Milli Qəhrəman, sadə və səmimi insan – Şükürov Şahlar Əvəz oğlu

1
Milli Qəhrəman Şükürov Şahlar Əvəz oğlu
Milli Qəhrəman Şükürov Şahlar Əvəz oğlu

Azərbaycanın Milli Qəhrəmanı Şükürov Şahlar Əvəz oğlu Zərdab rayonunda anadan olmasa da, zərdablılar üçün ikiqat doğma insan sayılır. www.zerdab.com saytı Azərbaycanın Milli Qəhrəmanı Şükürov Şahlar Əvəz oğlu ilə bağlı maraqlı məlumatları diqqətinizə çatdırır…
Şükürov Şahlar Əvəz oğlu 1952-ci il mayın 17-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1972-ci ildə təhsilini başa çatdıraraq, ordu sıralarına yollanıb. Ordudan tərxis olunduqdan sonra Bakıda islah-əmək müəssisələrindən birində çalışıb. Şahlar daha sonra fəaliyyətini Ucar Rayon Daxili İşlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirərək, 1987-ci ildə Zərdab Rayon Daxili İşlər Şöbəsində əməliyyat işləri üzrə rəis müavini təyin edilib. O, öz nümunəvi işi, nizam-intizamı, yüksək bilik və bacarığı sayəsində polis mayoru rütbəsinə qədər yüksəlib. Zərdab rayonunda çalışdığı müddətdə səmimi münasibəti, diqqətcilliyi sayəsində zərdablıların sevimlisinə çevrilib. Deyilənə görə, insanlarla görüşərkən bu rayonda fəaliyyət göstərməkdən, sadə, mehriban, kasıb, kasıb olduqları qədər də qonaqpərvər Zərdab camaatı ilə birgə çalışmaqdan qürur duyduğunu bildirərmiş. Rəis müavini çalışdığı müddətdə çox insanların dadına yetişib Şahlar Şükürov. Tez-tez: “Mən təkcə dövlətin yox, həm də sadə insanların adamıyam. Ona görə də sevilirəm, bu sevgi mənim üçün nəyə desən dəyər”,-deyərmiş. Yəqin elə buna görə də Zərdab camaatı bu gün də onu dərin hörmət və ehtiram hissi ilə xatırlayır.
Ş. Şükürov 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində erməni yaraqlılarının qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub. Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var. Allah rəhmət eləsin…

www.zerdab.com

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − fourteen =