Doğum günündə şəhid olan Zərdablı igid – Baş leytenantımızı tanıyaq

0
abbasov-agaqardas-ilham-oglu-zerdab-huseynxanli

İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərən igidlərimizin sayı minlərlədir. Onların arasında Zərdab rayonundan olan qəhrəmanların da sayı kifayət qədərdir.

Zerdab.com saytı Vətən müharibəsində şəhid olan igidlərimiz barədə məlumatların oxucularımıza çatdırılması ilə bağlı yeni layihəyə başlayır.

İlk olaraq Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri – baş leytenant Abbasov Ağaqardaş İlham oğlu barədə məlumat verəcəyik.

Baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olmuşdu.

O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz bir neçə ay sonra ata olmağa hazırlaşırdı.

Oxuduğu Hüseynxanlı kənd ümumi orta məktəbində təlim-tərbiyə nəticələri yüksək olan “IX” sinif isə baş leytenant Ağaqardaş Abbasovun adını daşıyacaq.

Məktəbdə igid şəhidimizin adına “Qürur güşəsi” də yaradılıb.

Məzunları Vətən müharibəsində şəhid olan digər məktəblərdə də müvafiq tədbirlər Zərdab Rayon Təhsil Şöbəsinin əmri və tövsiyələri əsasında icra olunmaqdadır.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen + 6 =