16 yaşında faşistlərə qənim kəsilən həmyerlimiz – Aslan Eyvazov

2

Aslan Eyvazov 1926-cı ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuşdu. 1941-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdi. Alman faşistlərinin SSRİ-yə hücumu ilə əlaqədar iki qardaşı cəbhəyə yola düşdüyündən həmin il ali təhsil ardınca gedə bilməmişdi. 1942-ci il mart ayının 1-də, hələ 16 yaşı tamam olmamış Aslanı hərbi səfərbərliklə əlaqədar hərbi xidmətə çağırırlar. Səbəb də göstərirlər ki, onun doğum tarixi düzgün qeyd olunmayıb. Guya, o, 1923-cü ildə anadan olub. Kiminsə donosu əsas götürülür. Aslan müəllim danışırmış ki, buna etiraz etməyib. Çünki hər yerdə vətənpərvərlik tərbiyəsi çox yüksək səviyyədə aparılırdı. Buna görədə hamımız cəbhəyə can atırdıq. Beləcə, Aslan Eyvazov 16 yaşında alman fasitləri ilə döyüşə – cəbhəyə yollanır. İlk vaxtlar onu görənlər üzünə baxan kimi yaşının az olduğunu hiss edərmişlər. Ancaq tezliklə o, döyüş yoldaşlarının rəğbətini qazanır. Təpər, hünər, qorxmazlıq onu hamıya tanıdır. 
Aslan Eyvazov 416-cı Azərbaycan atıcı diviziyasının tərkibinə göndərilir. Bu zaman faşist orduları Qafqaz istiqamətində güclü hücuma keçmişdilər. Yeri gəlmişkən qeyd edək ki, Qafqaz uğrunda döyüşlərdə faşist ordusunun hərbi qüvvəsi Sovet ordusundan piyada hissələr üzrə 1,5 dəfə, top və minamyotlarla 2,1 dəfə, tanklarla 2,3 dəfə, təyyarələrlə 1,7 dəfə çox idi. Almaniyanın 1-ci tank ordusu, 4-cü tank ordusunun bir neçə diviziyası, iki səhra ordusu sovet ordu birləşmələrinin Şimali Qafqazda müdafiə xəttini yararaq sürətlə irəliləyirdi. Şəxsi heyətin 92 faizdən çoxu azərbaycanlılardan ibarət olan, böyük əksəriyyəti hələ döyüş görməmiş 416-cı diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurd rayonuna göndərilir. Bir ay sonra 58-ci ordunun tərkibində Sulak çayının şərq sahilində ağır döyüşlərə girir, Mahaçqala istiqamətində düşmənin hücumunun qarşısını alır. Noyabr ayında yenidən 44-cü ordunun tərkibinə verilir. Terek stansiyasına, yeni döyüş xəttinə göndərilir. 
Aslan Eyvazov artıq müharibənin ob-alovunu görmüşdü. Necə deyərlər, dizləri bərkimişdi, qorxu nədir bilmirdi. Canındakı ölüm xofunu “öldürmüşdü”. Hər döyüşdə həlak olan yüzlərlə yoldaşı onu dözümlü, dəyanətli etmişdi, düşmənə qarşı intiqam hissini gücləndirmişdi. 
Sovet qoşunlarının 1942-ci ilin noyabr ayının 30-da Qafqazda cəbhə boyunca başlanan hücumu düşməni xeyli geri oturtdu. Bu hücumlarda 416-cı diviziyanın bir neçə alayı, o cümlədən Aslan Eyvazovun tərkibində olduğu 1368-ci alay da iştirak edirdi. 1942-ci il dekabrın son günlərində 1368-ci alay Mozdok istiqamətində ağır döyüşlərdə iştirak edirdi. Düşmənə ciddi müqavimət göstərirdi. Alayın aldığı tapşırıq isə qəti idi: düşmənin müdafiə xətti yarılmalı idi. 
Artıq üzbəüz döyüş gedirdi. İtkilərin sayı-hesabı yox idi. Ancaq əsgərlərimiz yalnız düşmənin öndəki səngərinə zorla yaxınlaşa bilmişdi. Aslan müəllim illər sonra o döyüşü əsəbi halda xatırlayırmış. Deyirmiş ki, Məmmədov familiyalı əsgər qəflətən ucadan “Doğma Azərbaycan uğrunda!” deyərək özünü düşmən səngərinə atdı. Ardınca da biz. Əlbəyaxa döyüş başlandı. 
Əsgər Məmmədovun ardınca özünü düşmən səngərinə atan Aslan oda-alova dönür. İndiyədək gözünün qarşısında həlak olan döyüş yoldaşlarının intiqamını almaq üçün daha çox faşist öldürməyə çalışır. Bu qəhrəmanlığı ona şöhrət gətirir. Taqım komandirinin köməkçisi təyin edilir, leytenant rütbəsi verilir. Bu qəhrəmanlığına görə 1-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif olunur. 
Sonralar bu döyüşü xatırlayaraq deyirmiş: heç bilmədim necə sağ qaldım. Hər tərəfim almanlar idi. Onları süngü ilə öldürürdüm. Mənə gözləri böyümüş şəkildə baxırdılar. 
Qafqaz uğrunda döyüşlər 1942-ci il iyulun 25-dən 1943-cü il oktyabrın 9-dək davam etdi. Bundan sonra faşistlər geri çəkilməyə başladılar. 416-cı Qırmızı Bayraqlı Taqanroq—Azərbaycan diviziyası da bir-birinin ardınca qələbələr əldə edərək sürətlə irəliləyirdi. Gənc döyüşçü Aslan Eyvazovun sinəsində də döyüş orden və medallarının sayı artırdı. 
1943-cü ildə Ukrayna uğrunda ağır döyüşlər gedirdi. Aslan Eyvazovun da daxil olduğu taqım öndə idi. Faşistlər müqavimət göstərməyin mənasız olduğunu görüb müdafiə oluna-oluna geri çəkilirdilər. Sentyabrın 16-ı idi. Leytenant Aslan Eyvazov ağır yaralandı. Əvvəlcə Mariopol hərbi hospitalında, daha sonra Bakıdakı hospitallarda müalicə olundu. 1944-cü ilin may ayında onu hospitaldan buraxdılar – ikinci qrup əlil kimi… A. Eyvazovun təkidlərinə baxmayaraq, onun döyüşən orduya qayıtmağına icazə vermədilər. 1944–1947-ci illərdə Zərdab rayon Partiya Komitəsində katib köməkçisi işlədi. Sonra Azərbaycan KP MK nəzdindəki partiya məktəbini bitirib Zərdab rayonunda müxtəlif vəzifələrdə çalışdı. 1951–1956-cı illərdə A. Jdanov adına Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil aldı. Türk dilləri ixtisasına yiyələndi. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda elmi işçi, daha sonra Bakı Dövlət Universitetində baş müəllim kimi fəaliyyətini davam etdirdi. Ömrünün sonuna kimi türk filologiyası kafedrasında çalışdı, professor elmi dərəcəsinədək yüksəldi. Şərqşünaslıq fakültəsində dekan müavini, dekan vəzifələrində çalışdı. Türk, Azərbaycan və rus dillərində türkologiyanın müxtəlif sahələrinə dair 7 kitab və 20-yə qədər elmi məqaləsi çap olundu. 
Aslan müəllim Qələbənin 60 illiyini səbirsizliklə gözləyirdi. Deyirdi ki, Böyük Vətən müharibəsində Bakının, Azərbaycanın və azərbaycanlıların xidməti mütləq qiymətləndiriləcək. Bakı layiqli qiymətini alacaq. Bir də onun doğulduğu ay və gün məlum deyildi. Qələbə gününü özünə doğum günü seçmişdi…

2011-ci ildə onun qəfil ölüm xəbəri çoxlarını sarsıtdı. Aslan Eyvazovun əziz xatirəsi yaddaşlarda daim yaşayacaq. Allah rəhmət eləsin. www.zerdab.com saytı olaraq dəyəli həmyerlimizi anmağı özümüzə borc bildik…

www.zerdab.com

2 ŞƏRH

  1. Gözəl insan idi.Çox səmimi,mehriban,qohumcanlıydı.Allah ona dönə-dönə rəhmət eləsin.Qəbri nurla dolsun.Həyat yoldaşına , oğlanlarına və nəvələrinə ömür versin.

Comments are closed.