Zərdabda 30 ildir həllini gözləyən problem

0

Nə məsələdir, bilmirəm, amma reallıqdır ki, şəhərdə yaşayan uşaqlar kəndə gedəndən bir müddət sonra xəstələnirlər. Söhbət azyaşlılardan gedir, uşaq bir az böyüyəndən sonra vəziyyət düzəlir.

Təxminən 7-8 il öncə bayramların birində Zərdaba – öz kəndimizə getmişdim. Həmişə olduğu kimi, bu dəfə də uşaqlar kəndi arzulayırdılar və mən də onların bu istəklərinə sevə-sevə qoşularaq bayramı rayonda keçirmək qərarına gəlmişdim. Bir neçə gün də məzuniyyət götürüb rayonda daha çox qalası oldum. Günlərin bir günü uşaq xəstələndi və qızdırması düşmədiyi üçün rayon xəstəxanasına aparası olduq. Açığı, bizim kənd Ağcabədiyə daha yaxın olduğu üçün həmişə alış-verişə, həkimə Ağcabədiyə gedirəm. Amma bu dəfə necə oldusa, mən uşağı Ağcabədiyə yox, Zərdaba aparası oldum. Xəstəxanaya çatdıq, gecə olduğu üçün həkim tapa bilmədik və getdik hamımızın yaxşı tanıdığımız Aydın doktorun evinə. Sağ olsun, gecə saatları olmasına baxmayaraq, uşağı yoxladı, iynə-dərman yazdı. Dedi ki, təcili alın, uşağa filan iynə vurulsun, filan dərman verilsin.

Sağollaşıb gəldik rayonun mərkəzinə.

Rayonun bir o başına, bir bu başına getdik, bir dənə açıq aptek tapa bilmədik… Qardaş, indi hansı zəmanədir, bu boyda rayonda, bu qədər əhalisi olan rayonda necə ola bilər ki, bir aptek tapılmasın? Məcbur qalıb yenidən getdik rayon xəstəxanasına. Növbətçi tibb bacısı Zərdabda gecələr heç bir aptekin işləmədiyini, lap elə 90-cı illərdən belə olduğunu, şikayətlər çox olsa da, nəticəsinin olmadığını bildirdi.

“Uşağımız qızdırmada yanır, bəs neyləyək?” deyəndə tibb bacısının cavabı belə oldu: “Bir qədər gözləyin, gəlirəm”.

Sağ olsun, tibb bacısı qalın geyimini geyərək: “Gəlin sizi aparım, onsuz da rayonda heç kimi tanımırsınız, mən çağıraram, aptekçilərdən birini oyadaram, sizə dərman verərlər”,-dedi.

Həmin gecə 3 aptekçinin qapısını döydük (daha doğrusu, darvazasını daşla döyəclədik). İkisi qapını açmadı, biri isə tibb bacısını tanıdığı üçün evində olan dərmanlardan bir neçəsini verdi, amma onda dərmanların hamısı yox idi.

Tibb bacısını xəstəxanaya yola salandan sonra məcbur qalıb Ağcabədiyə getdik, açıq, yəni növbətçi aptek olduğu üçün dərmanları aldıq, uşağa sistem qoşdurduq və səhhəti bir qədər yaxşılaşdı.

Qardaş, indi hansı zəmanədir, bu qədər əhalisi olan rayonda (hələ o vaxt koronavirus yox idi) necə ola bilər ki, gecə saatlarında iynə-dərman axtaran adam tapa bilməsin? Məsələn, bu qədər aptek varsa, olmazmı ki, onlar növbə ilə gecələr işləsinlər? Yəni məsələ hansısa aptek sahibinin üzərində qalmasın, növbə ilə tənzimlənə bilməzmi bu iş? Qonşu Ağcabədi rayonundan öyrənə biləcəyimiz çox şey var, amma nə məsələdirsə, öyrənə bilmirik. Elə bil Ağcabədi başqa planetdi, bizim rayon başqa planet. Nə isə.

Haqqında yazdığım bu məsələ 7-8 il öncə olmuşdu və mən düşünürdüm ki, yəqin bu məsələ çoxdan həll olar. Üstündən illər keçib, 2022-ci ili qarşılamağa hazırlaşırıq.

O gün təsadüfən rayon sakini Elyar Bağırovun sosial şəbəkədə paylaşdığı statusu gördüm və oxuduqlarıma bir xeyli təəccübləndim.

Sən demə, bu 7-8 il ərzində Zərdabda həmin problem olduğu kimi qalır, hələ də rayonumuzda gecələr aptek işləmir. Pandemiya dövründə təəccüblüdür, deyimli?

E. Bağırovun statusundan bir hissəni təqdim edirik:

“Zərdabda növbətçi apteklər yoxdur. Axşam saat 10-dan sonra bir qəfil dərman lazım olsa, yıxılıb ölməlisən.

Qonşu rayon Ağcabədidə var, bizdə yox! Niyə? Ona görə ki, qanunla sahibkarları məcbur etmək olmaz ki, növbəli surətdə hər gün bir aptek səhərə kimi işləsin. Qanunla, bazarla nizamlanmayan bu kimi işlər vicdanla nizamlanmalıdır. Sahibkar vicdanı kar olmalı deyil. Ən azından ona görə ki, axşam saat 10-dan sonra xidmət etmədiyiniz, telefonuna cavab vermədiyiniz camaatın hesabına varlanmısız.

Pandemiyanın sizin əlinizə işləməyi gün kimi aydındır. Pandemiya dönəmində təkcə karona xəstlərinə satdığıniz vitamin və sistemlərdən ən az dövriyyəsi olan aptek il ərzində 30-40 min manat xalis gəlir əldə edib. Atalar demişkən, istəməyənin gözü çıxsın. Amma şəxsən mən istəmirəm və inanmıram ki, sizə görə Allah mənim gözümü tökə. Çünki gecə dərmana möhtac olan xəstə müştərilərinizi həmin Allahın ümidinə məhz siz buraxırsız.

“Mən sabikaram, toxnulmazam” deyib özünüzü çox yuxarıda görməyin. Cibiniz qədər olmasa da, az da olsa, müştərilərinizi fikirləşin. O müştərilər ki keflərindən sizə müştəri olmayıblar”.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 + 1 =