Mərdan Camalzadə Zərdabın icra başçısı təyin olunandan sonra nə dəyişdi, nə dəyişmədi? – ŞƏRH

1

Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Mərdan Camalzadə Zərdab rayonuna yeni icra başçısı təyin olunandan sonra rayonumuzun həyatında yeni mərhələ başlayıb.

Nədir bu mərhələ?

Əvvəla, Zərdabda illərlə davam edən və müəllimləri, həkimləri, bələdiyyə və icra nümayəndəliklərini əhatə edən xoşagəlməz bir “iş sistemi” tamamilə yox edilib. Söhbət müəllimlərin, həkimlərin, icra nümayəndəliklərində çalışanların maaşlarına göz dikilməsi kimi çirkin bir “iş sistemi”ndən gedir…

Artıq müəllim müəllimliyi ilə, həkim həkimliyi ilə, icra nümayəndəliyində çalışan öz işi ilə məşğuldur və məşğul da olmalıdır.

Mərdan Camalzadə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da, o cümlədən Zərdab rayonunda da koronavirus pandemiyası başladı.

Dünyanın koronavirus bəlası bütün sahələrə öz təsirini göstərdi, karantin rejimi tətbiq edildi və Azərbaycanda əsas diqqət virusla mübarizə, əmək şəraitinin bu problemə uyğunlaşdırılmasına yönəldildi.

Bütün bunlara baxmayaraq, rayonumuzda da müəyyən işlər görüldü və proses davam edir.

Bir neçə gün öncə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Gülağa İsgəndərovun ad günü münasibəti ilə etdiyim paylaşımda da yazmışdım – məncə, Mərdan müəllimin rayonumuzda fəaliyyətə başladığı müddət ərzində kadr təyinatı ilə bağlı ən böyük islahatı təhsil sisteminə rəhbərliyə məhz həmin şəxsi təyin etməsi oldu.

Gülağa müəllim cəmiyyətə açıq, istər valideynləri, istər müəllimləri, istər təhsilə aid şikayəti olan istənilən şəxsi dinləməyi bacaran və problemini həll edə bilən insandır.

İnşallah, pandemiya tam aradan qalxandan sonra bunu daha qabarıq hiss edərik.

Mərdan müəllimin kadr islahatı təkcə bununla kifayətlənməlidirmi? Fikrimcə, yox. Amma bunun üçün yəqin ki, zamana ehtiyac var. Əvvəllər idarə müdirlərindən işdən çox nə tələb olunduğu hər kəsə yaxşı məlumdur. Ona görə də onların çoxu əllərində bunu əsas tutaraq günlərini keçirirdilər və bəlkə də həmin sistem onların bəzilərinə daha çox sərf edirdi…

Ümumiyyətlə, onu da qeyd etmək yerinə düşər ki, bu təkcə indiki icra başçısından asılı olan məsələ də deyil, yəni Prezident son zamanlar etdiyi çıxışlarda da məmurlardan konkret iş, nəticə tələb edir. Əgər icra başçısından nəticə tələb olunursa, təbii ki, o da idarə müdirindən bunu tələb etməlidir və edəcək də…

Zərdabda kadr təyinatlarından söz düşmüşkən, məncə, Mərdan Camalzadənin rayonumuza İcra Hakimiyyətinin başçısı təyin olunması Zərdabın illərlə “Azərbaycanın ən unudulmuş rayonu”, “Azərbaycanda belə rayon var?”, “Zərdab inkişaf baxımından çox geridə qalıb” kimi oturuşmuş fikirlərdən xilas olması üçün bir fürsətdir.

Niyə?

İzah üçün kiçik bir müqayisə aparaq. Zərdabın əvvəlki icra başçısı öncə Mingəçevir şəhərinin İcra Hakimiyyəti başçısı təyin edilmişdi. Amma heç uzun illər işləməmişdi ki, vəzifəsindən azad edildi və Zərdaba başçı təyin olundu.

Həmin dövrdə bu təyinatla bağlı bir çox qalmaqallı fikirlər yayıldı və mən buna toxunmaq istəmirəm.

Lütvəli Babayevin dövründə Zərdabda heçmi iş görülmədi?

“Yox” desək, qərəzli olarıq. Əlbəttə, işlər görülürdü, amma ümumi vəziyyət tamam başqa idi…

İndiki icra başçımız isə 2005-ci ildən 2019-cu ilədək Şirvan Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib.

Mərdan müəllimin dövründə Şirvan şəhəri abadlaşıb, inkişaf edib, quruculuq işləri geniş vüsət alıb, yeni parklar salınıb, sosial obyektlər tikilib, zavodlar, fabriklər açılıb.

Fikrimcə, böyük bir şəhəri uzun illər idarəetmə təcrübəsi olan bir şəxs üçün Zərdab kimi nisbətən kiçik bir rayonu inkişaf etdirmək, insanların mümkün qədər qeydinə qalmaq, yeni iş yerlərinin açılmasını təşviq etmək çətin olmamalıdır.

Yeri gəlmişkən, başçısımızın insanpərvərliyi, diqqəti, alicənablığı haqqında insanlardan tez-tez eşidirik.

Şəhid anasını öz hesabına əməliyyat etdirməsi, qaldırılan məsələlərə diqqət göstərməsi, edilən müraciətlərə xüsusi həssaslıq göstərməsi çox müsbət haldır və rayonundan uzaqda yaşayan, ancaq baş verənləri kənardan çox diqqətlə izləyən, tez-tez rayondan zənglər alan, rayonun sosial şəbəkədəki ən aktiv səhifələrindən birinin sahibi olan şəxs kimi məni düşündürməyə bilməz…

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, rayonumuzda abadlıq-quruculuq işləri aparılıb və aparılır. Rayonumuzda ümumi sahəsi 1.1 hektar olan Həsən bəy Zərdabi parkının yenidən qurularaq istifadəyə verilməsi bizi hər bayramda rayona gedəndə uşaqları gəzməyə Ağcabədiyə aparaq kimi bir “adətdən” yəqin ki, xilas edəcək.

Parkda sahəsi 500 kvadratmetr olan uşaq əyləncə mərkəzi yaradılıb, 200 kvadratmetrlik fontan kompleksi inşa edilib. Milli mətbuatımızın banisi, təbiətşünas alim Həsən bəy Zərdabinin heykəlinin postamenti və ətrafı mərmər daşlarla üzlənib.

İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin Heydər Əliyev prospektində uzunluğu 1,2 kilometr olan səkilər yenidən qurulub və yaşıllıqlar salınıb.

Heydər Əliyev parkında yaşıllıqların suvarılması üçün 500 metr uzunluğunda su xətti çəkilib.

Füzuli küçəsində yağış sularının axıdılması üçün 460 metr məsafədə beton kanal tikilib, Heydər Əliyev prospektinə, C.Cabbarlı, M.F.Axundov küçələrinə və 10-cu məhəllədə kommunal əraziyə ümumilikdə 19 min 675 kvadratmetr asfalt örtüyü vurulub.

Ucar-Zərdab-Ağcabədi yolu istifadəyə verilsə də, dayanacaqların tikintisi, işıq dirəklərinin quraşdırılması və s. istiqamətində işlər davam etdirilir.

Bizim hörmətli başçımızın bir maraqlı cəhəti də diqqətimi çəkir.

Görülən işləri təmtəraqlı şəkildə təqdim etdirməyi sevmir.

Məsələn, son dövrlər nə qədər kəndarası yollar müasir şəkildə qurulub, asfaltlanıb, amma xüsusi olaraq qabardılmayıb, sadəcə açılışı olub, vəssalam.

Bir neçə gün öncə sosial şəbəkədə Mərdan müəllimin çıxışının bir videosunu izlədim.

Çıxışında deyir ki, kim bu dünyadan gedəndə yığdığını özü ilə aparıb? Kim var dövlətini gedəndə özü ilə o biri dünyaya aparıb? İnsana qalan onun yaxşı əməlləri, qoyduğu ad-sandır.

Bu çıxışı izləyəndə çox sevindim…

Zərdabda hər şey qaydasındadırmı? Hər yer güllük-gülüstandırmı? Təbii ki, yox. Görüləsi işlər, atılası adımlar hələ çoxdur və biz ümid edirik ki, bunlar mərhələ-mərhələ həll olunacaq.

 Zərdab aqrar sahədə ixtisaslaşan, özünəməxsus ənənələri olan bir rayondur və görüləcək hələ çox iş var.

Ən böyük və əsas arzumuz insanlarımızın işlə təmin olunması, kəndlinin öz əkdiyi, biçdiyi hesabına dolanmasının təmin edilməsi, yeni iş yerlərinin açılmasıdır.

Əlbəttə, şərh olunası, toxunulası mövzular çoxdur.

Elə işlər də var ki, o barədə öncədən şərh vermək doğru olmaz, çünki hər şey zamanla aydın olacaq…

Hər bir rayon sakininin, harada yaşamasından asılı olmayaraq, əslən Zərdabdan olan hər bir şəxsin arzusu Zərdabın inkişafıdır.

Məsələn, hamımız arzulayırıq ki, rayonumuz heç olmasa, qonşu Ağcabədi rayonu ilə ayaqlaşa bilsin.

Ağcabədi ilə Zərdab arasında məsafə bir neçə kilometr olsa da, inkişaf fərqi daha böyük olmasın…

İnanırıq ki, uzun illər böyük bir rayona rəhbərlik etmiş Mərdan müəllim bu istiqamətdə böyük işlər görəcək.

Biz də bu işdə əlimizdən gələn qədər ona dəstək olmalıyıq…

Təkcə tərifləməklə? Əlbəttə ki, yox, həm də problemləri göstərməklə.

İşiniz avand olsun, Mərdan müəllim. İnanırıq ki, sizin timsalınızda Zərdabımızın CAMALI çox gözəl olacaq.

Zerdab.com

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight + twelve =