Zərdabda balıq ovu: xobbi, yoxsa məşğuliyyət?

0
34

1985-ci ildən başlayaraq hər il iyunun 27-də Ümumdünya Balıqçılıq Günü qeyd olunur. Həmin gün 1984-cü ildə Romada keçirilən Balıqçılığın tənzimlənməsi və inkişafı üzrə Beynəlxalq konfransın qərarı ilə təsis edilmişdir. Balıqçılıq bəşəriyyətin ən sevimli kütləvi məşğuliyyət növlərindən biridir. Həyatında heç olmasa, bir kərə əlinə tilov götürüb gölə gedən, təbiətlə bənzərsiz ünsiyyət sevincindən, onun saflığından zövq alan və ilk dəfə balıq tutan adam aldığı təəssüratı heç zaman unuda bilməz. Balıq ovu o qədər maraqlıdır ki, çox vaxt həvəskarları bu işin əsl xiridarına çevirir. Axı, yalnız sözün həqiqi mənasında balıq ovuna aludə olan insanlar balığı tilova gətirmək üçün saatlarla yağışın altında islana-islana, şaxtada dona-dona gözdən-könüldən uzaq olan yerlərə çəkilə bilərlər. Getdikcə daha çox adam başa düşür ki, balıq ovu ruhi və fiziki gücü möhkəmləndirmək üçün əla vasitədir. Zərdab rayonu da balıqçılıq rayonlarından biri hesab olunur. Hər il balıq mövsümündə yüzlərlə insanımız Kürdə və ya göldə balıq tutmaqla ailəsini dolandırmasa da, azacıq da olsa, tələbatını ödəməyə çalışır. www.zerdab.com saytı bildirir ki, rayonumuzda balıq əsasən Kürdən və göllərdən tutulur. Zərdab rayonunda balıq tutma həvəskarları arasında böyüklər də var, kiçiklər də. Yəni bu işin yaşı yoxdur… Mövzu ilə bağlı www.zerdab.com saytının təsisçisi İsmayılov Nicat İntiqam oğlunun da fikirlərini öyrəndik. Həmsöhbətimiz uşaqlıqdan balıq tutmağa böyük həvəs göstərdiyini söylədi: “Balıq tutmaq mənim üçün həm həvəsdir, həm də iş. İndinin özündədə məzuniyyət vaxtı kəndimizdə olanda mütləq balıq tutmağa gedirəm. Havanın necə olmasından asılı olmayaraq, əgər həvəsim varsa, həmin gün mütləq balıq tutmağa gedirəm. Özü də tək yox, dostlarımla. Bildiyimə görə, Zərdab rayonunda balıq ovçuları digər rayonlarla müqayisədə daha çoxdur”. Müsahibimiz deyir ki, balıq tutmaqdan aldığı zövqü sözlə ifadə etmək mümkün deyil, onu yaşamaq lazımdır: “Amma bir iş var ki, evə əliboş dönməyim. Əliboş dönəndə istər-istəməz həvəsim ölür. Tutduğum balıqları da çox vaxt özüm təmizləyirəm. Həyətimizdəki əkin sahəsindən bir neçə pomidor üzüb balıqların yanında qızartdırıram. Ailə üzvlərimlə birgə süfrə arxasında oturub həmin balıqları yeməkdən gözəl mənim üçün heç nə ola bilməz”. Sonda həmsöhbətimiz növbəti məzuniyyət dövrünü, həmçinin balıq ovuna gedəcəyi günləri səbirsizliklə gözlədiyini söylədi. Biz də bu gün münasibəti ilə bütün balıq ovu sevərlərini təbrik edirik.

Hazırladı: Aslan Aslanov, www.zerdab.com