“Onları bütün Azərbaycana, dünyaya tanıtmaq və xatirələrini əziz tutmaq borcumuzdur!” – Millət vəkilimiz ATV kanalına təşəkkür etdi

0
26

Azad Azərbaycan Televiziyası – ATV telekanalının rəhbərliyi, “Bizimləsən” verilişinin yaradıcı heyəti mütəmadi olaraq işıqlandırdıqları 2783 nəfər Vətən müharibəsi şəhidlərinin içərisində yer alan Zərdablı və Ucarlı qəhrəman oğullar haqqında veriliş hazırlanması ilə bağlı təklifimizi qısa zamanda müsbət cavablandırdı.

Dəvətimizi qəbul edib, sabah Zərdaba-şəhid ailələri ilə görüşməyə, bu igid oğullarla bağlı xatirələri dinləməyə, evlərində çəkiliş aparmağa gəlirlər.

Xahişimizi yerə salmadıqlarına görə, o müqəddəs oğulların qarşısında az da olsa borcumuzdan çıxmaqda yardımçı olduqlarına görə ATV kanalına, şəxsən dəyərli teleaparıcımız Zaur Baxşəliyevə və ATV kanalının rəhbəri Azər Xəlilova sonsuz təşəkkürlərimi bildirirəm.

Gözü yaşlı, amma qürurlu olan şəhid atası, şəhid anası! Qarşınızda baş əyirəm!

Ən çətin dəqiqələrinizdə təsəlli etmək üçün Sizinlə danışdığım zaman təsəlli verməyə çətinlik çəkirdim.

Sizi təskin etməyə söz tapmırdım. Amma mənim edə bilmədiyimi Siz edirdiniz!

Böyük acınızın qarşısında əyilməyərək, qürurla “Vətən sağ olsun” deyirdiniz. Minnətdarlığınızı bildirirdiniz.

Bu gün də söz tapmıram, Mahiyyə ana, Həqiqət ana, Göyçək ana, iki Rəna ana, Əzizə ana, Dilbər ana, Nüşabə ana, Raqub ata, Qədir ata, Bayraməli ata, Nazim ata, İlham ata, Mirzəağa ata!

Sizin fədakarlığınız, dəyanətiniz qarşısında biz nə etsək azdır. Vaqif ata, sənin də ruhun şad olsun! Oğluna-şəhid olan oğlun Turana qovuşdun.

Bircə Tehran atayla, Rəna ananı-şəhid İlkin Ağayevin valideynlərini təskin edə bilməmişəm… Bütün cəhdlərim təəssüf ki, boşa çıxıb…

Sizin övladlarınızı-İbrahimləri, Rəhimi, Faiqi, İlkini, Anarı, Ağaqardaşı, Turanı və minlərlə oğlumuzu bundan sonra bütün Azərbaycanımıza, dünyaya tanıtmaq və onların xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur!

İnşallah, yaxın zamanlarda Ucarlı şəhid oğullarımızın da ailələrini yad edib, kameraların diliylə onları hər kəsə tanıdıb, ruhlarını sevindirəcəyik!

Nur içində yatın, əziz şəhidlər!

Jalə ƏLİYEVA,

Millət vəkili