, gözləməyə. 

5. Feilin sadə şəkillərində işlənmiş və saitlə qurtaran sözlərdən sonra -idi, -imiş hissəcikləri gələrkən də -y bitişdirici samitindən istifadə olunur: oxuyasıydı, oxuyaydı. 

                                 Təsriflənməyən feillərdə 

1. Saitlə qurtaran feil köklərindən və başlanğıc formalarından sonra saitlə başlayan feili-sifət şəkilçiləri gələrkən. Məsələn: oxuyan, çağlayan.

2. Saitlə qurtaran feillərdən sonra saitlə başlayan feili-bağlama şəkilçiləri gələrkən də -y bitişdirici samitindən istifadə olunur. Məsələn, başlayanda, oxuyarkən, bağlayıb, oynaya-oynaya və s.

3. -Ma, -mə inkar şəkilçilərindən sonra saitlə başlayan yuxarıda göstərilən feili sifət və feili bağlama şəkilçiləri gələrkən də -y bitişdiricisindən istifadə olunur. Məsələn: oxumayan, gəlməyəndə.

Nümunələrdən də göründüyü kimi feillərdə istənilən saitlə qurtaran sözlərdən və sözün başlanğıc formalarından sonra saitlə başlayan istənilən qrammatik şəkilçi gələrkən həmin saitlər arasına yalnız -y bitişdirici samiti artırılır.                                                                                                                                                                               

İstisna: bu xüsusiyyət leksik şəkilçilərə aid deyildir. Çünki saitlə başlayan ın4, – ıl4, ışvə s. kimi feildən feil düzəldən leksik şəkilçiləri saitlə bitən feillərə artırarkən səs düşümü hadisəsi baş verir.

Məsələn: oxundu, başlandı, salamlaşdılar, mələşdilər və s.

Bütün bu deyilən fikirlərdən və göstərilən nümunələrdən  sonra belə bir qənaətə gəlmək olar ki, həqiqətən də feillərdə yalnız -y bitişdirici samitindən istifadə olunur.

– S bitişdirici samitinin dilimizdə işlənmə yeri  -y və -n bitişdiricilərinə nisbətən daha konkret, daha aydındır. Belə ki, -s bitişdirici samiti milli və rus-avropa mənşəli saitlə bitən sözlərə yalnız III şəxs təkinin mənsubiyyət şəkilçisi (-ı4) artırılarkən istifadə olunur. Məsələn: anası, babası, radiosu, laboratoriyası və s.

-N bitişdirici samiti isə yalnız ismin hal şəkilçilərindən -yiyəlik, təsirlik hallarından əvvəl və o, bu əvəzliklərindən sonra isə bütün hal şəkilçiləri gələrkən istifadə olunur. Məsələn: 

O                                                                         bu

Onun                                                                bunun

Ona                                                                     buna

Onu                                                                     bunu    

Onda                                                                   bunda

Ondan                                                                  bundan

2. III – şəxs təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş isim və isimləşmiş bütün sözlər hallanarkən bütün hal şəkilçilərindən əvvəl -N bitişdirici samitindən istifadə edilir. Məsələn: 

A.                 Alması                     Yaxşısı

Y.                 Almasının              Yaxşısının

Yn.               Almasına               Yaxşısına

T.                  Almasını               Yaxşısını

Ye.                Almasında             Yaxşısında

Ç.                  Almasından          Yaxşısından

Elə buna görə də II növ təyini söz birləşmələri bütün hallarda və III şəxs tək və cəmində olan bütün III növ təyini söz birləşmələri hallanarkən bütün hal şəkilçilərindən əvvəl yalnız -N bitişdirici samitindən istifadə olunur. 

Məsələn: II növ təyini söz birləşməsi.

A. Azərbaycan torpağı

Y. Azərbaycan torpağının

Yn. Azərbaycan torpağına 

T. Azərbaycan torpağını 

Ye. Azərbaycan torpağında 

Ç. Azərbaycan torpağından 

                                                      III-növ təyini söz birləşməsi 

A. Məktəbimizin binası 

Y. Məktəbimizin binasının 

Yö. Məktəbimizin binasına 

T. Məktəbimizin binasını 

Ye. Məktəbimizin binasında 

Ç. Məktəbimizin binasından 

Bütün bu araşdırmalarımı yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar:

1. -Y bitişdirici samiti isimlərdə:

a) Saitlə bitən ərəb-fars mənşəli sözlərə saitlə başlayan mənsubiyyət şəkilçisi artırılarkən (nəyi, suyu, sözləri daxil olmaqla) və ismin yalnız yönlük halında işlənir. 

b) Saitlə qurtaran bütün növ feillərə saitlə başlayan feli sifət, feli bağlama şəkilçiləri və saitlə başlayan bütün növ qrammatik şəkilçilər artırılarkən -y bitişdirici samitindən istifadə olunur. 

2. -N bitişdirici samiti isim və isimləşmiş sözlər hallanarkən (yönlük haldan başqa), II və III növ təyini söz birləşmələri hallanarkən ismin bütün hallarında işlədilir.

3. -S bitişdirici samiti saitlə bitən milli və rus-avropa mənşəli sözlərlə III şəxs təkinin mənsubiyyət şəkilçisi arasında işlədilir. 

Mənim bu təsnifatı aparmaqda məqsədim ondan ibarətdir ki, dilçilik elmini öyrədən, öyrənən və araşdırılması ilə məşğul olan hər bir şəxs konkret olaraq bitişdirici samitlərin yerini və vəzifəsini dəqiq bilsinlər və şəkilçiləri təsnif edərkən dəqiq olsunlar. Bir çox kitab və hətta dərslik müəllifləri şəkilçiləri təsnif edərkən, şəkilçiləri göstərərkən, onun bitişdirici samitlə işlənən formasını şəkilçinin ikinci variantı kimi göstərirlər.

Məsələn: bəzi mənbələrdə yönlük hal şəkilçisini -a, -ə, bəzən də -ya, -yə formasında , III-şəxs təkinin mənsubiyyət şəkilçisini -ı,-i, -u, -ü, bəzən də -sı,-si,  -su, -sü formasında göstərirlər. Əgər belədirsə, onda mənsubiyyət şəkilçisinin III variantını -yı, -yi, -yu, -yü formasında, yerlik hal şəkilçisini -da, -də bəzən də -nda, -ndə çıxışlıq halı isə dan, dən, bəzən də ndan, ndən formasında göstərmək lazım gələrdi.

Bu isə qətiyyən doğru deyildir. Ona görə də uzun illərin pedaqoji təcrübəsinə əsaslanaraq hər bir kitab müəllifinə müraciət edərək bildirmək istəyirəm ki, bitişdirici samitlərdən bəhs edərkən onları düzgün təsnif etmək üçün yuxarıda göstərdiyim təsnifatdan istifadə etsinlər və hər hansı bir şəkilçini qruplaşdırarkən bitişdirici samitləri şəkilçinin variantı kimi göstərməsinlər.

İntiqam İsmayılov,
Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi 

Müəllifin əlaqə telefonu: 051 725 33 07

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 5 =