Millət vəkilimiz bu dəfə də dediyini etdi – Fotolar

0
28

Zərdabın Qoruqbağı kəndində çətin şəraitdə yaşayan Mehdiyevlər ailəsinin evi təmir olunub.

Məlumat üçün bildirək ki, sözügedən ailə imkansız olduğu üçün yaşadığı evi təmir etdirə bilmirdi.

Bir müddət öncə millət vəkilimiz Jalə Əliyeva sözügedən ailənin evində olmuş və təmir üçün imkan daxilində yardım olunacağını bildirmişdi.

Mehdiyevlər ailəsinin evinin təmiri ilə bağlı millət vəkili Jalə Əliyeva özünün sosial şəbəkədəki səhifəsində də paylaşım edib:

“Zərdabın Qoruqbağı kəndində Mehdiyevlər ailəsinin evini söz verdiyimiz kimi, sentyabr ayında təmir etdirdik. Lakin məlum hadisələrə görə – torpaqlarımız uğrunda Vətən müharibəsinin getdiyi bir vaxtda bu xəbəri paylaşmağı lazım bilmədik. Həmin günlərdə hamımız bir amala xidmət edirdik! Vətənimizin bütövlüyü və Qələbə əzmi ilə yaşayırdıq. Hamımız əsgərlərimiz, ordumuz üçün dua edirdik. Tanrı səsimizi eşitdi. İndi artıq o torpaqlarda quruculuq işləri gedir. Bu rəsimlərdə gördüyünüz evi isə xeyirxah insanların köməyi ilə biz təmir edib, Müxalif qardaşımızla Validə bacımıza, onların üç övladına hədiyyə etdik. Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri – millət vəkili Jalə Əliyeva, Seymur Bayramov, Nüsrət Məlikov, o cümlədən həmyerlilərimiz iş adamları Vəfa Muradzadə, Ramil Mehdiyev və millət vəkili Elnur Allahverdiyev. Bunu da qeyd edək ki, iyul ayında elə bu heyətlə rayona səfərimiz vaxtı daha bir ailənin də ev problemini həll etmişdik. Rayonun Lələağacı kəndindən Cavadovlar ailəsini, yuxarıda adı çəkilən şəxslərin maddi dəstəyi və Rayon İcra Hakimiyyətinin də yardımı ilə yeni evə köçürmüşdük. Xeyirli, uğurlu olsun. Yardımlaşma gözəldir. Ancaq sadəcə klaviatura başında yox. Vətənpərvərlik gözəldir. Ancaq sadəcə kompüter arxasında yox. Başqasından hesab soruşarkən, kaş bir də əlimizi vicdanımıza qoyub özümüzdən soruşaq: bəs mən nə etmişəm?”