Vurulmuşam sənə, a Kür qırağı!

0

www.zerdab.com fəaliyyətə başlayanda çoxumuz bu saytın adi, sıradan bir sayt olacağını təxmin edirdik. Ancaq saytın sorağının fərqli-fərqli yerlərdən gəlməsi əslində bizim düşündüyümüzdən də ağır və məsuliyyətli bir işə çiyin verdimizi sübut etdi. Hazırda www.zerdab.com saytının təkcə ölkəmizdən kənarda yüzlərlə daimi oxucusu var. Bakıda yaşayan həmyerlilərimizin saytımızı davamlı izləmələri, doğma rayonumuzdan olan daimi oxucularımız bizi işimizə daha həvəslə yanaşmağa vadar edir. Elə gün olmur ki, istər rayonumuzdan, istər Bakıdan, istərsə də, xaricdən saytımızda yayımlanmış yazılara şərhlər yazılmasın. Bəzən emailimizə sürpriz məktublar, yaxud da əlaqə telefonumuza gözləmədiyimiz zənglər gəlir…
Bu diqqət, bu maraq bizi çox sevindirir. Əmin ola bilərsiniz ki, Azərbaycanın ilk peşərkar və operativ region, bölgə saytı olan www.zerdab.com gələcəkdə daha böyük uğurlara, yeniliklərə imza atacaq. Bu günlərdə saytımızın emailinə növbəti maraqlı bir məktub daxil olub. Məktub Ucar rayonunun Yuxarı Şilyan kəndində doğulmuş Səftər Kərəm oğlu Həsənzadə barədədir. Əlbətdə, sual oluna bilər ki, S. Həsənzadə Zərdabda doğulmayıbsa, onunla bağlı hansı məktub ala bilərik. Lakin məktubda qeyd olunur ki, Səftər müəllim uzun illər Zərdab rayonunun müxtəlif kəndlərində müəllim işlədiyindən həmişə doğma Zərdaba bağlı insan olub. Odur ki, Zərdab rayonunu təmsil edən www.zerdab.com saytında mərhum müəllim-şair Səftər Həsənzadə ilə bağlı yazının yayımlanması onun yaxınları üçün təsəlli ola bilər. Həmin yazıdan bir hissəni təqdim edirik:
“Səftər Kərəm oğlu Həsənzadə 1915-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olub. 1920-ci ildə atası dünyasını dəyişdikdən sonra anasının himayəsində böyüyüb. Göyçay İkiillik Müəllimlik Kursunu bitirdikdən sonar Zərdab rayonunun Hüseynxanlı kəndindəki ibtidai məktəbə direktor təyin olunub. O, Xanməmmədli, Qoşaoba, Kəndəbil, Şahsünlü, İsaqbağı, Gəlmə kəndlərində də müəllim, dərs hissə müdiri vəzifələrində çalışıb. 1939-cu ildə İkinci Cahan Savaşına çağırılıb. Rusiyanın Voronej, Stalinqrad, Tambov, Kursk, Bryansk; Ukraynanın, Xarkov, Çerniqov, Rovno; Belorusiyanın Qomel, Brest vilayətlərindəki şəhər, rayon, kəndlərində vuruşlarda, Polşa şəhərini azad etməkdə sovet ordusu sıralarında döyüşlərdə iştirak edib. Xarkov şəhərinin müdafiəsində onunla çiyin-çiyinə Zərdab rayonunun Şəftəxal kəndindən Xəlil Xəlilov, Nəzəralılı kəndindən Qafur Fəttahov və başqaları döyüşüblər”.
Məktub çox genişdir. Lakin biz onun məhz Zərdab rayonuna aid olan hissəsini saytımızda yerləşdiririk. Mərhum Səftər Həsənzadəyə isə Allahdan rəhmət diləyirik, məkanı cənnət olsun. www.zerdab.com saytı Səftər Həsənzadənin məşhur “A Kür qırağı” şerini oxuculara təqdim edir.

A Kür qırağı
Min doqquz yüz otuz iki sənədə,
Mən də düşdüm sənə, a Kür qırağı!
Ən gənc çağlarımdan qulluq eylədim,
Qulluq edəm yenə, a Kür qırağı!

Mərkəz olub sənə əzizim Zərdab,
Səndən ayrılanlar gətirərmi tab?
Dillərin əzbəri can Abdulgülab,
Söykənibdir sənə, a Kür qırağı!

Cənnəti rizvansan, kövsər-bulağı,
Hər kəs səndə gəzib, olubdur halı,
Neyləyir dünyada dövləti, malı,
Şam tut ömrə-günə, a Kür qırağı!

Baqqi çeşmələrin yada düşür, ax,
Gəzdim sahilini araqbaaraq,
Qırxıncı sənə də səndən çıxaraq,
Düşmüşəm bax belə günə, a Kür qırağı!

Səfalı yerlərin behiştə bənzər,
Yetişər gözəllər, sinəndə gəzər,
Nə deyim, olmusan dillərdə əzbər,
Vurulmuşam sənə, a Kür qırağı!

Dastanlar deyərlər səni görənlər,
Ayrılıb çıxanlar, billah vərəmlər,
Bir zaman Səftər də eylədi nəzər,
Könlümə sevinc ver, a Kür qırağı!

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen − 4 =