Professor Məhərrəm Məmmədli: “Zərdabda keçən uşaqlığımı ən xoş, qayğısız illər kimi xatırlayıram” – MÜSAHİBƏ

6
32080
meherrem-memmedov-zerdab-Elvend-BDU

Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, həmyerlimiz Məhərrəm Məmmədli Zerdab.com saytına müsahibə verib. Müsahibədə həmyerlimiz qayğısız uşaqlıq illəri, ata ocağı ilə bağlı duyğu və düşüncələrini bölüşüb, rayonumuzun ziyalıları, görülən işlərlə əlaqədar maraqlı fikirlərini açıqlayıb.

– Məhərrəm müəllim, mümkünsə, oxucularımıza özünüz haqda məlumat verərdiniz…
– 1958-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşam. İlk təhsilimi Əlvənd kənd orta məktəbində və Göyçay şəhər 6 saylı orta məktəbdə almışam. Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsini, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasını və doktoranturasını bitirmişəm. 1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik, 2006-ci ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişəm. 1989-1997-ci illərdə Dilçılik İnstitutunda elmi işçi, 1998-ci ildən isə BDU-da çalışıram. Hazırda türkologiya kafedrasının professoruyam. Həmçinin Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvüyəm. 5 kitabım, 100-ə yaxın elmi və publisistik məqaləm respublikamızda və xaricdə çap olunmuşdur.

– Zərdab rayonu sizin üçün nə deməkdir? Sizi bu rayona bağlayan hansı səbəblər var?
– Zərdab ana yurdumdur. Dünyasını dəyişmiş əzizlərimin, indi doğmalarımın yaşadığı məkandır. Mərhum alimimiz Fuad Qasımzadənin sözlərini xatırlamaq yerinə düşərdi: “Həsən bəy Zərdabinin doğulduğu yer ziyalıların qibləgahıdır”. İmkan tapan kimi kəndə gedirəm, qohumlarıma, dostlarıma baş çəkirəm. Toylarda və yaslarda iştirak edirəm, sevinclərinə və kədərlərinə şərik oluram.

– Uşaqlıq illərinizi necə xatırlayırsınız?
– Uşaqlıq illərim çox maraqlı keçib. Bu illər sovetin “pambıq” dövrünə düşsə də, müdrik baba və nənələrimin əhatəsində böyümüşəm. Həmyaşıdlarım kimi mal da otarmışam, ot da daşımışam, pambıq da yığmışam, Kür çayında çimmişəm, balıq tutmuşam, futbol, gizlənqaç, mərə-mərə oynamışam. Novruz bayramında keçirilən mərasim oyunlarının iştirakçısı olmuşam. Həmin illəri ən xoş, qayğısız illər kimi xatırlayıram.

– Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?
– Boyüyüb-başa çatdığım, ömür yollarımda həmişə mənə dayaq olmuş el-obama özümü mənəvi cəhətdən borclu hesab edirəm. Bir problem yarananda, əhali ondan əziyyət çəkəndə özümü də günahkar sayıram. Həmin çətinliklərin aradan qaldırılması üçün imkanlarımdan maksimum dərəcədə istifadə edirəm.

– Sovet dövrünün Zərdabı ilə bugünkü Zərdabı necə müqayisə edərdiniz?
– Sovet dönəmi ilə müqayisədə rayonumuz xeyli dəyişmişdir. O illərdə Zərdab kiçik pambıqçılıq rayonu kimi tanınırdı. Əhali çox əziyyət çəksə də, sosial problemlər yığılıb qalırdı. Həmin dövrdə “Sovet kəndi” qəzetində bununla bağlı dəfələrlə məsələ qaldırmışam. İndi insanların şüuru dəyişib, maddi rifahı yaxşılaşıb, təsərrüfatı genişlənib. Rayonda abadlıq işlərinə xüsusi önəm verilir; yollar asfaltlanır, parklar salınır, məktəblər yenidən tikilir və ya təmir edilir, kəndlərdə sutəmizləyici qurğular quraşdırılır. Bir sözlə, əhalinin rifahının yaxşılaşması üçün zəruri işlər həyata keçirilir.

– Məhərrəm müəllim, heç düşünmüsünüzmü, kənddə yaşasaydınız, Bakıya gəlməsəydiniz dolanışığınızı necə çıxarardınız?
– Müəllimlik mənim üçün ən şərəfli peşədir. Kənddə yaşasaydım da orta məktəbdə müəllim işləyərdim. Abituriyent hazırlığı ilə məşğul olardım. Maldarlığa və bağçılığa da vaxt ayırardım.

– Ata evinizə gedəndə hansı hisləri keçirirsiniz?
– Bilirsiniz ki, indi kəndlərdə bir çox evlərin qapısı bağlıdır. Cavanlar Bakıya və Rusiyanın müxtəlif şəhərlərinə üz tuturlar, dolanışıqlarını orada tapırlar. Ata evinə gedəndə qürur hissi keçirirəm; babamın, atamın yandırdığı işıq həmişə yanır, həyat davam edir, mal-qara, toyuq-cücə səsi gəlir, həyətdə səliqə-səhman gözə dəyir, çəpərimizin uçan yerləri düzəldilir, bağımız vaxtında sulanır. Bütün bu işləri qardaşım Mahur görür, kənd mədəniyyət evində işləyir və atamın ənənələrini davam etdirir.

– Zərdab rayonundan olan hansı tanınmış şəxslərlə əlaqələriniz var?
– Zərdabi yurdundan tanınmış şəxslər çoxdur. Onlar müxtəlif sahələrdə rayonumuzu ləyaqətlə təmsil edirlər.Professorlar İ. Əliyeva, İ. Məmmədov, M. Teymurlu, filologiya elmləri doktorları X. Babayev, B. Babayev, dosentlər Rafiq və Rəhim Qurbanovlar, Z.Nuriyeva, S.Süleymanova, H.Alıyev, E. Həsənov, Y. Eminov, hüquqşünas M. Eminov, tanınmış jurnalistlər Ü.Məmmədli və İ. Məmmədli, poliqraf E. Qasımov və b. ilə sıx əlaqələrim var.

– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
– Çoxlu var-dövlətim olsa, bir hissəsini xeyriyyə işlərinə ayırardım. Kəndimizdə bağça-lisey kompleksi tikdirərdim, müsir avadanlıqlarla təchiz edərdim. Müəllimlərə tələbatlarına uyğun əmək haqqı verərdim ki, şagirdlərlə ciddi məşğul olsunlar. Kəndlərdə bir çox fənlər üzrə müəllimlərin olmaması şagirdlərin ali məktəblərə qəbuluna maneçilik törədir. Bu problemi yerli kadrların hesabına aradan qaldırmaq mümkündür.

– Böyüyüb boya-başa çatdığınız Zərdab rayonunda Sizi tanıyırlarmı?
– Ümid edirem ki, ziyallılar və rayonun elitası tanıyır. Son illərdə rayon haqqında çap edilən kitablar və sizin saytınız bu sahədə xeyli iş görmüşdür.

– Rayonumuzda oxumaq, tanınmaq arzusunda olan kifayət qədər gənc var. Bir ziyalı kimi onlara sözünüz?
– Fərəhləndirici haldır ki, rayonumuzda təhsilə maraq çox güclüdür. Müasir dövrdə gənclər üçün yaxşı imkanlar yaranmışdır. Rayonumuzun gəncləri də bakalavr təhsili ilə kifayətlənməməli, mövcud imkanlardan maksimum yararlanmaqla, nüfuzlu mövqe tutmağa çalışmalıdırlar.

– Dostlarınız çoxdurmu?
– Atalar yaxşi deyib: dostunu göstər, deyim nə cür adamsan. Xasiyyətinə və əqidəsinə görə adamlar həmdəm olurlar. Uşaqlıq, tələbəlik, müəllim, alim və müxtəlif peşə sahibləri olan dostlarımla tez-tez görüşürük, gördüyümüz işləri müzakirə edirik. Xaricdə – Türkiyə, İran, Almaniya, Krım və Kazanda yaşayan dostlarımla elmi əlaqələrimiz var.

– Sizin kimlərə və nə kimi xeyriniz var?
– BDU-nun filologiya fakultəsində Azərbaycan dialektologiyası, Altayşünasliğın əsasları, Türkologiyaya giriş fənlərini tədris edirəm. Təqribən ildə 200 nəfərə yaxın tələbəyə (onların arasında həmyerlilərimızdə var) təlim-tərbiyə və bilik verirəm. Onların savadlı mütəxəsis kimi yetişməyinə yaxından köməklik göstərirəm. Son 10 ildə rayonumuzda ali təhsil almış gənclərin əksəriyyətini həyatda düzgün mövqe tutmağa  istiqamətləndirmişəm.

– www.zerdab.com saytı ilə bağlı fikirlərinizi bilmək istərdik…
– Rayonumuzun tarixinin öyrənilməsində, ziyalılarının tanıdılmasında,  xəbərlərin geniş ictimaiyyətə çatdırılmasında www.zerdab.com saytının xeyirxah işini yüksək qiymətləndirirəm. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram!

Nicat, Zerdab.com

6 ŞƏRH

  1. Bele hemyerlimizle fexr edirem.Teki rayonumuzun taninmiw sexslerinin hamisi genclere onun kimi qaygi gostersin. Musahibesinden gorunduyu kimi cox qaygikes insandir

  2. Bizi ümidlendirse, bele ziyalılar ümidlendirecek. Ot öz kökü üste biter deyib atalar. Bu insanın ziyalılığı, semimiliyi üzünde yazılıb. Üz-gözünden nur tökülür, maşallah. Müsahibeni bir nefese oxudum, yoldaşıma da oxutdum. Çox sevinirikki bele ziyalımız var. Allah size kömek olsun Meherrem müellim, Allah sizi ve ailenizi qorusun. Ümid edirik ki övladlarınız da sizin kimi öz yurduna, el-obasına, Azerbaycanına bağlı insanlardılar. Öpürem sizi, bağrıma basıram. Yeni-yeni xoş xeberlerinizi gözleyirik inşallah. Bu Ramazan günü ağzı oruclu-oruclu size o ki var dua eledik, day bundan artıq ne lazımdır 🙂 Var olasınız.

  3. Məhərrəm müəllim, siz dəyərli alim, gözəl insansınız. Siz Bakı Dövlət Universiteti kimi elm məbədində çalışan azsaylı zərdablılardansınız. Mən şahidiyəm ki, Siz hər bir zərdablınızın uğurlarına necə sevinirsiniz və imkan daxilində kömək etməyə çalışırsınız. Burada sizi gördüyümə çox sevindim. Sizə bundan sonrakı həyatınızda uğurlar arzulayıram. Sizə dərin hörmətlə Ruhəngiz. Sankt-Peterburq.

  4. Biz sizinle fexr edirik, uzun omur cansagligi.. Hemiwe bele yukseklerde olun..

  5. Men cox qurur hissi ile oxudum ve fexr etdim ki, Meherrem muellim menim BDU-de hem muellimim, hem de elmi rehberim olub.Yeniden telebelik illerine qayitdim. Kecmiw telebeniz olaraq size can sagligi arzu edirem.

Comments are closed.