24 saatlıq sərmayə

0

Qədim zamanlarda bir padşah iki əsgərini alış-veriş üçün başqa bir şəhərə göndərir. Hər ikisinə 24 qızıl verir və: “Bunları sizə söylədiyim şeylərə xərcləyin. Ancaq israf etməyin”,- deyir. Əsgərlər yola çıxırlar. Onlardan biri yeyir-içir, ancaq padşahın dediklərini də unutmur.
24 qızılın bir hisəsini onun istədiklərinə xərcləyir, bir hissəsini isə yol pulu üçün saxlayır. O biri əsgərin isə gördükləri başını gicəlləndirir və padşahın dediklərini unudur. Bütün vaxtını və pulunu yeyib-içməyə, əyləncəyə xərcləyir. “Pulum çoxdur, saraydan uzaqdayam, bir də əlimə belə imkan düşməz”,-deyib qızıllarını sağa-sola xərcləyir. O biri əsgər nə qədər xəbərdarlıq etsə də eşitmir. Nəhayət əsgər pullarının hamısını xərcləyib qurtarır. Saraya qayıtmaq vaxtı gəlib çatır. Pulunu padşahın dediyi kimi xərcləyən əsgər sağ-salamat saraya qayıdır və padşah tərəfindən mükafatlandırılır. O biri isə yolda min-bir əziyyət çəkir. Qızılların hesabını verə bilmədiyi üçün də padşah tərəfindən cəzalandırılır.
Bu rəvayətdə bəhs edilənlər əslində bizim həyatımızdır. Əgər istəyirsinizsə bir az da bunun üzərində düşünək. Rəbbimiz bizə yer üzərində saysız-hesabsız nemətlər bəxş edib. Üstəlik, hər biri qızıldanda dəyərli olan 24 saat verib. Bu 24 saatı onun istədiyi kimi istifadə etsək həm bu dünyada, həm də o dünyada xoşbəxt olarıq. Yox əgər istifadə etməsək, rəvayətdəki acı aqibətli əsgərdən heç bir fərqimiz qalmayacaq…

P.S Bəs siz bu əsgərlərin hansındansınız, heç düşündünüzmü?

Hazırladı: Nərmin İlqarqızı. Yazıdan istifadə olunarkən www.zerdab.com saytına istinad zəruridir.