Aldığı kontuziya nəticəsində danışığını itirmiş Zərdablı qazinin dili açıldı

0
26
zerdab-qazi-tebrik

Aldığı kontuziya nəticəsində danışığını itirmiş Zərdablı qazi Təbriz Əlizadənin dili açılıb. Zerdab.com saytı xəbər verir ki, millət vəkili Jalə Əliyeva bir az əvvəl Təbrizlə telefonla danışdığını bildirib: “Bəli, səhv eşitmədiniz! TƏBRİZ DANIŞIR! Mərmi zərbəsi nəticəsində nitqini itirən, kontuziya keçirən Qazimiz Təbriz Əlizadədən xəbər gözləyən, ona həssaslıqla yanaşan hər kəsə məlumat verərək demək istəyirəm ki, dünən onun müayinə və müalicəsi ilə bağlı olaraq Müdafiə Nazirinin müavini, general Kərəm Vəliyevlə,Səhiyyə Nazirinin müavini Elsevər Ağayevlə, Hərbi Hospitalın Baş Həkimi Vüqar Mürsəlovla, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Bsş Həkimi Ağahəsən Rəsulovla danışıb, vəziyyətini müzakirə etdik. Hərbi Hospitalda ilkin müayinədən keçirildi. Bu gün səhərdən xəstəxanaya yerləşdirilməsinə qərar verildi. Bunu da deyim ki, Təbriz dünən çox əsəbi idi. Onu hospitala demək olar, yalvararaq, çox çətinliklə aparmışdılar. Açığı, bu gün də eyni səhnəylə qarşılaşacağımızı düşünürdüm. Lakin… Lakin bu səhər tezdən telefonla aldığım xəbər məni inanılmaz dərəcədə sevindirdi və təəccübləndirdi. Yanında olan qaynı, həm də adaşı Təbriz Həmidovun dediyinə görə Təbriz dünən gün boyu xəstəliyi ilə yaxından məşğul olunduğunu, ona çox diqqət göstərildiyini gördükdən və eşitdikdən sonra psixoloji baxımdan xeyli sakitləşib, rahatlanıb. Gecə boyu da yanında aparılan söhbətlər, birbaşa ən yüksək səviyyədə kömək edildiyini eşitməsi və bilməsi sanki ona müsbət təkan verib. Və gözlənilmədən danışmağa başlayıb. Dünən müraciətimizi cavabsız buraxmayan bütün dövlət qurumlarının rəhbərlərinə, xüsusilə də hörmətli generalımız, hər bir əsgərə öz övladı kimi yanaşan, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, dəyərli Kərəm Vəliyevə və Hərbi Hospitalın Baş Həkimi Vüqar Mürsəlova dərin minmətdarlığımızı bildirirəm. Təbriz, ona dəstək olan hər kəsə salam göndərdi”. Bəli, Təbrizin ailəsi ilə görüşdüyü, evinə getdiyi ilk andan etibarən onun vəziyyəti ilə maraqlanan, köməkliyini əsirgəməyən, aidiyyəti qurumlarla saatlarla danışıqlar aparan Jalə xanıma da biz öz növbəmizdə təşəkkür edirik. Bundan başqa, Təbrizin ailəsinə maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edirik.

Allah bütün yaralı qazilərimizə şəfa versin.