Zərdabda fermada əcnəbi və iki övladı məcburi işlədilirmiş – Hadisənin təfərrüatları

0

Bu günlərdə Kəlbəcərdən olan keçmiş məcburi köçkün Məhəmməd Babakişiyevin Zərdabdakı fermasında xarici ölkə vətəndaşı olan qadını və onun iki azyaşlı uşağını məcburi qul əməyinə cəlb etdiyi üzə çıxmışdı. Və məhkəmə 21-ci əsrdə quldarlıqla məşğul olan bu kəlbəcərli fermeri 7 il azadlıqdan məhrum etmişdi.

Bəs bu əhvalat necə baş verib, həmin xarici ölkə vətəndaşı olan qadın kimdir, o hansı ölkənin vətəndaşıdır və necə olub ki, kəlbəcərli quldarın əlinə düşüb?

Virtualaz.org bu işin təfərrüatlarını öyrənib. Məlum olub ki, həmin qadın Rusiya vətəndaşıdır, Dağıstan sakini Aslixan Askerovadır. O,  12 və 14 yaşlı övladları ilə birgə M.Babakişiyevə məxsus fermada yaşayıb. Onları fermaya özünü Asilxanın əri kimi təqdim edən Yevlax rayon sakini “Ayaz” (əsl adı Taleh olub-red.) adlı şəxs gətirib. Bir müddət “Ayaz” da fermada qalıb, mal-qaraya qulluq edib. Lakin sonradan şəxsiyyət vəsiqəsinin köhnə iş yerində qaldığını, işlədiyi yerə 150 manat borcu olduğu deyib və Aslixanla uşaqları orada qoyub gedib.

“Yazığım gəldi, küçəyə atmadım…”

Ferma sahibi məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. İfadəsində Aslixan və onun uşaqlarına qarşı nəinki cinayət, heç kobudluq da etmədiyini deyib: ”Həmin o “Ayaz” da onlarla bir yerdə qalır, mal-qaraya qulluq edirdi. Dedi vəsiqəmi götürmək lazımdır. Məni aldatdı. Asilxanla uşaqları fermamda qoyub getdi, bir daha geri qayıtmadı”.

Təqsirləndirilən şəxsin ifadəsinə inansaq, qadın ona yalvar-yaxar eləyib deyib ki, gedəcək yeri yoxdur: “Yazığım gəldi, çölə atmadım, övladları ilə birgə fermamda qaldılar. Nə həyat yoldaşım, nə də mən onları incitməmişik, döyməmişik, iş görməyə məcbur etməmişik”.

20 il fermalarda işləyən, “yaşayan” qadın

Zərərçəkmiş Askerova isə ifadəsində Maxaçkalada tanış olduğu bir qadının vasitəsilə Azərbaycana 1999-cu ildə gəldiyini, o vaxtdan etibarən müxtəlif fermalarda işlədiyini deyib: “Həmin qadın məni oğluna alacağına inandırdı. Onlarla birgə Bakıya yola düşdüm. Bir ay yanlarında qaldım, dilənçiliklə məşğul olduqlarını görüb oradan qaçdım. Bir müddət Tofiq adlı şəxsin donuzçuluq fermasında işləməyə başladım. Tofiq yaxşı insan idi, fermada qalmağa şərait yaratmışdı, vaxtlı-vaxtında yeməyimi də verirdi. Orada işləyən zaman Borislə tanış oldum. Onunla bir yerdə yaşamağa başladım. Borislə birgə uzun illər Salyanda, Neftçalada fermalarda işləmişik. Birgə yaşadığımız müddətdə iki övladımız anadan olub. Mən uşaqlara baxırdım, Boris isə qoyun-quzu otarırdı. Ferma sahibləri məni və uşaqlarımı incitməyiblər. Neftçalada fermada işləyən zaman qızımı oradakı məktəbə oxumağa da yollamışdıq”.

Bu işdən də Xoşqədəmin adı çıxdı

A.Askerova ifadəsində iki övladı və əri ilə birgə Azərbaycanda uzun illər müxtəlif fermalarda işləməklə dolandıqlarını, ferma sahibləri tərəfindən hər hansı pis münasibət, qəddarlıq görmədiklərini deyib.  Bildirib ki, 2019-cu ilin fevralında Borislə dalaşdıqlarına görə uşaqlarını da özüylə götürüb Bakıya gəlib. “28 May” metrostansiyasının qarşısında bir nəfərdən onu televiziyaya – Xoşqədəmin verişilişinə aparmasını xahiş edib.

”Onun köməyi ilə Dağıstandakı qohumlarımı tapmaq istəyirdim. Uşaqlarımla birlikdə verilişə çıxdıqdan sonra Boris bizi yenidən öz yanına apardı. Amma iki-üç aydan sonra yenidən narazılığımız yarandı. Ona görə də fermadan çıxdım”,-qadın deyir.

“Taleh gedəndən sonra ferma sahibi bizə zülm verdi”

A.Askerova uşaqları ilə birgə işləmək üçün bu dəfə Yevlax rayonuna üz tutub. Talehlə də elə burada rastlaşıblar. Zərdab rayonundakı ferma sahibi Məhəmmədin yanına da onları elə Taleh özü aparıb: “Məhəmməd bizə qalmaq üçün köhnə vaqon, yorğan-döşək verdi. Dedi ki, zamanla şəraiti də düzəldəcək. Taleh orada olduğu müddətdə bizimlə yaxşı davrandılar. Cəmi on gün qaldıqdan sonra köhnə iş yerindən pul götürmək adıyla çıxıb getdi. O, gedəndən sonra Məhəmməd bizə zülm verdi”.

Zərərçəkmiş deyib ki, Taleh getdikdən sonra başlarına gəlməyən qalmayıb. Ferma sahibinin də, ailə üzvlərinin də ona və uşaqlarına qarşı münasibəti tamamilə dəyişib. Talehin gördüyü ağır işləri onlara gördürüblər. Səhər-axşam tövləni təmizlədiblər, övladlarını qoyun-quzu, mal-qara otarmağa göndəriblər.

Qadın ifadəsində deyir:  “Məni daim işlədirdilər. Yorulsam da, dincəlməyə qoymurdular. Fermadan çıxıb getmək istəsək də, Məhəmmədin qorxusundan gedə bilmirdik. Arvadı da, özü də məni tapıb cəzalandıracaqlarını deyirdilər. Ona görə də məcbur olub  heç yerə getmirdim. Məhəmməd yeganə ferma sahibi idi ki, bizə zülm verib, döyüb, hədələyib. Həm Məhəmməd, həm də arvadı məni döyürdü. Məni ağacla, uşaqlarımı nar çubuğu ilə döyürdü. Məhəmmədin arvadı bizə yeməyə ölmüş, xəstə toyuqların başını kəsib verirdi. Məhəmməd isə ölən buzovun acığını bizdən çıxardırdı. Deyirdi ki, heyvanı yaxşı otarmamısınız, sizin səhviniz ucbatından ölüb, ölən buzovun pulunu geri qaytarmayınca heç yana gedə bilməzsiniz. Bundan başqa bir neçə quzu itmişdi. Məhəmməd deyirdi ki, quzuları oğlun itirib”.

A.Askerova daha sonra bildirir ki, 5 oktyabr 2019-cu ildə oğlu ilə qızı polis əməkdaşları ilə birlikdə həyətə girib, bunu görəndə qorxub. Polislər “qorxma, sizi xilas etmək üçün gəlmişik” deyiblər.

“Bizi polis şöbəsinə apardılar, izahatımızı aldılar. Xəstəxanada həkim tərəfindən də müayinə olunduq. Ekspertizadan keçdik. Bundan sonra bizi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə gətirdilər”- A.Askerova bildirib.

Askerovanın uşaqları nə deyib…

Zərərçəkmişin övladları da anoloji ifadə veriblər. Azyaşlılar  təkcə ferma sahibi tərəfindən deyil, həmçinin onun arvadı və oğlu tərəfindən də döyüldüklərini bildiriblər. Gün ərzində səhərdən axşama qədər işlədikdən sonra heç bir şəraiti olmayan soyuq vaqonda yatıblar.

Şahid qismində dindirilən Taleh ifadəsində uşaq vaxtlarından  hamının onu “Ayaz” kimi tanıdığını, müxtəlif fermalarda çobanlıq etməklə dolandığını deyib: “Asilkhanla 2019-cu ilin yay aylarında çoban işlədiyim fermada tanış oldum. Daha yaxşı iş  tapmaq üçün Zərdaba getdik. Ferma sahibi Məhəmmədin oğlu ilə ayda 200-300 manat pula işləməyə razılaşdıq. Həmin ərəfədə atam xəstə idi. Ona baş çəkmək üçün Yevlaxa gəldim. Atamın yası başa çatmamış anam da öldü. Yasa başım qarışdı, qayıda bilmədim”.

Məhəmməd bütün bu sadalanan əməlləri boynuna almasa da məhkəmə onun cinayətini sübuta yetirib və barəsində 7 il həbs cəzası verib. Onun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalında qandallanıb.