7-ci sinifdə oxuyan qız qoşulub qaçdı

0
33

Zərdab rayonunda orta məktəb şagirdi qaçırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab şəhərinin 3 saylı orta məktəbinin 7-ci sinfində təhsil alan Xəlilova Tavad Mahir qızı ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayon sakininə qoşularaq qaçıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir. Məlumata görə, Zərdab rayonunda fəaliyyət göstərən “Hidrolotos” MMC-nin əməkdaşı olan İlqar İsmayılov əvvəllər Cinayət Məcəlləsinin 332.1 maddəsi (Tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə məhkumluq həyatı yaşayıb.

Yerli sakinlərin APA-ya verdikləri məlumata görə, T. Xəlilovanın anası qızının ailə qurmaq istəyini maddi vəziyyətlərinin ağır olması ilə izah edib.

Zərdab rayon Polis Şöbəsindən APA-ya orta məktəb şagirdinin qaçırılması faktını təsdiqləyiblər. T. Xəlilova və İ. İsmayılov bu gün tutularaq Polis Şöbəsində gətirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

O da qeyd olunub ki, 1996-cı il təvəllüdlü T. Xəlilova 2 il sinifdə qalıb, ona görə də hazırda 7-ci sinifdə oxuyur.