Milli Mətbuat 146 – “Əkinçi” qəzetində “kənd əhalisinin fəaliyyəti” adlı xüsusi şöbə də yaradılmışdı…

0
70

Həsən bəy Zərdabi o dövrdə xalqının maariflənməsinin tam şəkildə mümkün olmadığını yaxşı bilir və bu millət fədaisi xalqı ilə danışmaq, sözünü demək, ideyalarının həyata keçirilməsində əsas vəzifə olaraq ana dilində qəzet nəşr etməyin zəruriyyətini qarşısına məqsəd qoymuşdur.

    O dövrdə “doğru söz”ə düşmən olan içtimai quruluşda belə bir proqramla meydana çıxıb qəzet çap etmək asan iş deyildi və nəhayət Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. Bununla da o, həmin tarixdən etibarən Azərbaycan milli mətbuatının əsasını qoymuş olur.

    “Əkinçi” qəzetinin nəşr olunmasında və inkişaf etdirilməsində Həsən bəyin böyük məhəbbət və hörmətlə yanaşdığı silahdaşları Azərbaycanın görkəmli şəxsiyyətləri M.F.Axundov, S.Ə.Şirvani, N. bəy 

Vəzirov, Əsgər bəy Adıgözəlov /Gorani/ və başqalarının böyük xidmətləri olmuşdur. Bəli, Azərbaycanın

 belə  görkəmli ziyalıları “Əkinçi”-nin ətrafında toplaşmışdılar.

Həsən bəy Zərdabi  “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm də qəzetin naşiri, redaktoru, baş məqalənin müəllifi, texniki bir işçisi və korrektoru kimi fəaliyyət göstərmişdir.     “Əkinçi” qəzetinin banisi olan Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq

arasında elm və mədəniyyəti yaymaq, inkişaf etdirmək, yerlərdə əhali ilə təmasda olmaq və onun hərtərəfli tərəqqisinə nail olmaqdan ibarət idi.

    Bu  ideyaların həyata keçirilməsində yalnız qəzetin dilindən istifadə etməyi qarşısına məqsəd qoyan “Her vilayətin qazetesi gerek ol vilayetin ayinesi olsun” deyən Həsən bəy ana dilində “Əkinçi” başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna göndərdiyi yazışmalardan, ağır əzab-əziyyətdən sonra qəzetin nəşrinə 7 ildən sonra hökumətdən icazə alır.

hesen-bey-zerdabi

    Həsən bəy Zərdabi “Həyat” qəzetinin 1905-ci il 129-cu nömrəsində yazırdı: ”Bizim qubernator general Staroselski, doğrudan xalis rus idi. Ona görə də Qafqazın yerli əhalisini artıq özünə dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.”

    “Revolyusiya i kultura” jurnalının 1939-cu il 6-cı nömrəsində vaxtilə Hənifə  xanım Məlikovanın yazdığı “Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı” məqaləsində deyirdi: “Həsən bəy gələcəyə möhkəm ümid bəsləyir və bu cür arzular içərisində çırpınırdı. O,qəzet çıxarmaq üçün çalışmağa başladı.

Bu qəzet Azərbaycan dilində nəşr olunacaq və kənd təsərrüfatı qəzeti olacaqdır. Qəzetin nəşrinə icazə almaq 7 il çəkdi”..

    Bütün Qafqazda əks-səda doğuran “Əkinçi” Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılmağa başladı. 

    Həsən bəy Zərdabi yazırdı: “Maarifdən,elmdən məhrum bir xalq işıqdan məhrumdur”. (Seçilmiş əsərləri.Bakı,1960,səh.7)

    H.Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrüfatında bir çox məsələlərlə yanaşı kəndlilərə torpağın elmi qaydada əkilib-becərilməsini, torpağın necə və hansı qaydada səmərəli istifadə etmələrinin izahını və şərhini verir.

    Torpağın məhsuldarlığının artırılması yollarını, torpağın keyfiyyətini, məhsuldarlığını və münbitliyini təyin etmək, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması üsulları qaydalarını elmi əsaslarla kəndlilərə başa salır və o, bunun üçün birinci növbədə kompleks torpaq-yerquruluşu tədbirlərinin həyata keçirilməsini  tövsiyə edir.

    Həsən bəy torpağın  şumlanmasının hansı qaydada, nə dərinlikdə aparılmasını praktiki olaraq bir çox yerlərdə həyata keçirmiş və ondan laboratoriya kimi istifadə etmişdir. Beləliklə, həmin dövrdə torpaqların qeyri-elmi istismarı nəticəsində münbitliyinin pozulması səbəbini elmi əsaslarla izah edərək onların münbitliyinin bərpası yollarını göstərmişdir.

O dövrdə H. Zərdabi tam şəkildə torpaqşünaslıq və aqrokimya elmlərinin nəzəri təcrübə məsələlərini kütlələrə yetirir və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tövsiyələr irəli sürür.

    Bütün bunlarla yanaşı Həsən bəy o dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafında torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, emalında və eləcə də müstəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın-mexanizmin, texnikanın inkişafının  və tətbiqinin böyük əhəmiyyətindən, dünya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata keçirilməsi zərurətindən söhbət açaraq zəngin ideya və fikirləri ilə xalqının zəhmətkeş kütlələrinə bir çox məsləhətlərin vacibliyini göstərmişdir.

    Bütün bu məsələləri qəzet vasitəsilə xalqına çatdıran Həsən bəy Zərdabi  “Həyat”qəzetinin 11 dekabr 1906-ci il tarixli 9-cu nömrəsində yazırdı: “Qəzet camaat üçündür. Camaat qəzet üçün deyildir”.

    “Əkinçi” qəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrüfatına dair kəndlilərə səmərəli, elmi, təcrübəvi tövsiyələr verməsin. Bu qəzetdə “Kənd əhalisinin fəaliyyəti” adlı xüsusi şöbə yaradaraq burada çap edilən məsələlərin yerlərə, zəhmətkeş kəndlilərə çatdırılması məhz onun öz elinə, obasına, xalqına bağlılığının və dərin məhəbbətinin təcəəssümdür.

Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq və yoxsulluqdan əzab çəkən insanların acınacaqlı halına dözməyərək “Əkinçi” qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxt gələcəkləri uğrunda mübarizəyə səsləyirdi.

    O, “Əkinçi” qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyərək, oxşayaraq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah torpaq onun dilini bilənindir. Bizim torpaq- bizimdir!”

    Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin saylarının birində ermənilərin naqis əməllərinə ”fitfa” verən 

“Mşaq” qəzetinin redaktoru Arsuziniyə müraciət tərzində belə yazmışdı: “Neçə yuz ildir ki, biz ermənilərlə qonşuluq edirik, indi cənabınıza ayıb deyilmi ki, bizim aramızda ədavət salırsınız?”

    Təbii ki, əqrəb xislətli ermənilərə belə sözlərin təsiri olmazdı. Olmadı da.Mətbuat tariximizdən məlumdur ki, ermənilərin donosu, üzədurmaları nəticəsində “Əkinçi” qəzeti qapanmış, onun naşiri Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdir.

Bildiyimiz kimi, “Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdu. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdur. Lakin, Həsən bəy Zərdabi dərin zəkası və əməlisalehliyi nəticəsində bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşdur.

H.B.Zərdabini maraqlandıran ən qlobal məsələlərdən biri, qeyd etdiyim kimi, Azərbaycanın su problemi olmuşdur. O, bu məsələyə mühüm dövlət işi olaraq çox ciddi fikir vermişdir. Onun su məsələləri ilə bağlı “Torpaq, su və hava” əsərini “Əkinçi” və “Kaspi” qəzetlərində dərc olunan bir sıra məqalələrini, o cümlədən, “Nujda v vode v Vostoçnom Zakavkazye” (“Kaspiy” nöm.114, 2 iyunya 1899) (116), 4 iyunya 1899), «Безводье» («Каспий» (135), 27 июня 1899 г.), «К сельскохозяйственному кризису» («Каспий» (№ 210), 30 сентября 1899 г.), «Артезианские колодцы» («Каспий» №60 1900 г.), «По поводу водворения переселенцев на Муганлы» («Каспий» (№276), 22 декабря 1899 г.), «Водное дело в городе Баку» («Каспий» (№147, 149, 150), 1900), «К водной эпопее» («Каспий» (№70), 28 марта 1901 г.), «К развязке водной эпопее» («Каспий» (№102), 1901), «К вопросу об устройстве гор. Шемахa» («Каспий» (№77), 5 апреля 1902 г.), «К водной эпопее» («Каспий» (№100), 8 мая 1902 г.), «К вопросу о поливке улиц и разведение садов в гор. Баку» («Каспий» (№161), 26 июля; (№162), 27 июля 1902 г.), «К нуждам Bосточного Закавказья» («Каспий» (№15), 1903 г.), «Городские дела» («Каспий» (№41,44,48),1903 г.), «Об omсталости Восточного Закавказья», «Ещё об omсталости Восточного Закавказья»  və digər məqalələrini oxuduqca fikirləşirsən ki, fitri istedad, dərin elmi bilik sahibi olan Həsən bəy vətənini, xalqını nə qədər sevən, xaqlınn dərd-sərinin, sağlamlığının qayğısına qalan olmuş, onun tərəqqi etməsi yolunda yorulmaq bilmədən çalışmışdır.

Bu yolda hər zaman acı sözlərə, təhqirlərə məruz qalan və məhkəmə məsuliyyətinə cəlb olunan, daim hədə-qorxuya məruz qalan Həsən bəy bütün bunlara məhəl qoymadan Dumanın iclaslarında Azərbaycanın su təchizatı ilə bağlı çox mühim aspektlərə toxunmuş, onun həyata keçirilməsi üçün inadkarlıq göstərmişdir.

Çıxışlarında həmişə suvarma suyu və içməli su məsələləri  ilə bağlı elmi,nəzəri, hüquqi və təcrübəvi məsələlərin ədalətli sürətdə həyata keçirilməsi barədə dedikləri Duma protokollarında öz əksini tapmışdır.

O, eyni zamanda, elmi əsərlərində təbii-təsərrüfat sahələrinin suvarılması, sususzluqdan cadar-cadar olan torpaqların suya olan tələbatının aradan qaldırılması məqsədi ilə suvarma kanallarının çəkilməsinin vacibliyini, su ehtiyyatlarından istifadə olunması yollarını göstərmişdir. Bununla yanaşı, kənd əhaləsinin, həmçinin Bakı şəhərinin içməli suya olan tələbatının təmin olunması üçün texniki şərtlərə, normalara əməl olunmasının zərurililiyini daim bildirmişdir.

Həsən bəyin yuxarıda qeyd olunan məsələlərlə bağlı Bakı Şəhər Dumasının iclaslarında ucaltdığı haqq səsini çar hökümətinin məmurları daim boğmağa çalışmış, onun fikrindən daşındırmaq istəmişlər. Dumanın iclaslarında onun iştirakı ilə baxılan, müzakirə olunan məsələlərlə bağlı, Bakı Şəhər Dumasının üzvü olan Zərdabiyə iclas keçirtdikdən sonra rəsmi məktublarla müraciət olunaraq, o, qaldırdığı, tələb etdiyi, müdafiə etdiyi məsələlərdə günahlandırılmış, Dumanın tərkibində üzr istəməsi tələb olunmuş, əks təqdirdə məhkəmə məsuliyyətinə cəl olunacağı ilə ona hədə qorxu gəlinmişdir.

Bu millət fədaisi isə heç bir vaxt mübarizəsindən, inadından dönməmiş, ömrünün sonunadək alovlu çıxışları ilə, elmi əsaslarla, praktiki dəlillərlə onları narahat bir vəziyyətə salmışdır. Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi irsi ilə bağlı araşdırmalar apararkən aşkar etdiyim, ona ünvanlanan belə məktublardan bir neçəsi ilə oxucularmızı tanış etmək yerinə düşərdi. Nümunə üçün 29 Sentyabr 1900-cü il tarixli 8428 nömrəli və 9 Avqust 1901-ci il taixli məktubları diqqətə çatdırırıq (F. № 653. s.1, iş 2).

Tarixi bir fakt olaraq qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Bakı Şəhər dumasında komissiya üzvü kimi fəaliyyəti dövründə mürtəce qüvvələrin təsiri ilə Zağulbanın çirkli su mənbələrindən Bakı şəhər əhalisinə içməli su adı ilə çəkilişi planlaşdırılılan kəmərin çəkilişinə millət fədaisi qəti etiraz səsisini ucaltmış, və həmin məsələnin reallaşmasına imkan verməmişdir. 

Həsə bəy Zərdabi “Воднoе дело вв городе Баку” (“Каспий” (№ 147, 149, 150) 1900) adlı məqaləsində və bu kimi digər məqalələrində, eyni zamanda, Bakı şəhər Dumasının iclaslarında Azərbaycanın, o cümlədən Bakı şəhərinin su təchizatı məsələləri ilə bağlı çox ciddi aspektlərə toxunur, bu problemin həlli yolunda əlindən gələni edirdi.

    Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi. O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər. Duma üzvü Am-barsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, Zuğulbadakı su mənbəyi haqqında sussun…”

    Həsən bəy Zərdabi harada, hansı sahədə işləməsindən asılı olmayaraq doğma Azərbaycanın inki- şafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmişdir. O, su problemləri ilə bağlı Azərbaycanda qarşıya çıxan bir çox qlobal məsələlərin elmi əsaslarla həyata keçirilməsi məqsədilə xalqına öz dəyərli ideya, təklif və tövsiyələrini vermiş, Bakı Şəhər Dumasında real təkliflərlə çıxış etmiş, bu sahədə əsərlər, elmi məqalələr yazmış və onların mətbuat səhifələrində dərc olunmasına nail olmuşdur.

    Millət fədaisi Həsən bəyin səsləndirdiyi ideyalar bu gün müstəqil Azərbaycan Respublikasında öz müsbət nəticəsini verməkdədir. Bunu əyani sübütü olaraq, əsrin ən qlobal layihələrindən olan “Oğuz-Qəbələ-Bakı” su kəmərinin paytaxt Bakı şəhərini içməli su ilə təmin etməsi faktını göstərmək olar.

    Hesab edirəm ki, Azərbaycanın su problemləri ilə bağlı Həsən bəyin göstərmiş olduğu gərgin əməyi, misilsiz xidmətlərini qiymətləndirmək, onun xatirəsini əbədiləşdirmək üçün ölkədə tikintisi başa çatdırılan nəhəng sosial obyektlərdən birinə Zərdabinin adının verilməsi təqdirə layiq hal olardı.

H.B.Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır. 1878-ci ildə isə Zərdabi Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və onun Bakıda qalması lazım bilinmir. Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-cı ildə ailəsi ilə birlikdə öz doğma kəndi Zərdabda yaşayır və Ucar stansiyasında vəkil işləyir və 16 il ərzində bütövlükdə Göyçay qəzasını əhatə edən kəndlərdəki özbaşınalığa, hərc-mərcliyə qarşı mübarizəsini davam etdirir

Zərdabi doğma kəndində yaşadığı dövrdə də, mətbuatdan kənar qalmamış, mütəmadi olaraq tənqidi və digər məzmulu məqalələr yazaraq Tiflisdə nəşr olunan “Kavkaz”, ”Tiflisskiy listok”, ”Novoye obozreniye”, ”Ziya”, Bakıda çıxan “Kaspi” və s.qəzetlərdə dərc etdirmişdir.   

Məlumumuz olduğu kimi,Azərbaycan mətbuatının əsasını qoymuş dahi Həsən bəy Zərdabinin şah əsəri “Əkinçi” bağlansa da sonradan o, ”Həyat”, ”Kəndçi”, ”Kəndli”, ”Azərbaycan kolxozçusu”, ”Azərbaycan kənd təsərrüfatı”, ”Sovet kəndi”, ”Bərəkət” və yenə də “Həyat” adları ilə çap olunmuşdur.

    Sevindirici haldır ki, H.B.Zərdabinin yaratdığı “Əkinçi”nin ənənələrini davam etdirən “Kənd həyatı” qəzeti bu gün aqrar sahədə çalışan fermerlərin iş təcrübəsini, mütəxəssis məsləhətlərini öz səhifə-lərində dərc edir, ”Əkinçi” ənənəsini yaşadır və davam etdirir.

    Heç də təsadüfi deyil ki, artıq bir əsrin astanasında olan “Əkinçi” qəzeti bu gün “Kənd həyatı” qəzetinin 2018-ci ildə 95 illik yubileyinin qeyd olunması münasibətilə mənim redaktorluğumla “kənd həyatı-95” almanaxının çap olunması ”Əkinçi”nin ənənələrinin yaşadılmasından xəbər verir.

    Həsən bəy Zərdabinin elmi irsinə, ictimai-siyasi fəaliyyətinə nəzər yetirdikdə onun Azərbaycanın inkişafı, tərəqqisi, kənd və şəhər sakinlərinin yaşayış, mədəni-məişət sosial şəraitinin yaxşılaşdırılması sahəsindəki fədakarliğı, tarixi xidmətləri gözümüz qarşısında bir xatirə kimi canlanır.

    H.B.Zərdabi Bakı Şəhər Dumasına üzv olaraq fəaliyyət göstərdiyi dövrdə həmişə mürtəce qüvvələrlə üz-üzə gəlmişdir. Burada müxtəlif sahələr üzrə komissiya sədri, komissiya üzvü kimi çalışan Həsən bəy zəhmətkeş xalqın müdafiəçisi və onun hərtərəfli inkişaf etməsinin carçısı olmuşdur.

Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəsinin inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaq görən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azər baycan Milli Mətbuatının 135 illik yubileyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi “Əkinçi”nin, H.B.Zərda binin yubileylərinin daima qeyd ediləcəyinə zəmanət verməklə, “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının ya radıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi, onun ruhunun şad olması deməkdir.

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü