Zərdab ərazisində yaşayış e. ə. IV minillikdə başlayıbmış – fakt

0
42

 

Foto: www.zerdab.com

www.zerdab.com saytı Zərdab rayonunun tarixinə dair daha bir maraqlı araşdırmanı təqdim edir.

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməyib. Hələ qədim dövrlərdə rayonun ərazisi insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. Zərdab ərazisində tapılmış (təsərrüfat işləri zamanı şum aparılarkən-red) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar hələ tunc dövründən başlayaraq yaşamışlar. Qeyd edək ki, Erkən Tunc dövrü (e. ə. IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri “Tarix-e Şeyx Uveys” əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə “Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu”… Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “Yetmiş göl” deməkdir, monqollar Kürün şimalında Zərdab-Hacıqabul-Kürdəmir ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar. Rəvayətə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olub yer altında qalmışdır. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, “İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orda gizlənəsən, səni də tapmaq mümkün olmaya” deyirlər. Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın necə yaranması ilə əlaqədar müxtəlif ehtimallar var. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə, nə zamansa və hansı səbəbdənsə gölün dərinliyində qırmızı kərpicdən tikili batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir. IX-X əsr ərəb coğrafiyaşünasları və səyyahları yazıblar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən kecib gedirdi. İbn Həvqəl X əsrdə “Yollar və məmləkətlər” əsərində yazırdı ki, “Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx 6-8 km-dir) yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəx yol var…” Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur. Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.

“Azərbaycan SSR atlası” kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından (“Qoyun ülumu”ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba (“Qoyun ülumu”na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zülhiccənin 11-də “Qoyun ülumu” kecidinin yanından Kürü keçdi…

Bugünkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazır. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H. Zərdabi “Kaspi” qəzetində 1892-ci ildə yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən, 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşğul olurdular.

Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.

www.zerdab.com