“Azərbaycanın Zərdabi günləri”ndə düşündüklərim

0

“Azərbaycanın Həsən bəy Zərdabi günləri”nə qədəm qoyuruq. Əslində iyul ayını bütövlükdə xalqımızın “qiraət günləri” adlandırmaq olar. Kimlərsə havanın hərarətinin yuxarı olmasından şikayətlənib qiraətçün münasib vaxt seçilmədiyini iddia edə bilər. İyul ayında Antalya arzulayarlar, Nabran arzulayarlar, dağları, şəlalələri arzulayarlar və digər iddialarla.

Bəlkə mərhum Həsən bəy də o vaktkı senzorların yay istirahətində olduqlarından istifadə edib Azərbaycan mətbuatının şərəf tarixini yarada bilmişdi. İsti iyul günlərində doğma xalqının gün-güzəranını sətiraltı mənalarla ifadə etməyə macal tapmışdı. Böyük əziyyətlər bahasına. Onun təkcə İstanbuldan altı aya şrift gətirə bilməsi faktı Həsən bəyin xalqının savadlanması yolunda necə cəfalara qatlaşdığının konturlarını aydınlaşdırmağa kifayət edər.

Həsən bəyin Azərbaycan xalqı durduqca hər il, hər gün anılması onun qazandığı qanuni haqqıdı. Lakin son dövrlərdə çağdaş medianın məzmun və forma imkanlarından az-çox xəbərdar olan bəzi yeni nəsil təmsilçilərinin “artıq “əkin və ziraət xəbərləri”ni tədris etməyin vaxtı ötüb keçmişdir” kimi eyhamlarının arxasında hansı məqsədlərin dayandığını müəyyən etməyə cəhd göstərməsək də böyük həqiqətləri ölkə ictimaiyyətinə xatırlatmağa məcburuq.

Bu həqiqətlər hər şeydən öncə “Əkinçi”nin tariximizdəki yeri və rolu prizmasından dəyərləndirilməlidir. “Əkinçi” uzun illər təkrarlanan biçimdə olduğu kimi  təkcə “mətbuatımızın ilk qaranquşu” olmaqla öz missiyasını başa çatdırmış olsaydı, bəlkə də uzunömürlülük əmsalını bu qədər dəyərə mindirə bilməzdi. “Əkinçi” Azərbaycan xalqının XIX əsr tarixinin güzgüsüdür. Bu dövrdə azərbaycanlıların yaşam tərzini ortaya qoyan, nəsillərə çatdıran tarixi bir abidədi. Tarixi abidəni öyrənməklə başa çatdırmaq olurmu? Onda ki, o böyük həqiqətlər sətiraltı ifadələrlə tarixin yaddaşına köçürülmüş olsun! “Əkinçi”nin xəbərlərinin əhəmiyyəti bunda idi. Onu bugünkü səhər tezdən oxunub axşama boyatlaşan ötəri məlumatlarla müqayisə etmək bəlkə də gülünc görünərdi. Həsən bəyin adi bir məlumatı belə canlı tarix statusundadır.  O başqa məsələ ki, indinin tarixini də özündə əks etdirəcək çoxlu sayda yazılar var və onların da əhəmiyyəti bu günümüzdə olduğu kimi zamanında da veriləcək, etiraf ediləcək yəqin. Lakin heç indinin özündə nüfuzlu dünya çapları ilə ayaqlaşa bilməyən mediamızın bəzi təmsilçilərinin keçmişə bayağı münasibəti başa düşülən deyil. Mətbuat tariximizdən görüntü və ya qazanc naminə yararlanmaq istəkləri də hakəza.

Nə isə. Qarşıdan ümummilli bayram günü gəlir. Mahiyyətini bütün çalarları ilə dərk edib-etməməyimizdən asılı olmayaraq. Bayrammızın – milli mətbuat gününün şərəfinə düzənlənəcək tədbirlərin siyahıları ayaq açıb mediaya. Yığıncaqlar, sponsorlar, bəlağətli sözlərin təkrarlanması ilə 137-ci ili yola salacağıq. Bu sözləri də əksəriyyət elə yığıncaq törənlərinin qapısından çıxan andan düz bir il boyu unudacaq. Həmişə olduğu kimi. Amma əhəmiyyətli işlər də görmək mümkündür. Yalançı mükafatların, “qızıl qələmlər”in və s. paylanılmasını, dürlü-dürlü yemək-içmək masasının xərclərini koordinasiya edib mətbuat tariximizdəki incəlikləri “varlı neft ölkəsində” böyük maddi-mənəvi sıxıntılar bahasına araşdıran cəfakeş insanların – Şirməmməd Hüseynovun, Şamil Vəliyevin, Tahir Aydınoğlunun və başqalarının tədqiqat işlərinə yönəltmək, fikrimcə daha məqsədəuyğun olardı. Xatırlayırsınızsa, bu yaxında onlardan biri – hörmətli professor Şirməmməd Hüseynov arxivlərdə araşdırma aparıb öz şəxsi vəsaiti – təqaüdü hesabına mətbuat tariximizə və M.Ə.Rəsulzadə yaradıcılığına ilgili məlumatları kitab halında çap elətdirdiyini söyləmiş və bu kitablarını ictimaiyyətə nümayiş etdirmişdi…

Media təmsilçilərini təbrik etməyə isə həmişə olduğu kimi quruca ifadələr yetərlidi. Amma səmimiyyəti ilə seçiləndə. Çünki qələm adamları fikrin mahiyyətini onun yazılışından deyil, deyiliş tonu və taktikasından da rahatca anlaya bilirlər…

Qarşıdan gələn milli mətbuat gününüz mübarək, əziz həmkarlar!

Nəzirməmməd Zöhrablı

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty − four =