Sabah Zərdabda tədbir var…

0
21

Milli mətbuatın yaranmasının 137 illiyi, həmçinin Prezident İlham Əliyevin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyi ilə bağlı imzaladığı sərəncama əsasən, iyulun 14-də Zərdab rayonunda tədbir təşkil ediləcək. Həmin gün Həsən bəy Zərdabinin yaşadığı ev-muzeyinə baş çəkiləcək, abidəsinin önünə əkil qoyulacaq. Əksər qəzetlərin baş redaktorları tədbirə dəvətlidirlər. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, həmin tədbirə dəvətlidir və  orada iştirak edəcək. “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova Zərdabda keçiriləcək tədbirə dəvət olunduğunu deyib: “Bəli, dəvət almışam, amma təəssüflər ki, səhhətimlə bağlı iştirak edə bilməyəcəm”. “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də tədbirə dəvətli olunduğunu və eyni zamanda iştirak edəcəyini də deyib. “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də tədbirə dəvətlidir. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Mən  həmin tədbirə dəvət olunmuşam. Bu ayı “Əkinçi”, Zərdabi ayı” kimi qeyd etmək olar. Belə tədbirlərdə iştirak etmək vacibdir və mən də iştirak edəcəm”. “Səs” qəzetinin redaksiyasından bildirilib ki, baş redaktor Bəhruz Quliyev tədbirə dəvətli olsa da, iştirak edə bilməyəcək, çünki baş redaktor YAP gənclər təşkilatının Oğuzda keçirdiyi tədbirlərlə bağlı hazırda Oğuz rayonundadır. “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov qəzetin baş redaktorunun tədbirə dəvət olunduğunu qeyd edib. O bildirib ki, həmin tədbirdə iştirak edəcəklər. “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu deyib ki, qəzetin baş redaktoru tədbirə dəvətlidir və tədbirdə iştirak edəcək. “Yeni  Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da tədbirə dəvətli olduqlarını bildirib: “Qəzetimizin rəhbərliyi dəvət olunub, yəqin ki, baş redaktor Rauf Arifoğlu iştirak edəcək”