Ucar-Zərdab yolunda nəqliyyatın hərəkəti tədricən mümkünsüzləşir

2
60

Ucar-Zərdab əsas magistral yolunun bərbad vəziyyətə düşməsi ilə bağlı bir müddət öncə xəbər vermişdik. Yolun bu vəziyyəti sürücüləri və sərnişinləri təngə gətirib. Onlar asfalt örtüyünün tamamilə dağıldığını və yolun şumlanmış əraziyə bənzədiyini bildirirlər.

Yolun bu vəziyyətə düşməsi əvvəllər Ucardan Zərdaba nəqliyyatla 10-15 dəqiqəyə gedilən yolun indi 1 saatadək qət edilməsi ilə nəticələnib. Hələ bir müddət öncə APA-nın yaydığı məlumatda qeyd olunurdu ki, son aylara kimi Ucar-Zərdab yolunun dağılmış hissələrinə yol idarəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyü döşənirdisə, son günlər artıq bu işlər tamamilə dayandırılıb: “Əvvəllər əsasən minik maşınlarının hərəkətində problemlər yaransa da, leysan yağışlarından sonra yük maşınlarının da hərəkətində ciddi problemlər yaranıb. Belə ki, son vaxtlar bir neçə yük maşını Ucar-Zərdab əsas magistral yolunda iri çuxurlara düşərək hərəkətsiz qalıb. Sürücülər və yerli sakinlərin fikrincə, qış aylarına kimi yollarda əsaslı təmir işləri aparılmasa, nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olacaq”.
Maraqlıdır ki, Ucar rayon 31 saylı Yol İstismar İdarəsinin rəisi Füzuli Hacıyev yolun bu vəziyyətə düşməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətini ittiham edib. F. Hacıyevin açıqlamasını olduğu kimi təqdim edirik: “32 kilometrlik Ucar-Zərdab yolu 8 tonluq yükə (hər bir oxa düşən yük) hesablanıb. Bu il mayın 26-na kimi adı çəkilən yol normal vəziyyətdə olub, sürücülər və sərnişinlər tərəfindən heç bir narazılıq olmayıb. Həmin tarixdən sonra yol “Azərsu”ya məxsus həddən artıq yüklənmiş “KamAZ” markalı maşınlara tab gətirməyərək tamamilə dağılıb. Artıq bir neçə vaxtdır ki, yollara asfalt döşəməyin heç bir əhəmiyyəti olmadığından işlər dayandırılıb, həmin əraziyə ancaq çınqıl verilərək qrederlərlə yayılır. Yolun yenidən tikintisi üçün hələlik heç bir vəsait ayrılmayıb”.

Bu fotonu www.zerdab.com saytına oxucu göndərib.

Qarşıdan Ramazan bayramı gəlir. Hər il olduğu kimi, bu il də Zərdabdan kənarda yaşayan minlərlə həmyerlimiz doğma rayonumuza gələcək, yaxınlarını, rəhmətə getmiş əzizlərinin məzarlarını ziyarət edəcək. Lakin Ucar-Zərdab yolunun bu vəziyyətə düşməsi onu deməyə əsas verir ki, Ramazan bayramında bu ziyarət əvvəlki kimi heç də rahat olmayacaq. Ümid edək ki, məsələ ilə bağlı qısa vaxtda tədbir görüləcək və yaranmış bu anlaşılmazlıq aradan qalxacaq.
Mövzu ilə bağlı digər rəsmi qurumların da mövqeyini yayımlamağa hazırıq.

www.zerdab.com

2 ŞƏRH

  1. Doqrudan da yaman gundedi..Rahat gelirsen bura qeder burdan sonra Keremi aqlamaq tutur.Her gun bu yoldan istifade edenler var eee…Dehsetdi..

Comments are closed.