Zərdabda kənd təsərrüfatı və sənayenin inkişafı

0
56

Zərdab rayon statusu alandan sonra onun iqtisadiyyatı inkşaf mərhələsinə qədəm qoymuşdur. Bu məqsədlə sovet hakimiyyətinin ilk illərində uzun illər boyu formalaşmış fərdi təsərrüfatlar ümumiləşdirilmiş, onların əsasında artellər, sonralar isə kolxozlar (kollektiv təsərrüfatlar) yaradılmışdır. Zərdabda kənd təsarrüfatının əsl yüksəlişi 1970-ci illərdən başlanıb.
1978-ci ildə rayonda 14,3 min ton taxıl, 14,7 min ton pambıq toplanmış, 30 min baş iribuynuzlu, 32,3 min baş xırda buynuzlu mal-qara bəslənilmişdir.
1980-ci illər də Zərdab rayonunun iqtisadiyyatının və mədəni həyatının sürətlə inkişaf etdiyi dövrlərdən olmuşdur. Təkcə 1983-cü ildə burada 27 min 779 ton pambıq istehsal olunub dövlətə təhvil verilmişdir.
Həmin illərdə pambıq istehsalı ilbəil artaraq rekord səviyyəyə çatırdı, Zərdab rayonu qonşu Ucar, Göyçay, Kürdəmir, Ağsu rayonları ilə müqayisədə daha çox pambıq istehsal edirdi. Rayonda pambıq istehsalı1984-ci ildə 23 min 835 ton, 1985-ci ildə 30 min 733 ton, 1986-ci ildə 31 min 892 ton olmuşdur.
O illərdə rayon üzrə hər mövsümdə 12 min hektardan qış şumu aparılır və əkinlər tam gübrələnirdi. O illərdə dövlət pambıqçı əməyinə yaxşı pul verirdi, rayondakı kolxozların 130-dan çox pambıqçılıq briqadasının hər birinin mədəni tarla düşərgəsi vardı. Burada xidmətin bütün növləri təşkil edilir, mövsümi körpələr evləri, kitabxanalar yaradılırdı. Zərdabi adına, K. Marks adına, M. Qorki adına, Bakı fəhləsi və Kalinin adına kolxozlar daha böyük qələbələr qazanırdı. Bu təsərrüfatların sədrləri bütün ölkədə tanınırdılar. Onlar – Nurəhməd Müzəffərov, Xələf Hacıyev, Abduləziz Niftəliyev, İsmayıl İbişov və digərləri uzun illər kolxoz sədri işləməklə böyük təsərrüfatçılıq məktəbi yaratmışdılar. Tanınmış briqadirlər Qosdu Qəhrəmanov, Səmərrux Kazımova, İbad Əhədov, Sədri Mansurov, Xanlar İsmayılov, Xalid İxtiyarov, Şirin Şirinov, Cavad Əhmədov, Kalbalı Əliyev, Qərib Şirinov, Mahmud Əliyev, Telman Süleymanov və onlarla başqaları əməksevərliyi, təşəbbüskarlığı ilə məşhur idilər.
Əhalisinin sayına görə Zərdab kiçik rayonlar sırasına daxil olsa da, rayonun baramaçıları hər il 260-300 tondan çox məhsul istehsal edərək rayonun adını Azərbaycanın 4-5 qabaqçıl və böyük rayonları sırasına yazdırırdılar.
O illərdə taxılçılıq hər hektardan orta məhsuldarlıq 28 sentner təşkil edirdiki, bu da respublika səviyyəsindən çox idi. Dövlətə ildə 2 min ton əvəzinə 6 min tondan çox taxıl satılırdı. Əlavə satılan taxıla görə ayrı-ayrı təsərrüfatlara yük avtomobilləri verilir və onlar pul mükafatları alırdılar.
1983-1988-ci illərdə Zərdabda heyvandarlıq məhsularının istehsalı və satışı, yem bitkiləri yetişdirilməsi və toplanması çox yüksək səviyyəyə çatmışdı.
İribuynuzlu heyvanların sayı 1983-cü ildə 12 min başdan 1988-cü ilədək 18 min 600 başa, cins heyvanların sayı 1800-dən 4200 başa çatdırılmışdı.
Rayonun Bəyimli qəsəbəsindəki Camışçılıq sovxozu respublikanın ən böyük damazlıq təsərrüfatlarından sayılırdı. Camışların sayı 1500 başdan 2200 başa, qoyunların sayı 16 mindən 24 min başa çatırılmışdır.
“Kommunist”, Zərdabi adına, Kalinin adına, Rusiya və Qələbə kolxozlarında iribuynuzlu heyvanların tərkibi tam cinsləşdirilmişdi, digər təsərrüfatlarda da bu iş davam etdirilirdi. Rayon üzrə ana malın sayı 3600-dən 4950 başa, hər yüz baş ana maldan alınan bala 68-dən 87 başa çatmışdı. Gündə dövlətə 18-22 ton süd satılırdı. İllik süd satışı 1460 tondan artaraq 2200 tonu keçmişdi. Hər inəkdən alınan süd il ərzində 2100 kq-dan, cins təsərrüfatlarda isə 4000 kq-dan çox olurdu.
Dövlətə illik ət satışı 1460 tondan artaraq 2200 tonu keçmişdi. Orta hesabla satılan hər bir malın diri çəkisi 170-180 kq-dan artaraq 350 kq-ma çatmışdı. Təsərrüfatların hamsında yem sexləri tikilmişdi, bir ildə iki ilin yem ehtiyatı toplanırdı. Zərdab heyvandarları dağ rayonlarına qış mövsümündə yem ehtiyatından yardım göstərirdilər.
1983-1988-ci ilərdə heyvandarlıq demək olar ki, sənaye təməli üzərinə keçmiş heyvanların cins tərkibi əsaslı şəkildə yaxşılaşdırılmış, yem bazarı möhkəmləndirilmiş, heyvandarların iş yerlərində müasir sosial- məişət şəraiti yaradılmış, bütün fermalarda sağıcı və çoban evləri tikilmiş, körpələr evləri açılmış, heyvandarların istirahəti üçün lazım olan bütün şərait yaradılmışdı. O illərdə K. Marks adına, M. Qorki adına, Kalinin adına kalxozlar dəfələrlə SSRİ-nin və respublikanın keçici qırmızı bayraqları, pul və qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar. Zərdabi adına kolxoz isə 5 il dalbadal SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qalibi olmuş, qiymətli hədiyyələrlə mükafatlandırılmış, sərginin qızıl medalını almışdı. SSRİ parlamentinə seçkilərdə rayona yer ayrılmış və 1985-ci ildə sıravi pambıqçı, S. Vurğun adına kolxozun üzvü, 18 yaşlı Mətanət Abdurəhmanova SSRİ Ali Sovetinin deputatı və Kommunist Partiyasının XXVII qurultayına nümayəndə seçilmiş, ulu öndər Heydar Əliyevlə bərabər həmin qurultayda iştirak etmişdir.
Qeyd olunan illərdə Bıçaqçı kəndində həkim ambulatoriyası, Gəlmə və Qaravəlli kəndlərindin kompleks məişət obyektləri açılmış, Şahhüseynli, Çallı, Şıxbağı, Alıcanlı, Dəli Quşçu, Yarməmmədbağı, Gəlmə kəndlərində müasir tipli idarə binaları tikilib istifadəyə verilmişdi. 250 ailənin mənzil şəraiti yaxşılaşdırılmış, 16 mənzilli 12 bina tikilib istifadəyə verilmişdi. 180 çarpayılıq mərkəzi xəstəxana, poçt rabitə kompleksi, avtovağzal, kitabxana, kitab mağazaları, bank, şahmat və 1 saylı orta məktəb, 2 saylı şəhər bağçası tikilərək təhvil verilmişdi.
1986-cı ildə Kür çayı üzərində Zərdab rayonunu Qarabağ bölgəsi ilə birləşdirən böyük körpünün tikilməsi iqtisadi, sosial, ticarət, iaşə və digər xidmət sahələrinin inkşafına geniş imkanlar açdı. Ucardan Zərdaba gələn və körpü vasitəsilə Qarabağ ərazisinə ərazisin keçən yol asfaltlandı. Zərdab-Pirəzə yolunun 22 kilometrinə, bir çox kəndlərin yollarına asfalt döşəndi.
Zərdab şəhər əhalisinin rahat həyat şəraitini təmin edən qazlaşma başa çatdırıldı, sənaye təməli üzərində tikilmiş pambıqtəmizləmə, süd emalı və kərpic zavodları istifadəyə verildi.
Təəssüf ki, tikintisinə sürətlə başlanılmış və bir xeyli iş görülmüş şəhərin əsaslı kanalizasiya sisteminin sonrakı illər tikintisi yarımçıq qaldı. Böyük əziyyətlər hesabına razılığı alınmış Ucar-Zərdab dəmir yolunun çəkilişi unuduldu. Bu tikililərin Zərdab rayonu nə qədər həyati əhəmiyyətə malik ola biləcəyini izah etməyə ehtiyac yoxdur.
Amma hər halda o illər Zərdab rayonunun tarixinə unudulmaz səhifələr kimi yazıldı. Həmin illərdə SSRİ rəhbərliyində ən məsul vəzifədə çalışan xalqımızım ümummilli lideri Heydər Əliyevin böyük qayğısı sayəsində kiçik Zərdab rayonu böyük nailiyyətlər əldə etməklə respublikamızın sayılıb-seçilən rayonları sırasına çıxdı.
Yuxarıda qeyd olunan uğurlarda şübhəsiz ki, Zərdab suvarma sistemləri idarəsinin də mühüm rolu olmuşdur və ona görə də bu barədə ayrıca danışmağa dəyər.
Zərdabda suvarmanın mexaniki üsulla sistemli təşkili 1930-cu illərə təsadüf edir. Bu idarə 1940-cı ilə qədər rayon Maşın Traktor Stansiyasının (MTS) nəzdində şöbə kimi fəaliyyət göstərmiş, 1940-cı illin yanvarından Zərdab Rayon Mexaniki Suvarma Sistemləri İdarəsi yaradılmışdır. 1993-cü ildən isə bu təşkilat Zərdab Suvarma Sistemləri İdarəsi kimi fəaliyyətdədir.
Əsrlər boyu rayonda suvarma qurğuları olmayıb və əhali əkinlərini sel suları vasitəsilə suvarıb. Kür çayında və Türyançayda sahil mühafizə bindləri olmadığı üçün daşqınlar zamanı çay öz məcrasından çıxır və ətraf ərazilər sel suları altında qalırdı. Su çəkildikdən sonra insanlar çökəkliklərdə bostan-tərəvəz əkib-becərirdilər. Bəndlər yaradılandan sonra daşqın zamanı sudan istifadə etmək üçün bəndlərdə taxtadan suburaxıcı şlüzlər quruldu və suvarma kanalları çəkilməyə başlandı.
Fəaliyyətə başladığı ilk illərdə idarə işçilərinin sayı 32 nəfər olmuş və 510 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmişdir. Bu məqsədlə mənbəyi Kür çayı olmaqla rayonun Bıçaqçı, Körpükənd, Qoruqbağı, Qaravəlli kəndlərində və rayon mərkəzi Zərdabda mazutla işləyən 5 ədəd nasos stansiyası qurulmuşdur. İlk nasos stansiyaları 131-91 at gücündə olan “Krasne” və “Dangen” tipli mühərriklərlə işləmişlər.
1956-cı ildə idarənin işçiləri 78 nəfər olmuş və 10 nasos stansiyası 4800 hektarı su ilə təmin etmişdir.
1974-cü ildə idarənin işçiləri 212 nəfər olmaqla, 24 nasos stansiyası ilə 6100 hektar sahəni su ilə təmin etmişlər. 1979-cu ildə isə idarə 612 nəfər işçi və 48 nasos stansiyasi ilə 32 min 780 hektar sahəyə su vermişdir.
1980-ci ildə 32 min 780 hektar sahə 680 nəfər işçi və 52 nasos stansiyasının vasitəsilə suvarılmışdır. 1982-ci ildə Laçın rayonunun qış yataqlarının ərazisi də daxil olmaqla idarə 716 nəfər işçi və 62 nasos stansiyasının vasitəsilə 37 min 420 hektar sahəyə xidmət göstərmişdir. Bu nasos stansiyalarından 12 ədədi elektrik enerjisi ilə işləyirdi. 1991-ci ildə idarə 670 nəfər işçi və19 elektrik, 37 dizel nasos stansiyasının gücü ilə 33 min 450 hektar sahəni suvarma suyu ilə təmin etmişdir.
2010-cu ildə artıq idarə 35 min 575 hektar sahəyə 438 nəfər işçi və 72 nasos stansiyasının gücündən istifadə etməklə xidmət göstərir ki, bunlardan 54-ü elektrik enerjisi, 18 dizel yanacağı ilə işləyir.
Rayon ərazisində ilkin meliorasiya işlərinə 1961-ci ildə Kür çayı boyunca başlanmaqla, 25 min hektar sahədə 54 milyon manatlıq iş görülməsi nəzərdə tutulmuşdur.
Həmin illərdən rayonun suvarılan əkin sahələri artmağa başlanmışdır. Bu işlər 1990-cı ilə kimi davam etdirilmiş və rayonun 28 min 530 hektar ərazisində meliorasiya işləri aparılmışdır. Bu ərazilərdə 469,1 km açıq sutoplayıcı, 498,2 km açıq dren, 688,3 km qapalı dren tikilərək torpaqlar şordan təmizlənmişdir. Bu qurğular vasitəsilə atılan sular Baş və Aşağı Şirvan kollektorlarına tökülür. Belə ki, rayonun Alıcanlı, Çallı və Məlikumudlu kəndləri baş Şirvan kollektoru, qalan kəndləri isə Aşağı Şirvan kollektoru vasitəsilə şor suları ərazilərindən xaric edirlər. Aşağı Şirvan kollektorunun 75 km-lik hissəsi Zərdab rayonunun ərazisindən keçir. Bundan başqa rayon üzrə 398,1 km torpaq kanal, 343,7 km beton kanal, 97,3 km nov kanallar, 3,8 km boru şəbəkəsi tikilib istifadəyə verilmişdir. 168,2 km suvarma kanalı meliorasiya olunmamış ərazilərə xidmət edir. Rayon üzrə ümumilikdə 1011,1 km suvarma kanalları, 696 ədəd hidrotexniki qurğu, 102 ədəd hidropost mövcuddur ki, onların istismarını və texniki xidmətini Zərdab Suvarma Sistemləri İdarəsi həyata keçirir.
2006-2009-cu illər ərzində rayonda “Azərbaycanda suvarma paylayıcı sistem və onun idarə olunmasının təkmilləşdirilməsi” layihəsinə əsasən 18 sudan istifadə edənlər birliyi yaradılmışdır. Layihənin meyarlarına bütünlüklə cavab verən “Gəlmə” və “Kəndəbil” SİB-lərinin ərazilərində Azərbaycan hökümətinin vəsaiti hesabına 1,9 milyon manatlıq suvarma-drenaj infrastrukturunun təmir-bərpa işləri görülmüşdür.
İdarənin rəisi vəzifəsində 1948-1956-cı illərdə Əliyev Karrar Hüseyn oğlu, 1956-1974-cü illərdə Qəribov Sabir Qərib oğlu, 1974-1979-cu illərdə Zeynalov Zülfü Abdı oğlu, 1970-1980-ci illərdə Əhmədov Əhməd Əhməd oğlu, 1980-1982-ci illərdə Eyvazov Sahib Xəmməd oğlu, 1982-1991-ci illərdə Vəliyev İbrahiməli İbrahimxəlil oğlu, 1991-ci ilin avqust-oktyabr aylarında Quliyev Tahir Tofiq oğlu, 1991-1995-ci  illərdə Zeynalov Zülfü Abdı oğlu işləmişlər.
1995-ciillin iktyabrından hal-hazıra kimi Sadıqov Soltan Cabbar oğlu idarənin rəisi vəzifəsində işləyir. Onun rəhbərlik etdiyi müddətdə nasos stansiyalarda köhnə tipli nasosların yeni, daha məhsuldar nasoslarla, dizel yanacağı ilə işləyən mühərriklərin isə istismarı asan və qənaətli olan elektrik mühərrikləri ilə əvəz edilməsinə nail olunmuş, suvarma kanallarının rekonstruksiyası həyata keçirilmiş, əkin sahələrinin suya tələbatı tam ödənilmişdir. Görülən işlərin nəticəsi olaraq rayon üzrə əkin dövriyyəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı əvvəlki illərlə müqayisədə xeyri artmışdır.
Bu xidmətlərinə görə S. Sadıqov ölkəmizdə ilk dəfə qeyd olunan Meliorator Günü Respublika Prezidentinin 4 iyul 2007-ci il tarixli 2209 saylı sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Respublika iqtisadiyyatının dinamik inkişafı Zərdab Suvarma Sistemləri İdarəsinin maddi texniki-bazasını da xeyil gücləndirib. Təkcə son 3 ildə idarəyə 1 ədəd “Komatsu”, 3 ədəd “Hunday”, 1 ədəd “Belarus” markalı özüyeriyən, 1 ədəd çalovunun tutumu 1 kubmetr olan draklayın ekskavator, 210 at gücündə 1 ədəd buldozer verilmişdir ki, bu da suvarma kanallarında lildən təmizləmə işlərinin vaxtında və keyfiyyətli aparılması üçün zəmin yaradır. Bundan başqa idarəyə 3 ədəd UAZ fermer, 1 ədəd Şevrolet-Niva xidmət avtomobilləri də verilib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Azərbaycanın regionları” statistik məcmuəsində qeyd edilir ki, 2009-cu ildə Zərdab rayonu üzrə istehsal ədilən ümumi məcmu məhsulun 62,2%-ni kənd təsərrüfatı malları təşkil edir. Rayonda heyvandarlıq, bitkiçilik, taxılçılıq, tərəvəz, bostan, məhsulları istehsalı ildən-ilə çoxalır.
Əkin sahələrinin genişləndirilməsi bitkiçilik məhsularının istehsalının əsaslı şəkildə artmasına təminat yaratmışdır. Belə ki, 2008-ci ilə Zərdab rayonunda 2000-ci ilə nisbətən kartof istehsalı 4,65 dəfə, taxıl tədarükü – 2,5 dəfə, buğda – 2,1 dəfə, bostan məhsulları 135,8%, tərəvəz – 126,1%, meyvə və giləmeyvə – 104,7% artmış, yalnız üzüm istehsalı 75,9% azalmışdır. Təhlil dövründə hər hektardan yığılan kartofun sentneri 3,1 dəfə, bostan məhsulları – 2,3 dəfə, taxıl – 118,8% artmış, tərəvəz və bostan məhsularının sentneri xeyli azalmışdır. Zərdab rayonunda maldarlıq sahəsində işlər ildən-ilə intensivləşir.
Belə ki, 2000-2008-ci illərdə rayonda iri buynuzlu mal-qaranın sayı 110,8%, qoyunların və keçilərin sayı – 134,4% artmışdır. Lakin buna baxmayaraq, ət istehsalı – 28,3% azalmışdır. 2008-ci ildə rayonda 21,6 min ton süd istehsalı edilmişdir ki, bu da 2000-ci illə müqayisədə 127,2% artım deməkdir. Həmin dövrdə rayonda yumurta istehsalı 133% artaraq – 7,7 mlyn. ədədə çatdırılmışdır.
2009-cu ildə rayonda 189 hektar kartof, 243 hektar tərəvəz, 290 hektar bostan 13 hektar qarğıdalı əkilmişdir. 19 min 163 hektar payızlıq taxıl sahəsindən 40 min 486 ton buğda, 11 min 896 ton arpa, cəmi 52 min 382 ton taxıl istehsal edilmiş, hər hektardan 27,3 sentner məhsul toplanmışdır. 2008-ci ilə nisbətən hər hektardan məhsuldarlıq 0,2 sentner artmış, məhsul istehsalı 12 min 255 ton çox olmuşdur. Rayonda adambaşına orta hesabla 774 kq buğda düşür ki, bu da respublika üzrə ən yüksək göstərici hesab olunur.
Taxıl istehsalındakı rekord göstəricilərdə dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə subsidiyaların verilməsinin xüsusi rolu olmuşdur. Mövcud 13 min 848 hektar yonca sahəsindən 103 min 304 ton qaba yem, 189 hektar kartof sahəsindən 3228 ton kartof, 243 hektar tərəvəz sahəsindən 3399 ton tərəvəz, 290 hektar bostan sahəsindən 9026 ton bostan məhsulu istehsal edilmişdir.
Torpaqların münbitliyinin artırılması üçün mülkiyyətçilər pay torpaqlarına 78 min tondan çox üzvi gübrə daşınıb verilməsini təmin etmişlər. “Aqrolizinq” ASC Zərdab filialının xətti ilə mülkiyyətçilərə 143 ton gübrə satılmışdır. Vələmir və yabanı alaq otlarına qarşı mübarizə aparılması məqsədilə mülkiyyətçilərə herbisidlərin verilməsi təmin olunmuşdur.
Məhsul istehsalçılarını, xüsusən taxılçıları yüksək reproduksiyalı toxum materialı ilə təmin etmək məqsədilə rayonda 16 özəl toxumçuluq təsərrüfatı yaradılmışdır. Onlardan 14-də 2008-ci ilin payızında 770 hektar sahədə yüksək reproduksiyalı arpa və buğda toxumu əkilmiş, həmin sahələrdən fiziki çəkidə 2111 ton toxum istehsal edilmiş kondisiyalı çəkidə 1924 ton arpa və buğda toxumu hazırlamış, fiziki və hüquqi şəxslərə satılması təşkil edilmişdir. Rayon üxrə hər hektardan 27,3 sentner taxıl istehsal edildiyi halda, özəl toxumçuluq təsərrüfatları hər hektardan 33,3 sentner taxıl tədarük etmişlər ki, bu da rayon göstəricisindən 6,1 sentner çoxdur. 2009-cu ildə rayonda rekord həcmdə – 52 min 382 ton taxıl istehsal edilmişdir.
Heyvandarlığın inkişafı və heyvandarlıq məhsularının emal edilməsi məsələsi hən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2009-2013-cü illər), həm də əhalinin ərzaq məhsuları ilə etibarlı təminatına dair Dövlət Proqramında mühüm yer tutur. Son illər payız-qış mövsümündə mal-qaranı qaba və qüvvəli yemlə təmin etmək üçün yonca və arpa əkini sahələri genişləndirilmişdir. İribuynuzlu və xırdabuynuzlu malların sayı xeyli artmışdır. 2009-cu il 1 oktyabr tarixinə iribuynuzlu malların sayı 784 baş artaraq 52 min 469 baş, qoyun-keçilərin sayı 2464 baş artaraq 106 min 090 baş, quşların sayı 3500 baş artaraq 173 min 500 baş olmuşdur. Keçən ilə nisbətən ət istehsalı 16,2 ton artaraq 2491 ton, süd istehsalı 195 ton artaraq 16 min 127 ton, yumurta istehsalı 76 min ədəd artaraq 5 mlyn 840 min ədəd olmuşdur. Yun istehsalı 157,7 ton olmuşdur ki, bu da keçən ilə nisbətən 3,4 ton çoxdur. Fərdi təsərrüfatlarda quşçuluğun inkişaf etdirilməsi məqsədilə “Turac” MMC bu il 6700 ədəd yumurta inkubasiya edərək əhaliyə satmışdır.
Südçülüyün inkişaf etdirilməsi məqsədi ilə yerli inək-camışların cins tərkibinin dəyişdirilməsi və damazlıq heyvanların artırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Bələdiyyələrin ərazisində göl balıqçılığının inkişaf etdirilməsi üçün əlverişli şərait yaranmış və balıqçılığın inkişaf etdirilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir.
Arıçılığın inkişaf etdirilməsi üçün rayonda təbii iqlim şəraitinin olmasını nəzərə alaraq 2008-2015-ci illərdə arı təknələrinin sayının 410 ədəd çatdırılması proqnozlaşdırılmışdır. 2009-cu il 1 oktyabr tarixinə Burunlu, Məlikli, Körpükənd, Birinci Alıcanlı, Pərvanlı, Siləyli, Kəndəbil, Məlikumudlu, Şahhüseynli, Çallı və Zərdab bələdiyyələrində fiziki şəxslər tərəfindən 200 arı ailəsi yaradılmışdır.
Torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatının optimal müddətlərdə həll edilməsi suvarma-drenaj şəbəkələrinin normal işləməsindən bilavasitə asılıdır. Hazırkı Dövlət Proqramında Zərdab rayonunda suvarma-drenaj şəbəkələrinin bərpası nəzərdə tutulmuşdur. Suvarma sistemləri idarəsinin balansında olan suvarma-drenaj şəbəkələri,  kollektor-drenaj şəbəkələrinin bərpası və yenidən qurulması işlərinə başlanmış və indiyədək 1 milyon 470 min manatlıq iş görülmüşdür.
Məlikumudlu, Qızlıq-Qobu, Alıcanlı, Şahhüseynli, Qoruqbağı, Seyidli kanalarında 220 metr məsafə lildən təmizlənmiş, 28 ədəd hidrotexniki qurğu, 3 ədəd hidropost təmir olunmuşdur. Şəftəhal-Seyidlər, Dəli Quşçu-Qoşaoba, Məlikli B-1, B-2 latok kanallarının 4,2 km hissəsi əsaslı təmir edilmişdir. Zaporojye-1 nasos stansiyası Kür çayının sahilindən çıxarılmaqla daha məhsuldar nasosla əvəz edilmiş, 9 nasons stansiyasında sa nasosları əsaslı təmir edilmiş və “Kater-1606” gəmisində 3D6 markalı mühərriklərin təmiri başa çatdırılmışdır.
Rayon üzrə meliorasiyaya ehtiyacı olan 7200 hektar torpaq sahəsində meliorasiya işlərinin aparılması, irriqasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar suvarma sistemləri idarəsi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edilmişdir.
Kür çayı boyunca Sarıqaya kəndi ərazisində 300 metr məsafədə bəndin yeri dəyişdirilmiş, Lələağacı kəndi ərazisində 400 metr məsafadə bəndin yamacı əsaslı təmir olunmuşdur. Həmin bəndlərdə qayakəsmə işləri aparılmış, Sarıqaya kəndi ərazisində beton məmulatı ilə sahilbərkitmə işləri görülmüşdür. Siləyli və Alıcanlı kəndləri ərazisində Türyançay çayının sol və sağ sahilində 20 km məsafədə çayın məcrası təmizlənmiş və bəndlər təmir edilmişdir.
Azərbaycan Respublikasının iqtisadi siyasəti hər şeydən əvvəl sosial yönümlüdür. Yəni həyata keçirilən bütün tədbirlər insanların sosial rifahının yüksəldilməsinə yönəldilmişdir. Əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən də müəyyən tədbirlər həyata keçirilmişdir.
2009-cu ilin əvvəlində rayon üzrə uçotdan olan 7675 nəfər əmək pensiyaçısının orta aylıq pensiya məbləği ilin əvvəlinə nisbətən 28 manat və ya 50% artaraq 87 manat olmuşdur. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyəti başladığı 2006-cı il yanvarın 1-dən etibarən əmək pensiyalarının baza hissəsi davamlı olaraq artırılmış, 25 manatdan 75 manata çatdırılmışdır.
Rayon elektrik təsərrüfatında əhalini və iqtisadiyyatı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün təmir və xidmət işlərinə diqqət artırılmışdır.
Şəhər təsərrüfatının inkişafı etdirilməsi istiqamətində xeyli iş görülmüş, Heydər Əliyev və Zərdabi parklarında, Şəhidlərin Xatirə parkında, Sahil parkında, şəhərin küçələrində abadlıq, təmir yaşıllaşdırma işləri aparılmışdır. Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M. Hüseyn, S. Abdullayev, Nizami, M. Xəlilov, Rəsulzadə, Ş. Şükürov küçələrindən və Heydər Əliyev prospektində uzunluğu 25km, həcmi 5 min kubmetr olan kanalların təmizlənməsi, keçidlərin açılması işləri görülmüşdür.
Rayonda sənaye və kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya xidmətlərinin  yaxşılaşdırılması, meliorasiya və irriqasiya, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması ilə bağlı tədbirlər həyata keçirilmişdir və keçirilməkdə davam edir. Qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi ölkəmizi, o cümlədən də Zərdab rayonunu yeni zirvələrə aparacaq.
Rayonda kənd təsərrüfatının və sənayenin inkişafında enerji daşıyıcıları ilə təminat müstəsna rol oynayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə əlaqədər rayonun yanacaq və enerji ilə təminatı xeyli da yaxşılaşmışdır.