Çörək ətri…

0
37

…Kürətrafı çöldə uzanan torpaq yol geniş taxıl sahəsini iki yerə bölür. Yoldan çaya tərəf olan hissənin məhsulu biçilib. Havadan təzə buğda ətri, bərəkət iyi gəlir. Məhsulu yığılmış zəmilər adamın qəlbində qəribə, xoş duyğular oyadır. Qollarını geniş açıb hamımıza ana olan, bizi yedirdən, içirdən, yaşadan bu bərəkətli sahələri qucaqlamaq istəyirsən… Kombayn sonuncu dəfə dövrə vurub dayandı. Ucaboy, ortayaşlı, qarayanız kişi sükan arxasından bizə əl elədi. Sonra da zarafatla:
– Yəqin, fikirləşmisiniz ki, hava çox istidir, yorulmuşam. Xeyr. Bunker dolub.
– Deməli, məhsul boldur.
– Elədir, bu il məhsul əvvəlki illərlə müqayisədə 4-5 sentner çoxdur. Biçinə də tez başlamışıq. Havalar hələlik əlverişli keçir. Artıq zəmilərin yarıdan çoxu biçilib.
Öyrəndik ki, bura Pərvanlı kəndi, fermer Yadigar Mahmudovun taxıl sahəsidir. Görüşmək istədik. Bayaq kombaynın sükanı arxasında gördüyümüz dilavər kişi gülə-gülə əlini uzatdı:
– Tanış olaq, axtardığınız adam elə mənəm…
Sözün düzü, təəccübləndik. Yadigar bunu dərhal hiss etdi:
– Nahaq təəccüb edirsiniz. Əvvəlki vaxtlara ağlınız getməsin. Onda kolxoz sədrinin də, aqronomun da, briqadirin də, mexanizatorun da öz işi, konkret vəzifəsi vardı. İndi isə vəziyyət tamam başqadır. Fermer, torpaq mülkiyyətçisi həm kolxoz sədrini, həm aqronomu, həm mexanizatoru, həm də suçunu əvəz edir. Bax, gördüyünüz bu geniş sahələrdə əvvəllər ya pambıq əkilirdi, ya da taxıl yetişdirilirdi. İndi isə torpaq, necə deyərlər, tala-taladır. Pambıq da əkirlər, taxıl da, yonca da, bostan-tərəvəz də. Daha doğrusu, hər kəs nə əkməyi, nə qədər əkməyi təcrübə və istəyinə uyğun olaraq özü həll edir.
Builki göstəricilərlə maraqlandıq.
– 211 hektar sahədə taxıl yetişdirmişik,- dedi müsahibimiz. Ümumiyyətlə, bizim təsərrüfat toxumçuluqla məşğul olur. Təkcə ötən il rayonumuzun, eləcə də qonşu rayonların təsərrüfatlarına 130 ton yüksək keyfiyyətli toxum satmışıq. Seçdiyimiz toxum növü həm məhsuldarlığına, həm də yerli şəraitə dözümlülüyünə görə fərqlənir. Elə ona görədir ki, məhsuldarlıq yüksək olur. Bu il də göstəricilərimiz yaxşıdır. Əlimizdə olan rəqəmlər belə deməyə əsas verir.
– Uğur olsun, əkinci qardaş…
Yolumuz Gəlmə kəndinədir. Rayonun qabaqcıl fermerlərindən olan Ələmdar Abbasov burada yaşayır. Taxıl biçininin vəziyyəti ilə maraqlandıq.
– Havalar əlverişli keçir, – dedi. – Ona görə də hər dəqiqənin qədrini bilir, biçini mümkün qədər tez və itkisiz başa çatdırmağa çalışırıq. İlkin nəticələr fərəhlidir. Belə ki, ötən illərlə müqayisədə hər hektarın məhsuldarlığı 3-4 sentner yüksəlmişdir. Elə zəmilərimiz var ki, hər hektarın məhsuldarlığı 35-40 sentnerə çatır. Başqa sahələrdə də işlərimiz yaxşı gedir. Bu sözləri ona görə deyirəm ki, kənd adamı hər işlə məşğuldur: taxıl da əkir, pambıq da yetişdirir, mal-qara da saxlayır. Daha doğrusu, öz illik azuqəsini və xərcini torpaqdan çıxardır. Ona görə də hər işi vaxtında başa çatdırmağa, itkiyə yol verməməyə çalışırıq.
Biz rayonun Alıcanlı, Bəyimli, Körpükənd, Gödəkqobu, İsaqbağı kəndlərində də olduq, fermerlərlə, kənd adamları ilə iş üstündə görüşüb söhbət etdik, taxıl biçininin gedişi ilə maraqlandıq. Hər yerdə də yüksək işgüzarlığın və mütəşəkkiliyin, ruh yüksəkliyinin şahidi olduq. Kənd adamlarını belə bir cəhət xüsusilə razı salır ki, taxıl biçinini vaxtında və itkisiz başa çatdırmaq üçün rayon təşkilatları köməyini əsirgəmir. Xahiş və müraciətlər dərhal, operativ surətdə öz həllini tapır.
Belə xoş münasibətdən, qarşılıqlı əlaqə, kömək və qayğıdan söz düşəndə, əlbəttə, ilk növbədə rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi, “Aqrolizinq”in rayon filialı və başqa əlaqədar təşkilatlar yada düşür. Ona görə də “Aqrolizinq”in rayon filialının rəisi Həmzə İsayevə sualımız konkret oldu:
– Taxıl biçininə cəmi nə qədər texnika cəlb olunub?
– Əvvəlcədən onu deyim ki, zəmilərdə, meyvə-tərəvəz, bağ-bostan sahələrində belə bol məhsul görəndə bizim də sevincimiz ikiqat olur. Ona görə ki, bu bolluq və bərəkətdə bizim də payımız var. Əgər söhbət builki göstəricilərdən gedirsə, deyim ki, taxıl biçininə 24 kombayn, 24 özüboşaldan texnika, 150 lafet, ümumiyyətlə, 279 müxtəlif növ texnika cəlb olunmuşdur. Bir sözlə, taxıl biçinini qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bizdən asılı olan bütün tədbirlər geçikdirilmədən və keyfiyyətlə aparılır.
Ümumiyyətlə, qeyd edək ki, son illər Zərdab rayonunda digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalında da ciddi irəliləyiş əldə edilmiş, yüksək nəticələr qazanılmışdır. Bu hər şeydən əvvəl, aqrar islahatların uğurla həyata keçirilməsinin, sahibkarlara, fermerlərə, kənd adamlarına göstərilən diqqət və qayğının bilavasitə nəticəsidir.
Taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının daha çox intensiv amillər hesabına artırılması üçün 4 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu il həmin təsərrüfatlarda cəmi 211 hektar sahədə toxumçuluq məqsədilə arpa və buğda yetişdirilmişdir. Rayon üzrə isə zəmilərdən 45 min ton taxıl yığılacağı gözlənilir. Əkilmiş taxıl sahələrinə bu il 230 ton azot gübrəsi verilmiş, alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. Burada, əlbəttə, ilk növbədə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı haqqında”Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamını, eləcə də digər dövlət yardımlarını xatırlatmaq lazımdır. Aqrar sahəyə, kəndə, kənd adamlarına göstərilən belə hərtərəfli diqqət və qayğı isə aydındır ki, onların torpağa bağlılığını ikiqat artırmış, sahənin sürətli inkişafına səbəb olmuş, adamlarda böyük ruh yüksəkliyi, inam və ümid yaratmışdır.
Heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Belə ki, rayon üzrə qaramalın sayı 53585, qoyun-keçilər 109678 başa çatmışdır ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 363 və 1566 baş çoxdur. Rayonda göl balıqçılığının inkişaf etdirilməsi üçün Yarməmmədbağı kəndində 1, Alıcanlı kəndində 2 balıqçılıq təsərrüfatı yaradılmış, arı təknələrinin sayı 410 ədədə çatdırılmışdır. Quşçuluğun inkişaf etdirilməsi məqsədilə “Turac-2008” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əhaliyə 5110 baş cücə satılmışdır.
2012-ci ilin məhsulu üçün 5053 hektarda yazlıq bitkilərin əkilməsi üçün şum qaldırılmış, 4891 hektarda yazlıq bitkilər, o cümlədən 778 hektarda pambıq, 151,5 hektarda kartof, 177 hektarda tərəvəz, 386,5 hektarda bostan, 6 hektarda çəltik əkilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 637,2 hektar çoxdur.
Suvarma işlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi tərəfindən rayon ərazisində kollektor-drenaj şəbəkələrindən 22 kilometr uzunluğunda, 61,8 min kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 3 hidrotexniki qurğu cari təmir edilmişdir. Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Kür çayı boyunca 244 kubmetr sahilbərkitmə işi görülmüş, 17 kubmetr torpaq işi, Körpükənd və Bıçaqçı kəndləri ərazisində yeni layihə üzrə 15 kilometr məsafədə bəndlərin bərkidilməsi və yüngülləşdirilməsi işi aparılmışdır.
Onu da öyrəndik ki, taxıl biçinini qısa müddətdə və itkisiz başa çatdırmaq məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində xüsusi qərargah da yaradılmışdır. Burada hər axşam keçirilən iclasda gün ərzində görülmüş işlər yekunlaşdırılır, qarşıya çıxan çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilir.
Göründüyü kimi, son illər Zərdab rayonunda kənd təsərrüfatı məhsulları istehsalı dinamik şəkildə artmış, ayrı-ayrı sahələrdə yüksək göstəricilər əldə edilmişdir. Taxıl zəmilərində, bağ-bostan sahələrində, heyvandarlıq fermalarında işlərin gedişi ilə yaxından tanışlıq belə deməyə əsas verir ki, builki nəticələr daha yüksək olacaqdır.

Ziyəddin SULTANOV, “Xalq qəzeti”nin bölgə müxbiri