Bizim dünyamızda qonşunun yeri bir başqa olub…

1
24
Vüqar Zülfüqar. Həmyerlimiz, tanınmış teleaparıcı

Orta yaşlı və ağıldan kəm bır qadın düşünün. Qadın yaşı 80-dən yuxarı olan qoca anası ilə yaşayır. Günlərın bir günü bu qadının qoca anası dünyasını dəyişir. Qadın isə heç bir sey olmamış kimi eyni evdə anasının cəsədi ilə nə az, nə çox düz 7 il yaşayır. Detallara girmək istəmirəm, ancaq bir fikirləşin: yaşlı qadının cəsədi evin içində qoxuyur, çürüyür və nəticə olaraq sadəcə geriyə skelet qalır. Köhnə əşya alqı-satqısı ilə məsğul olan adam qadının yaşadığı bu evə girib bu qorxunc mənzərəni gorməsəydi, bəlkə də bu xəstə qadın daha neçə il anasının cəsədı ilə yaşayacaqdı.
Haqqında danışdığım bu tükürpərdən, qorxunc hadisə İstanbulun Fatih rayonunda yaşanıb. Polis qadını nəzarətə götürəndən sonra qonşularla sorğu-sual keçirir. Qonşuları isə yaşlı qadının qızının biraz ağıldan kəm olduğunu, bəzən səbəbsiz yerə ora-bura qaçdığını bildirərək bir növ hadisənin bu şəkildə cərəyan etməsini normal olduğunu qəbul edən sözlər söyləyirlər. Bura qədər insan düşünür ki, dünyada o qədər qeyri-adi hadisələr baş verir ki, bu da onlardan biridir də. Ancaq mən burda başqa şeyə diqqət çəkmək istəyirəm. O da qonşuluq əlaqələridır.
Bu nə deməkdır? Bunun necə izahı ola bilər?  Eyni blokda, eyni mərtəbədə, qapıların belə qarşı-qarşıya olduğu bir yerdə bir insan 7 il görünmir və heç kim maraqlanmır ki görəsən nə olub, niyə bu yaşlı qadın gözə dəymir?  Bəlkə xəstələnib? Bəlkə nəyəsə ehtiyacı var? Bəlkə yeməyə cörək tapmır? Qızı ağılsız da olsa, yəqin marketə gedir, bazarlıq edir, yəni cölə çıxır. Dilucu da olsa, soruşulmur halı, əhvalı, anası?  Bu nə qorxunc laqeyidlik, biganəlik, bu nə eqoist həyat tərzidir ki, yan tərəfdə yaşayan insan bir gün deyil, beş gün deyil, düz 7 ildir yoxdur və bu da heç kimin vecinə belə deyil. İnsanlığın öldüyü, paslı vicdanların daha da paslandığı, qonşuluq haqlarının ayaqlar altına alınıb tapdalandığı bir insanlıq ayıbından gedir söhbət. Nə acıdır kı, bu hadisə qonşuya az qala yaxın qohum qədər dəyər verən müsəlmanların yaşadığı bir ölkədə baş verir.
Qərb dünyasını deyə bilmərəm, ancaq bizim dünyamızda qonşunun, qonşuluğun yeri bir başqa olub. Qonşunun birinin başına bir şey gəlsə, qonşusu ən yaxın qohumundan daha tez çatıb harayına. Sevincli günündə, kədərli günündə bizim insanımızın yanında ilk olaraq qonşusu olub. Qonşuluq haqları bizim dünyamızda müqədəsdir. Hətta “uzaq qohumdansa yaxın qonşu daha yaxşıdır”, “ev almayın, qonşu alın” deyən atalarımız qonşunun, qonşuluğun əhəmiyyətini vurğulayıblar qızıldan qiymətli sözləri ilə.
Ancaq gəlin görün ki, bu hadisədə də olduğu kimi, artıq qorxunc nəticlərə gətirib çıxaran qonşu biganəlikləri günümüzdə normal hala çevrilib. Artıq “ac qulağım, dinc qulağım”, “mənə toxunmayan ilan min yaşasın”, “mən tox olduqdan sonra istərsə bütün dünya acından ölsün” kimi iyrənc düşüncələr bürüyüb duyğularımızı. O müqəddəs qonşuluq haqlarının, qarşılıqlı hörmətin, sevginin yerini illərlə qarşı-qarşıya eyni blokda yaşamalarına baxmayaraq, bir-birini tanımayan, ya da tanımaq istəməyən insanlar, daha doğrusu,  “qonşular” alıb. Yalnız öz həyatını yaşayan, başını qaldırıb heç kimin üzünə baxmayan, marketə girərkən özünə, uşaqlarına ən yaxşını, ən gözəlini alarkən yanından keçib getdiyi, bəlkə də günlərdir bir çox şeyə möhtac olan ehtiyac  içindəki qonşusuna salam belə verməyən insanlarla doludur ətrafımız.
Biz özümüzdən uzaqlaşdıqca, öz dəyərlərimizə ikrah hissi ilə yaxınlaşdıqca, “avropalılar, amerıkalılar da belə yasayır” deyərək komplekslərimizin altında əzildikcə ətrafımızdan uzaqlaşacaq, ancaq qapalı qapılar arxasında öz həyatımızı yaşayacaq, qonşu ilə o gözəl söhbətlər, haləhval tutmaq var ikən virtual dostlarla tanış olacaq, virtual oyunlar oynayacaq, evdə belə öz doğmalarımızla əməlli vaxt keçirməyəcək, internetin, sosial şəbəkələrin qulu, köləsi olacaq və bir gün ayılmağa belə fürsət olmadan görəcəyik ki, ölüm çoxdan gəlib başımızın üstünü kəsdirib. Artıq o zaman da iş işdən keçmiş olacaq.
Son olaraq əvvəl mənə, sonra da, bu sətirlərı oxuyanlara, faydalı olması diləyi ilə Peyğəmbərimizin qonşuluğun önəmi haqqında bir neçə hədisini paylaşmaq istəyirəm:
– Allaha və qiyamət gününə inanan qonşusuna yaxşılıq etsin.
– Evinizdə bişən yeməkdən qonşunuzun haqqını verin.
– Qonşusu ac ikən, tox yatan bizdən deyildir.
– Qonşuna da ata və anana hörmət edər kimi hörmət et.
– Namaz qılan, oruc tutan, sədəqə verən, ancaq dili ilə qonşularını incidən o qədər insan var ki, gedəcəkləri yer Cəhənnəmdir…
Vəssalam…
twitter.com/vuqarzulfuqar

1 comment

  1. Zaman dəyişdikcə insanlar da dəyişir. Daha doğrusu insanlar özlərini zamana, yeniliyə (Avropaya) uyğunlaşdırmağa çalışırlar. Özleride bilmeden xasiyyətləri də, həyat tərzləri də, ətrafdakı insanlarla, hətta ailə üzvləri ilə belə davranışları çox dəyişilir. Sanki süniləşir. Məncə, insanın vicdanı və insafı olsa o istər ən müasir şəhərdə yaşasın, istərsə də ki, ən ucqar dağ kəndində bunun heç bir fərqi olmaz…

Comments are closed.