MƏTBU ORQAN

0
50

Zərdab rayonunun qəzeti 1935-ci ildən “Zərdab kolxozçusu”, 1937-ci ildən “Zərdab Staxanovçusu”, 1954-cü ildən “Kolxozçu”, 1966-cı ildən “Pambıqçı”, 1983-cü il fevralın 1-dən “Əkinçi” adı ilə nəşr edilir.
Bu gün “Əkinçi” adı ilə çıxan Zərdab rayon qəzetinin tarixi ilə bağlı 1938-ci ilə aid rəsmi sənəddə rayonda çıxan “Zərdab kolxozçusu” qəzetindən bəhs olunur.
Ötən 74 ildə dəfələrlə qəzetin adı dəyişmiş, redaksiyada çalışan insanlar bir-birlərini əvəz etmişlər.
Zərdab rayonunun rəsmi qəzeti 1935-ci ildən çıxır. 1938-ci il yanvarın 1-də Mikayıl Mikayılov adlı şəxs “Zərdab kolxozçusu” qəzetinin müxbiri, şöbə müdiri və müvəqqəti redaktoru, sonralar məsul redaktoru, az sonra redaktoru işləmişdir. Həmin vaxt Musa Xəlilov qəzetdə mürəttib – sətiryığan, Balakişi Atakişiyev çapçı işləyib. Xaspolad Məcnunov qəzetin məsul katibi, Qədir Süleymanov ədəbi işçisi, Məhəmməd Şəmsəddinov mürəttib şagirdi işləmişdir. Sonradan məsul katibi və ədəbi işçini Şərif Şərifov və Əvəz Məhərrəmov əvəz eediblər. 1938-ci ilin sonlarına aşd bşr sənəddə qəzetin “Zərdab Staxanovçusu” adı ilə çıxdığı, Rayon Partiya Komitəsinin III katibi Səfər Əliyevin müvəqqəti redaktor olduğu, Hüseyn Zərdabinin məsul katibi işlədiyi yazılmışdır.
1939-cu ildə “Zərdab Staxanovçusu” qəzetinə Nəsir İmranov redaktor, Abdulla Abdullayev ədəbi işçi, Nuru İbrahimov məsul katib təyin olunmuşdur.
1942-ci ilin fevralında qəzetə redaktorluq Mehdi Xanməmmədov, sonradan Səfər Abdurrəhman oğlu Əliyevə, həmin il iyulun 8-dən Şərifova Həzra Məhəmməd qızına tapşırılmışdır. Mətbəənin 2-ci işçisi Qızıl Orduya çağrılır, mərhum Abdulla Həsənov qəzetdə əvvəl paylayıcı, sonra çapçı, daha sonra mətbəə müdiri işləyir. İstedadlı jurnalist olan Abdulla Həsənov sonradan 36 il (1957-1993) rayon qəzetinin redaktoru işləmiş, “Əməkdar jurnalist” fəxri adı almışdır.
Müxtəlif illərdə “Zərdab Staxanovçusu”na Rəbiyyə Alı qızı Mirzəxanova, Sərkər Hüseynəli oğlu Həsənov, Qulu Mürsəliyev redaktorluq etmişlər. Ayrı-ayrı illərdə Ramiz Məmmədov, Məbud İsmayılzadə, Fazil İmanov, Mirməhəmməd Teyyubov, sonralar Mirağa Bağırov, Fərasət Bilalov məsul katib mərhum Aybəniz Bayramova, eləcə də Ağabala Əliyev, Bahadur Xəlilov, AzərTAc-ın indiki baş direktoru Aslan Aslanov və başqaları şöbə müdiri, Əlhadi Rəhimov, Mirağa Bağırov redaktor müavini olmuşlar. 1944-cü ildə məsul katib olmuş Ənvər Əmirəliyev Azərbaycanın görkəmli jurnalisti səviyyəsinə qalxmış, “Kommunist” qəzetinin Dağlıq Qarabağda, Lənkəranda xüsusi müxbiri olmuş, “Sərhədçilər” əsərini və “Nişan üzüyü” dramını yazmışdır.
1950-ci ilin yanvarında Bakıya 15 günlük seminara gedən redaktor Qulu Mürsəliyevin vəzifəsi müvəqqəti olaraq Anton Sərdarov adlı erməniyə (Anton Rayon Partiya Komitəsinin adi işçisi idi) həvalə edilmişdir. Həmin il avqustun 26-da redaktor Qulu Mürsəliyev Bakıya Mərkəzi Komitəyə iş dalınca gedəndə də redaktoru əvəz etmək həmin erməni Anton Markaroviç Sərdarova həvalə olunmuşdur.
1993-cü ilin mayın 18-dən bu günə kimi Əhmədov İsaməddin Cavad oğlu “Əkinçi” qəzetinin redaktoru vəzifəsində çalışır.