Millət vəkilimiz Jalə Əliyeva yazır: Maarifçi ideyalar “Əkinçi”si…

3
Hər kəsi  çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir  bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su  tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus, doğru  söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər”.   Həsən bəy ZƏRDABİ

“Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” deyən Həsən bəy Zərdabi bütün həyatını xalqının qəflət yuxusundan oyanmasına, savadlanmasına, tərəqqi və inkişafına həsr etdi. Həsr etdi demək azdır. Ömrünü, zəkasının işığını, ürəyinin hərarətini xalqının maariflənməsi yolunda sərf etdi. Həsən bəy çox ağır məhrumiyyətlərlə üzləşdi, vuruldu, əzildi, amma sınmadı! Çünki tutduğu yol haqq yolu, gördüyü iş haqq işi idi!

Tanrı ona fitri istedad, bitməz-tükənməz idrak bəxş etmişdi. Həsən bəy ən adi məişət problemlərindən tutmuş ən ali məsələlərə qədər qələmə aldığı hər bir mövzunun ustasına, yolgöstərəninə çevrilmişdi. Onun zəngin irsini oxuduqca heyrətlənməmək mümkün deyil. Hər hansı bir sahənin bilicisinə çevrilmək, hər hansı bir sahədə uğur qazanmaq, bir sahəyə dərindən bağlanmaq mümkündür. Amma məişətin, siyasətin, elmin, ədəbiyyatın, teatrın, bir sözlə, cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmək, həm də dərindən nüfuz etmək, yazıçı, tədqiqatçı, alim, jurnalist, loğman, bağban, həm də siyasət adamı olmaq ancaq Tanrı vergisi və böyük əzmkarlıq sayəsində başa gəlir. Bütün bu keyfiyyətlər Həsən bəyi sadəcə ziyalı deyil, ziyalılar ziyalısı edirdi. Təsadüfi deyil ki, müasirləri onu “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası” adlandırırdılar.

Jalə ƏLİYEVA, Milli Məclisin deputatı, BDU-nun professoru. Foto: www.zerdab.com

Söz yox ki, onun gördüyü işlərin hər biri əhəmiyyətli idi. Lakin Azərbaycanın o zamanki tarixi  inkişaf səviyyəsində ən təsirli, ən münasib vasitələrdən biri söz idi. Zərdabinin “Rusiyada əvvəlinci Azərbaycan qəzeti” məqaləsində oxuyuruq: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri  əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş  qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz. Belədə qəzet  çıxarmaqdan savayı bir qeyri əlac yoxdur. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra, düşmənin düşmənçiliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar”.

H.Zərdabi çox vaxt bir neçə adamın – müəllif, redaktor, mürəttib, naşir, korrektor  və başqa mütəxəssislərin işini  də təkbaşına görürdü. O öz qəzetini dünya mətbuatı ilə müqayisə edərək yazırdı: “Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər  olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm. Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur”.

Üstəlik, hakim dairələrin, mürtəce ziyalıların, mühafizəkar din xadimlərinin təqibləri onu cana gətirirdi. Şüurlarda inqilab edən Həsən bəy hər gün ətrafındakı cəhalət həlqəsindən saysız-hesabsiz təhqirlər, hədələr eşidirdi. O zamanlar Kür çayının o biri sahilindən – Qarabağdan aldığı kobud, təhqiredici bir həcvə Həsən bəyin verdiyi məşhur cavabı xatırlayaq: “Fikrim budur ku, Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub üstündə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm”.

Bəli, bu idi Zərdabinin faciəsi. Hələ maddi-texniki çətinliklər, qəzetin ildə təxminən min manat (o zaman üçün bu, çox böyük məbləğ idi) zərər etməsi.

Bütün bunlara Zərdabi mətanətlə dözürdü. Vətəninə, xalqına bəslədiyi məhəbbət onun iradəsini hər gün daha da möhkəmləndirirdi.

O zaman Bakıya gəlmiş bir fransız jurnalisti Zərdabiyə demişdi ki, “doğrusu, siz əsl qəhrəmansınız. Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyrət eləyirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz”.

Çətin anlarında ən böyük hayanı, onunla bu əzablı, keşməkeşli, məhrumiyyətlərlə dolu, eyni zamanda qürurverici bir həyatı paylaşan Hənifə xanım olurdu. Hənifə xanım Həsən bəyin, sadəcə, ömür-gün yoldaşı, övladlarının anası deyil, onu dərindən anlayan, hər an yanında olan ən yaxşı dostu, ən yaxın həmdəmi idi. Hənifə xanım 1925-ci ildə Zərdabi haqqında qələmə aldığı xatirələrinin sonunu belə tamamlayır: “Oxucu səriştəsiz hazırlanmış bu bioqrafiya ilə tanış olaraq, onun mahiyyətini anlayaraq razılaşar ki, bu vaxtadək Azərbaycan türkləri arasında belə bir xadim olmamışdır. Öz xalqını belə fədakarlıqla sevən başqası nə vaxtsa olacaqmi – kim bilir?”

Hənifə xanımın ilk baxışda çox sadə görünən, hər cür bər-bəzəkdən, təmtəraqdan uzaq olan bu fikirlərinə binaən demək yerinə düşər ki, Hənifə xanım, əlbəttə ki, bu xalq, bu torpaq Zərdabidən sonra da yurduna, xalqına ürəkdən bağlı olan, həyatını xalqının gələcəyinə həsr edən fədakar oğullar yetişdirdi. Və bu böyük oğulların davamçıları olanlar da aldıqları böyük dərsi unutmayaraq, keçdikləri böyük məktəbə sadiq qalaraq xalqı parlaq bir gələcəyə aparmaqla yanaşı, uluları da yaşadırlar.

Bu mənada hələ sağlığında böyük bir maarifçilik, vətənsevərlik məktəbi yaradan Həsən bəy Zərdabinin 170 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar olaraq ölkə Prezidenti cənab İlham Əliyev bu ilin iyun ayında verdiyi dəyərli sərəncamla, düşünürük ki, həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi. Bu sərəncam üçün qəlbində elm, maarif çırağı gəzdirən, damarında milli təəssübkeşlik, vətənpərvərlik qanı axan milyonlarla azərbaycanlı öz sevimli Prezidentinə minnətdardır. Təbii, bu milyonların içərisində Zərdabinin həmkəndlisi olan, doğulub boya-başa çatdığı torpağın hazırkı əlli beş minlik əhalisi də var. Biz  ölkə Prezidentinə böyük elm və sənət fədaisi, xalqını ürəkdən sevən Həsən bəy Zərdabinin irsinin araşdırılması və layiqli qiymətinin verilməsi xahişi ilə etdiyimiz müraciətə həssaslıqla yanaşdığı üçün sonsuz təşəkkürlərimizi bildiririk. Nə yaxşı ki, milli-mənəvi, tarixi dəyərlərimizin qorunması və bu dəyərlərin gələcək nəsillərə saf və təmiz bir şəkildə ötürülməsi üçün dönməz iradə göstərir, güclü zəka nümayiş etdirir, bitməz-tükənməz qüvvə sərf edirsiniz.

…Və sonda.

Bəzən düşünürəm ki, Həsən bəyin qismətinə, həqiqətən, çox qəribə, qəribə olduğu qədər şərəfli və şərəfli olduğu qədər də əzablı bir tale payı düşüb. Həyatda çəkdikləri az deyilmiş kimi, axirət dünyasında da əbədi uyuduğu məkan dəfələrlə dəyişdirilib, uğrunda bütün maddi varlığından imtina etdiyi vətənində nəşini tapşırmağa bir qarış torpaq qəhətə çıxıb,  ruhu sərasər dolaşıb. Nəhayət, ölümündən tam əlli il sonra əbədi rahatlıq tapıb, Fəxri xiyabanda torpağa tapşırılıb.

Tale elə gətirib ki, doğulub böyüdüyü, yaşadığı, misilsiz əsərlər yaratdığı evi də baxımsızlıq və biganəlik  ucbatından uzun illər maddi və mənəvi aşınmaya məruz qalaraq az qala xarabalığa çevrilib. Nəhayət, qədirbilən və vətənsevər insanların təşəbbüsüylə onun adını  əbədiləşdirmək, zəngin irsini gələcək nəsillərə layiqincə tanıtmaq üçün 2005-ci ilin may ayında həmin evə muzey statusu verilib və burada Zərdabi muzeyi açılıb. Həmin tarixə qədər tamamilə yararsız vəziyyətdə olan ev və həyət həmin il əsaslı şəkildə bərpa və təmir edilib və “Əkinçı” qəzetinin 130 illiyi ərəfəsində qapılarını bütün zərdabisevərlərin üzünə açıb. Çox qısa bir müddət ərzində Respublika Baş Arxivindən və respublikanın bütün muzeylərindən 200-ə yaxın eksponatın surəti Zərdaba gətirilib. Bu gün muzey doqquz nəfər ştat vahidiylə tam fəaliyyət göstərir.

…İndi Zərdabinin doğma vətənində – Zərdabın ən əsas küçəsi olan, ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə göz oxşayan, cəlbedici bir ev var. Evin xudmani bağçası isə kiçik bir cənnəti xatırladır. Lakin bu evin daha da gözəlləşməyə, Zərdabinin özünün yaratdığı, eyni zamanda onun haqqında yazılan əsərlərlə, kitablarla zənginləşməyə ehtiyacı var. Çünki bu evdə sıradan əsərlər deyil, öz dövrünün milli düşüncəsini formalaşdıran, ürəklərdə  vətən və millət sevgisi  oyadan, beyinlərdə elm və maarif işığı yandıran əvəzsiz əsərlər ərsəyə gəlib.

Şübhəsiz ki, heçdən var yaratmaq böyük hünərdir. Həmin hünəri göstərənlər, əlbəttə ki, ən böyük alqışa layiqdirlər. Bizim isə öhdəmizə olanları qorumaq, inkişaf etdirmək və bizdən sonra gələnlərə tanıtmaq düşür. İki gün əvvəl ölkə başçısı mənəvi irsimizə böyük diqqət və qayğısının növbəti örnəyi kimi Həsən bəy Zərdabinin ev muzeyinin əsaslı təmiri və bədii tərtib işlərinin aparılması, muzeyin zəruri avadanlıqla təchiz edilməsi və eksponatlarla zənginləşdirilməsi, eləcə də ərazisinin abadlaşdırılması haqqında verdiyi sərəncamla taixi keçmişimizin, bugünümüzün və gələcəyimizin əbədiyyət kitabına yeni bir silinməz imza atdı. Və bu sərəncam üçün cənab Prezidentə bütün zərdabisevərlər dərin təşəkkürünü bildirir.

3 ŞƏRH

  1. Jalə xanimin sadeliyi, safligi onun üzünde, gozelliyinde oz eksini tapıb. Maraqlı yazıdır, çox sağ olsun.

  2. Deyirler Allah sadə və səmimi insanları sevir. Jalə Əliyevada belələrindəndir. Zərdablilar onunla qurur duyurlar.
    Yazisini maraqla oxudum. Konul arzu edərdiki belə yazilar cox olsun. Səmimi qəlbdən təsəkkurlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four + eleven =