Jalə Əliyeva “Dünya qəmli nağıl imiş”dən yazdı

0

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva həmkarı, Dədə Şəmşir ocağının davamçısı Cavid Qurbanovun “Dünya qəmli nağıl imiş” adlı kitabı haqqında yazıb:

Dəlidağın zirvəsindəki qartal yuvasından bir quzğun xəyanəti ilə ayrı düşən Kəlbəcər indi vəfalı övladlarının xəyalından, dilindən, qələmindən düşmür. Onsuz da başdan-binadan söz-sənət, saz-balaban, şairlər yurdu olan Kəlbəcər ayrılığı bir çoxlarını qələm götürüb öz nisgilini, torpaq-yurd həsrətini, yanğısını ürək sözlərinə çevirərək, misraların, bəndlərin həsrət göynərtisinin acı gerçəkliyinə bürüməyə məcbur edir.

Qönçə idim, gül oldum,
Saraldım sünbül oldum.
Bir dilbilməz quş idim –
Oxudum, bülbül oldum…

Bu doğma yurd ayrılığı o qədər acı, əlçatmaz Kəlbəcər həsrəti o qədər dərindir ki, bir zamanlar şeiriyyətin gur alovuyla atəşlənmiş bir ocağın külünü yenidən közərtməyə belə qadirdir. Bu dediyim – Ağdabanlı Qurban, Dədə Şəmşir ocağıdır. Bu ocağın külünü yenidən közərdən isə Şəmşir Dədənin Cavid nəvəsidir. Yurd ayrılığı, vətən  həsrəti onun poetik ilhamını dilə gətirib. Vədəsiz itirdiyi ömür-gün yoldaşının nisgili bu poetik dildəki qəm-kədəri bir az da artırıb, lirik bir həzinliyə qərq edib onu.

Doğulub-böyüdüyü yurdun fəxri olan, böyük bir nəslin mərdlik, yaxşılıq çırağını yandıran, ölkəmizin quruculuq işlərində yaxından iştirak edən görkəmli ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Qurbanovun hamıdan gizli yazdığı, gizli çap etdirdiyi, hətta bir çox tanış-bilişə göstərməyə belə həya etdiyi, gün işığına çıxarmağa qıymadığı “Dünya qəmli nağıl imiş” kitabını (yeri gəlmişkən, haqqında bəhs etdiyim kitab 2010-cu ildə nəşr edilsə də, kitabla tanış olmaq fürsəti, müəllifin təvazökarlığı ucbatından mənə ancaq bu günlərdə nəsib olub) vərəqlədikcə burada toplanmış şeirlərdə bir sualıma cavab axtardım: nağıl adətən şirin olur, sonunda da göydən üç şirin alma düşür; nədən bəs Cavidin (bu sözü haqqında danışdığım kitabın üzərində yazılmış şair təxəllüsü kimi işlədirəm – J.Ə.) gözündə nağıl dünya belə acı dad verir, belə qəmli çalarlara bürünüb?

Bu sualıma kitabdakı poetik örnəklərdən daha yaxşı kim cavab verə bilər ki?

“Biri varmış, biri yoxmuş”, –
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yanlış –
Dünya qəmli nağıl imiş.
Əzabından usanmazdım,
Ocağına qalanmazdım,
Deyərdilər, inanmazdım –
Dünya qəmli nağıl imiş.

Hə, həyat sevincimizin aşıb-daşdığı, şıltaq oyunlarımızın bitmək bilmədiyi, şaqraq gülüşlərimizin ardı-arasının kəsilmədiyi, dünyanı şirin bir nağıl bildiyimiz uzaq uşaqlıq illərimizdə böyüklərdən eşidib, mənasını anlamadığımız ifadələrdən biri də “əlhəd daşı” idi. Nənəm əllərini göyə qaldıraraq: “Allahım, balalarımı başlarına əlhəd daşı dəyməkdən qoru” – deyə dua edərdi. O zaman “əlhəd daşının” nə olduğunu bilməz və onun nə vaxtsa başımıza dəyib-dəyməyəcəyini vecimizə belə almazdıq.

Sən demə, dünyanın bal kimi şirinliyi ilə yanaşı, zəhər kimi acılığı da var imiş və bu “qoca qarı” (Nizami Gəncəvi) bir barmağında bal, bir barmağında zəhər tutubmuş ki, vaxtı çatanda hər ikisini insana dadızdırsın, bəzən də bu zəhəri zorla yalatsın. Bu yerdə böyük Şəhriyarın ömür-gün yoldaşı Əzizənin vəfatı münasibətilə yazdığı mərsiyə yada düşür:

Nə zərif bir gəlin, Əzizə, səni
Mənə layiq Tanrım yaratmışdı.
Bir zərif ruha bir zərif cismi
İzdivac qüdrətilə qatmışdı.
Eşqimin bülbülü səni tutmuş,
Hər nə dünyada gül var, atmışdı.
Sanki dustaq ikən mən azad idim –
Elə eşqin məni yaşatmışdı.
Cənnət etmiş mənim cəhənnəmimi,
Yandırıb-yaxmasın azaltmışdı.
Adıbatmış əcəl gələndə bizə,
Nə ayım çıxdı, gün də batmışdı…
…Ürəyi doğranan anan mələdi,
Dünya zəhrin ona yalatmışdı…

Doğma, sevimli adam itkisini dərindən-dərinə, doya-doya yaşamalısan ki, belə təsirli misralar ərsəyə gətirib, öz kədərini ictimailəşdirəsən, oxucunun da gözünü yaşarda biləsən. Cavidin də bu ruhda qələmə aldığı mərsiyələr – əbədi hicran şeirləri ürəkdən gəlir, dərin yaşantının, insanı dəlib keçmiş kədərin məhsuludur və oxucunu bir dürlü laqeyd buraxa bilmir:

Səni hər an axtarıram,
Xatirədi indi ömrün.
Tez açılıb vaxtsız solan
Bənövşəyə döndü ömrün.
Məni dərdə salan oldun,
Məni məndən alan oldun.
Dünya kimi yalan oldun,
Şamtək yandı, söndü ömrün.

Ölümdən sonrakı ömür deyilən bir anlayış var. Cavid üçün də sevgilisinin ölümü ilə postölüm ömrünün başlanması bir olub və bu ömür xatirələrdə, fotolarda, qəlblərdə və bir də, poetik istedadı olan insanların şeirlərində davam edir. Bu baxımdan Cavidin əbədi bir səfərə çıxmış sevgilisinin xəyalı ilə ixtilata girməsi, dərdləşməsi, razü niyazı, umuküsüsü çox səmimi, ürəkdən gələn misralarda şirin bir dillə özünün poetik təqdimini tapır. Şair bu ağır itki ilə heç cür barışa bilmir, ən kiçik ümid işartısına doğru qaçır; gerçəkliyin dəhşətli yuxu olduğuna, bu dəhşətin nə vaxtsa bitəcəyinə inanır:

Gəzib otaqları yoxlayıram mən,
Deyirəm, qayıdıb gələsən bəlkə?!
Şəklinə baxıram, qəm-qəhər dolu,
Yazığam, danışıb-güləsən bəlkə?!
Göz yaşım quruyub yanaqlarımda,
Donub təbəssümün dodaqlarında,
Gecələr dərd olur qonaqlarım da,
Bu hicran yükünü böləsən bəlkə?!

Kitabda yurd həsrətinin, torpaq itkisinin də kövrək duyğularla, yana-yana ifadə edildiyi poetik örnəklərə tez-tez rast gəlmək mümkündür. Yatanda yuxusuna belə girməyən vətənsizliyi şair dilinə gətirməyə də qorxur:

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba köçdü, ellər qaldı vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!..

Beləcə yurd ayrılığı, vətən dərdi yanıqlı bir aha dönüb Cavidin dilindən, əslində dilindən də yox, sinəsindən qopur, odlu misraya çevrilib, yanar bir ox kimi yurdu mənfur varlıqları ilə kirləndirən qarı düşmən tərəfə yönəlir; bu baxımdan şeirin bitdiyi “ox” kəlməsi də çoxqatlıdır və simvolik məna yükündən heç də xali deyildir.

Azərbaycan xalq şeiri üslubunda yazıb-yaradan Cavidin poetik dili, Ağdabanlı Qurbanın, Dədə Şəmşirin dili kimi rəvan, axıcı, kələ-kötürsüz, düyünsüz-tikansızdır. Bəlkə elə buna görə onun bir çox sözlərinə mahnı bəstələnmiş və tanınmış müğənnilərin repertuarına daxil olmuşdur. Haqqında danışdığımız kitabda toplanmış on mahnı mətni əsas etibarilə ayrılıq ağrısından bəhs edən lirik örnəklərdir.

“Yenə yuxumdasan” adlı mahnı sözündə dünyası yalan, yuxusu gerçək olan aşiqin ürək çırpıntılarını, yaşadığı dərin hiss-həyəcanı duymamaq olmur:

Eşqimi, sevgimi yellər apardı,
Qəfil gələn boran, sellər apardı.
Sənli aylar, illər nə tez qurtardı?
Təkcə yuxulara gəlirsən, gülüm.

“Atırsan məni” adlı mahnının mətnində isə doğma insan itkisinin birtərəfli deyil, qarşılıqlı olduğu, gedənlə qalanın əslində eyni itkiyə məruz qaldığı fikri irəli sürülür. Ancaq bu qarşılıqlı itki əbədi deyil; Füzulinin Məcnunu öz Leylisini cənnətdə tapdığı kimi, bu dünyada bir-birini itirmiş sevgililərin haqq dünyada tapışacaqlarına inam güclüdür:

Gedərək, yerinə qəmi gətirdin,
Dumanı gətirdin, çəni gətirdin.
Məni bu dünyada salıb itirdin,
Bir də o dünyada taparsan məni.

Cavidin şeirləri bir daha sübut edir ki, Tanrı bir ocağa öz nurundan bir köz, bir qığılcım salırsa, həmin od əbədi yanır, zaman-zaman o kökün, o soyun fərqli nümayəndələrində özünü büruzə verir. Dədə Şəmşirin ocağında olduğu kimi…

Dəyərli oxucularımızı Cavidin duyğular poeziyasından bir neçə örnəklə baş-başa buraxaraq, yeni-yeni kitablarının işıq üzü görməsini diləyirik.

Cavid QURBANOV

DÜNYA QƏMLİ NAĞIL İMİŞ

“Biri varmış, biri yoxmuş”, –
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yanlış, –
Dünya qəmli nağıl imiş.

Gəlişiylə, gedişiylə,
Yalan-yalan gülüşüylə,
Zaman adlı gərdişiylə, –
Dünya qəmli nağıl imiş.

Əzabından usanmazdım,
Ocağına qalanmazdım,
Deyərdilər, inanmazdım, –
Dünya qəmli nağıl imiş.

Xaraba var, şəhəri yox,
Araba var, təkəri yox.
Duzu çatmır, şəkəri yox, –
Dünya qəmli nağıl imiş.

 8 iyun 2006

VƏTƏN, OX…

Yaşamaqdı – aylar ötür, il keçir,
Günlərimin biri ağdı, biri yox.
Bu dünyanı görə-görə gəlmişəm,
İnsanların biri acdı, biri tox.

Məəttələm Yaradanın işinə –
Qeyrətsizlər necə döyür döşünə?!
Yaddan çıxıb kişilik nə, kişi nə,
Haçan olar namərdindən kişi çox?…

Ayaq açıb, var toplayır gədələr,
Az qalırlar xalqı söküb-didələr.
Yoxa çıxıb alp-ərənlər, dədələr,
Hədəfinə gəlib çatmır nizə, ox.

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba köçdü, ellər qaldı Vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!…

 2 aprel, 1993

İKİMİZ ÜÇÜN

Həyatım içinə sən gələn gündən
Yaşadım ay gülüm, ikimiz üçün.
Sevinci, sevgini, qəmi, kədəri
Daşıdım ay gülüm, ikimiz üçün.

Həyatı yaşadım ikimiz üçün.
Gecəni bölmədim mən iki yerə
Səhəri mən açdım sənin gözünlə.
Yayın istisində, qış soyuğunda
İsindim, üşüdüm ikimiz üçün.
Həyatı yaşadım ikimiz üçün.

2012

SƏNƏ QARIŞDIM, YAĞIŞ

Yenə həminki kimi
Gecə uzun, mən tənha.
Mənə bir kimsə həmdəm
Olmaz xəyaldan başqa.

Gecənin qaranlığı
İnan, məni qorxutmur.
Gecənin uzunluğu
Niyə məni uyutmur?

Yenə həminki kimi
Bu uzun gecələrdə,
Özüm olsam da evdə
Xəyalım küçələrdə.

Yenə həminki kimi
Yenə də yağış yağır.
Yenə yağış damcısı
Damımı tıqqıldadır.

Payızın soyuq üzü,
Qışa xəbərlik kimi.
Sənin yoxluğun indi
Donduracaq qəlbimi.

Baxıram pəncərəyə,
Deyən damcılar kəsdi
Sənlə olan bir gecə
Mənə bir ömür bəsdi.

Yenə əvvəlki kimi
Yenə də yağış yağır,
Yağışın damcıları
Damımı tıqqıldadır.

Mən sənə vurğun yağış,
Qəlbim tək çılğın yağış,
Sənin yerə sevgini
Mən duydum, bildim yağış,
Qarışıb damcılara
Səninlə axdım yağış.

Damımı taqqıldadan
Həmin o damcın kimi
Yerlərə axdım yağış.
Sənə qarışdım yağış.

2012

HƏSRƏT

Dağlar məni qucaqladı,
Mən dağların balasıyam.
İzn versə bir daş olub
Ətəyində qalasıyam.

Çox yağdırar dolu dağlar.
Bulaqları sulu dağlar.
Baxıb sizə sarı dağlar,
Həsrət çəkib yanasıyam.

2012

GİZLƏNİR QƏLBİMDƏ ÜZÜ TƏKLİYİN

Baxma ki, həm soyuq, qaranlıq olur,
Həsrətin günəştək yaxar gecələr.
Baxma ki, gecələr görünmür heç nə,
Gözlərin gözümə baxar gecələr.

Gündüzlər bilinmir yeri təkliyin,
Gizlənir qəlbimdə özü təkliyin,
Şimşəyə çevrilir, düzü, təkliyim
Ürəyim içində çaxar gecələr.

Nəğmələr qarışıb gülüşlərinə,
Ulduzlar oxşayır baxışlarına,
Gizlincə çevrilib göz yaşlarına,
Qəlbimdən gözümə axar gecələr.

2011

BİR DƏ O DÜNYADA TAPARSAN MƏNİ

Dönərək ağrıya, zalım həsrətə,
Axtarıb, arayıb tapırsan məni.
Sevgimlə, eşqimlə bütövləşərkən,
Ortadan ikiyə çapırsan məni.

Fikrimə, beynimə qənim olursan,
Dumanım, çiskinim, çənim olursan.
Hər gecə yuxumda mənim olursan,
Gözümü açantək atırsan məni.

Bir solmuş bağçayam, gülüm çatışmır,
Sənlə keçirdiyim günüm çatışmır,
Sənlə mən mən idim, mənim çatışmır,
Gəlib bu bəladan qurtar sən məni.

Gedərək yerinə qəmi gətirdin,
Dumanı gətirdin, çəni gətirdin.
Məni bu dünyada salıb itirdin,
Bir də o dünyada taparsan məni.

2010

YURDSUZLUĞU BİLİRSƏNMİ?

Dillənərkən ay yurd yeri,
Yurdsuzluğu bilirsənmi?
Mənim səni sevdiyim tək
Yurdsuzları sevirsənmi?

Heç boğurmu səni qəhər,
Qarış-quruş düşüncələr.
Xəyalında axşam-səhər
Yurd yerini gəzirsənmi?

Çevrilərək ah-naləyə,
Od tutaraq yerdən göyə,
Vətən, torpaq deyə-deyə,
Göz yaşını silirsənmi?

2010

 BİR ÜRƏK İSTƏYİRƏM

Bir ürək istəyirəm,-
Zirvələrdən çəkilib
Açıqlığa enməsin.
Bir ürək istəyirəm,-
Əhdinə sadiq qalsın,
Sədaqətdən dönməsin.
Bir ürək istəyirəm,-
Kamilliyə can atan.
Bir ürək istəyirəm,-
Həyat nəbzini tutan.
Bir ürək istəyirəm,-
Hər soyuqdan qorxmasın.
Dalğalansın dəniz tək,
Hər alovda yanmasın.
Keçən hər bir saatı
qızıla döndərərək,
Səni sevsin mənim tək.
Bir ürək istəyirəm,-
Oduna, alovuna
El-obası qızınsın.
Bir ürək istəyirəm,-
Axsa, tökülsə qanı
Yerdə “Vətən” yazılsın!
Çiçəklərdən zövq alsın,
Güllərdən ilham alsın.
Buzu, qarı əridib,
Qış günü bağça salsın.
Bir ürək istəyirəm,-
Sevinməsin gərəksiz.
Köməksizə əl tutsun,
Qəlb evində gül açsın,
Heç olmasın çiçəksiz.
Bir ürək istəyirəm,-
Xalqına gərək olsun,
Elə nankor baxanın
Gözlərinə bir xəncər,
Başına dəyənək olsun.
Bir ürək istəyirəm,-
Gözlərindən doymasın.
Bir ürək istəyirəm,-
Səninlə birgə olsun.
Həqiqətdə, xəyalda,
Hər an səni oxşasın.
Bir ürək istəyirəm,-
Zirvələrdən çəkilib,
Açıqlığa enməsin.
Bir ürək istəyirəm,-
Əhdinə sadiq qalsın,
Sədaqətdən dönməsin.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen + 6 =