Zərdabda nümunəvi addım – Nəsildən-nəslə ötürülən ailə yadigarı muzeyə bağışlandı – Muzeyə yeni təklif

0
137
zerdab-muzey-tarix-diyarsunasliq

Zərdab sakinləri Sevinc Kərimova və Nərmin Süleymanova təqdirəlayiq addım atıblar. Zerdab.com saytı xəbər verir ki, onlar nəsildən-nəsilə ötürülən ailə yadigarlarını Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə bağışlayıblar. Məqsəd uzun illər yaşı olan və əziz bir xatirə kimi qorunan bu yadigarların etibarlı bir yerdə qorunması, muzeyə ziyarətə gələn insanlara nümayiş etdirilməsidir.

Rayon sakinlərinin bu nümunəvi addımı, zənnimizcə, digərlərinə də nümunə olmalıdır. Yaxşı olardı ki, Zərdabda evlərində qədimi əşyalar, tarixi dəyərə malik nümunələr olan şəxslər də həmin əşyaların qorunması, tanıdılması, gələcək nəsillərə etibarlı bir yerdə çatdırılması naminə onları Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə versinlər.

Buradan kiçik bir haşiyəyə çıxaraq iki məsələni qeyd etmək istərdim.

Biz uşaq olanda məhəlləmizdə qazıntı işləri zamanı yerin altından əl-üz yumaq üçün mis bir əşya tapılmışdı. Xarab vəziyyətdə olduğu üçün heç kəs maraqlanmırdı, amma indi düşünürəm ki, bəlkə də hansısa tarixi bir əhəmiyyəti ola bilərdi. Ortalıqda çox dolaşdı, ancaq sonra onu kimsə götürüb metal alanlara dəyər-dəyməzinə satdı. 90-cı illərin əvvəllərində olmuş bu məqam indiyədək yadımdadır. Halbuki həmin əşyanı kimsə atmasaydı və ya muzeyə hədiyyə etsəydi, bu gün də qorunardı.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, bir neçə il öncə özümün və qardaşımın uşaqlarını da götürüb Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə getmişdim. Uşaqları da apardım ki, tariximizi öyrənsinlər, qədim əşyaları öz gözləri ilə görsünlər və tariximizə bağlılıq, doğmalıq onların uşaqlıq xatirələrində yaddaşlarına hopsun.

Muzeyi gəzərkən qədim əşyaların birinin üzərində yazılmış yazı məni xeyli təəccübləndirdi. Məzmunu belə idi ki, bu qədim əşyalar Zərdabın Qoruqbağı kəndində tapılıb və kənd sakini Qulu Lətifov tərəfindən Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Məni təəccübləndirən bilirsiniz nə oldu? Hələ biz uşaq olanda qoca yaşında olan, heç bir ali təhsili olmayan, səhərdən axşamadək torpaqla əlləşən Qulu dayının bu əşyalara diqqəti, onları qoruması, gətirib muzeyə verməsi.

Bəli, Qulu dayı illər öncə haqq dünyasına qovuşub, ancaq onun təqdim etdiyi qədim əşyalar Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyində bu gün də yaşayır, qorunur, ziyarətçilərə nümayiş etdirilir.

Bəs Qulu dayı həmin əşyaları muzeyə təqdim etməsəydi, nə baş verərdi? Yəqin ki, həmin əşyalar çoxdan məhvə məhkum idi.

Fürsətdən istifadə edib Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə bir təklif də vermək istərdim. Bilmirəm, muzeyinə profilinə uyğun gələr, yoxsa gəlməz.

Zənnimcə, muzeydə fotoguşə yaradıla bilər ki, bu guşədə Zərdabda illər öncə sadə insanlar tərəfindən çəkilmiş fotolar yerləşdirilə bilər. Yəni elan verilər ki, kimdə belə fotolar varsa, muzeyə təqdim etsin. Məsələn, kiminsə ailə üzvü, babası, nənəsi 60-cı illərdə, 70-ci illərdə Zərdabda foto çəkdirib və o foto evlərdə bəlkə də heç üzü illərlə açılmayan albomlarda qalıb. Həmin fotolar Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinə verilsə və orada nümayiş etdirilsə, həm insanlarda nostalji hisslər oyadar, həm də rayonumuzun tarixi adına maraqlı olar.

Bundan başqa, həmin fotoguşədə Zərdab sakinlərinin illər öncə Şuşada, Xankəndidə və digər Qarabağ torpaqlarında çəkilmiş fotoları nümayiş etdirilə bilər. “Zərdablılar illər öncə doğma Qarabağımızda” adlı başlıq altında yerləşdirilən fotolar kimə maraqlı olmaz ki? Bunun həm də başqa bir mənası da var. Belə ki, üzdəniraq düşmənlərimiz əllərinə hər fürsət düşəndə, beynəlxalq təşkilatlarda Qarabağ torpaqlarına saxta iddialar irəli sürürlər. Bu fotolar həm də Qarabağ torpağının hər zaman Azərbaycana aid olduğuna, azərbaycanlıların hər zaman digər rayonlarımızdan da ziyarət, istirahət üçün doğma Qarabağımıza üz tutmalarına bir sübut olar.

Hətta bu təklifimizi Azərbaycanın bütün muzeylərində də həyata keçirmək maraqlı olar.

Bütün bu fotoların toplanmasında Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinə rayonumuzun kənd icra nümayəndəlikləri, bələdiyyələr də köməklik edə bilərlər…

Nicat

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 3 kişi ve iç mekan görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir