Tənha qaranquş

0
100
qaranqus-omru-qaranqush

Qaranquş adəti üzrə evin ətrafına bir neçə dövrə vurub sevinclə hündür bir yerə qonaraq cəh-cəh vurmağa başladı. Sonra sürətli bir enişlə illərdir yumurta qoyduğu, bala çıxardığı evin eyvanının altına doğru uçdu. Həmişəki kimi yuvası yerində idi, hələ bir altına səliqə ilə taxta da vurulmuşdu. Bu, yəqin ki, onun balaca dostu Eybətin babasının işi idi. Babası da Eybət qədər qaranquşları sevir, əzizləyirdi.
Qaranquş yuvanın üstünə qonub bir qədər vurnuxdu. Daha sonra yuvanın içərisinə enərək rahatlandı və cikkildəməyə başladı. O, sanki bu oxumaqla öz dostlarını salamlayır, gəlib çıxmışam “deyirdi”. Ancaq bu dəfə onun səsini eşidəndən sonra həyəcanla həyətə düşüb yuvasına doğru qaçan olmadı…
Yəqin evdə heç kim yoxdur. Olsaydı, mütləq bir səs-küy olardı…

***
…Beləcə, bir neçə gün keçdi. Qaranquş yuvasına yumurta qoydu və üstündə yatdı. Qaranquş yumurtalarının üstündə yata-yata həm də o tərəf bu tərəfə boylanırdı. Dostu Eybət görünmürdü ki, görünmürdü. Görəsən, Eybət bəs indi niyə ona dən, su gətirmirdi…

***
Bir neçə gün sonra həyətdə səslər eşidilməyə başladı. Qaranquşa elə gəldi ki, gələn dostlarıdır. Bir qədər sevindi. Nəhayət ki, tənhalıqdan canı qurtaracaqdı…
Gələn adamlar hay-küylə, danışa-danışa eyvana qalxdılar. Bu səslər qaranquşa tamam yad idi. Qəribə dildə, qəzəblə, bağıra-bağıra danışırdılar. Bir azdan eyvanda dəhşətli səs-küy qopdu. Deyəsən, evi sökürdülər. Qapı, pəncərə, dəmir səsi bir-birinə qarışmışdı. Qaranquş səs-küydən, taqqıltıdan qorxub yuvasından uçdu. Həyəcanla o tərəf bu tərəfə dövrə vurdu. Nəhayət, evin həyətindəki elektrik xətinin üstünə qondu. Ümidsiz halda halda yuvasına tərəf baxmaqdan başqa heç nə edə bilmirdi. Çağırılmamış qonaqlar həmin gün axşama qədər Eybətgilin evini tamamilə söküb yerlə-yeksan etdilər. Qaranquşun qəzəbli ciggiltisi, o tərəf bu tərəfə şığıması isə onların heç vecinə də deyildi. Ev sökənlər axşam düşənə qədər evi tamamilə dağıdıb getdilər…

***
Səhər tezdən qaranquş nə qədər dövrə vursa da, nə yuvasını tapa bildi, nə də yumurtalarını. Əsər-əlamət belə qalmamışdı…
Yenidən elektrik xəttinə qonub həsrət dolu qəmli nəğməsini oxumağa başladı. İndi o da Eybət kimi didərgin idi…

Müəllif:
İntiqam İsmayılov. Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin müəllimi