İllər görməmişdik bu illər kimi

0

Məhərrəm Məmmədli, filologiya elmləri doktoru, professorAzərbaycan Respublikasının Prezidentinin regionların sosial iqtisadi inkişafı ilə bağlı fərmanlarından sonra bütün bölgələrdə quruculuq və abadlıq işləri aparılır. Zərdab rayonu da həmin fərmanlara uyğun olaraq, son illərdə sürətli inkişaf yoluna qədəm qoymuşdur.Rayon mərkəzində küçələr asfaltlanır, yol kənarları yaşıllaşdırılır, ümummilli liderimizin adını daşıyan istirahət parkında yenidənqurma işləri aparılır, sosial-məişət obyektləri və təhsil müəssisələri təmir olunur və ya yeniləri ilə əvəzlənir, nəhayət, zərdablıların uzun illər həsrətində qaldıqları Zərdab-Mollakənd (Kürdəmir) şosse yolu az zaman kəsiyində asfaltlanmış, kəndlərə qaz çəkilişinə başlanmışdır. Keçən ilin yaz aylarında Kür çayının daşması nəticəsində rayonun bir sıra kəndlərində təhlükə yaranmışdı. Rayon rəhbərliyi və yerli sakinlər əzmlə çalışaraq, bənd-bərkitmə işlərində respublika FHN əməkdaşları ilə birlikdə daşqın təhlükəsini sovuşdurmuşlar. Sahil boyu kəndlərlə Kür çayı arasında 86 km ərazidə iki metr hündürlüyündə bənd salmışlar. Daşqin zamanı ziyan çəkmiş ailələrə rayonun girişində yeni qəsəbə salınmış, evlər bütün zəruri avadanlıqlarla və torpaq sahəsi ilə təmin olunmuşdur. Rayon əhalisi yeni ruh yüksəkliyi ilə quruculuq və abadlıq işlərini davam etdirir. H. Əliyev mərkəzi istifadəyə verilmiş, müasir avadanlıqlarla təhciz olunmuşdur. Rayonda siyasi-ideoloji sahədə də təbliğat işləri genişləndirilir. Şəhidlərin və Böyük Vətən müharibəsi qəhrəmanı Məlik Məhərrəmovun şərəfinə abidələr ucaldllmış, görkəmli maarifçi xadim H. B. Zərdabinin ev muzeyi yenidən bərpa olunmuş və eksponatlarla zənginləşdirilmişdir. Rayon və onun ziyalıları haqqında bir neçə kitab oxusam da, bu yaxınlarda çap olunmuş “Regional sosial iqtisadi inkişaf (tarixi faktlar, reallıqlar və inkişaf meylləri) kitabı diqqətimi daha çox cəlb etdi. Kitab rayon icra başçısı, iqtisad elmləri üzrə fəlsəfə doktoru L. Babayevin rəhbərliyi ilə hazırlanmiş, tanınmış alimlər akademik T. Bünyadov, iqtisad elmləri doktorları, professorlar S. Salahov, M. Fərzəliyev və kənd təsərrüfatı elmləri namizədi E. Həsənovun müsbət rəyləri əsasında çap olunmuşdur. Kitabda rayonun tarixi, müxtəlif dövrlərdə inzibati ərazisində baş verən dəyişikliklər, sosial-demoqrafik durumu , iqtisadi həyatı, səhiyyə, mədəniyyət, incəsənət, idman və təhsil sistemi, bir sözlə, rayonla bağlı mühüm məsələlər barədə geniş məlumat verilir. Ümummilli liderimiz H. Əliyevin və ölkə prezidenti, cənab İ. Əliyevin rayona səfərlərindən, rayon əhalisinə qayğısından iftixarla danışılır.

1978-ci ildə zərdablılar növbəti dəfə daşqın təhlükəsi qarşısında qalanda, əhalinin dədə-baba yurdundan köçürülməsi məcburiyyəti yarandiqda ölkə başçısı H.Əliyev regiona səfər edir. Ölkə başçısı pambıq tarlalarında,tikinti meydançalarında sadə iş adamları ilə görüşür,onların problemlərini öyrənir, həll edilməsi üçün tap şırıqlar verir. Onun məsləhəti ilə respublikanın icra strukturları səfərbər edilir, yerli əhalinin köməyi ilə sahil boyu hündür bənd çəkilir, bununla da əhali sel təhlükəsindən xilas edilir. Bu gün də rayon ağsaqqalları ümummilli liderimizin fəaliyyətindən fəxrlə danışır, onunla söhbətlərini xoş xatirə kimi yada salırlar. Kitabda H. Əliyevin  əhali ilə görüşləri, qabaqcıllarla söhbətləri bütün təfərrüatı ilə işıqlandırılmışdır. Həmin zamanlarda çəkilən xatirə fotolar rayon muzeyində tarixi sənəd kimi saxlanılır, zərdablılar hər dəfə o günləri xatırlayanda qürur hissi keçirirlər. Ümummilli liderimizin siyasətini ölkə prezidenti, cənab İ.Əliyev uğurla davam etdirir. Regionların sosial-iqtisadi inkişafı üçün verilmiş fərmanlar, ayrı-ayrı bölgə lərin inkişafına ayrılmış dövlət vəsaitləri əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Digər bölgələr kimi, Zərdab rayonu da sürətlə inkişaf edir, gündən-günə abadlaşır, əhalinin sosial vəziyyəti yüksəlir. Təkcə 2008-ci ildə rayonda 10 yeni obyekt əhalinin istifadəsinə verilmiş, indi də bir sıra obyektlərin inşası davam etdirilir. Rayonun tarixi qədim faktlar və mədəniyyət nümunələri əsasında ilk dəfə bu kitabda araşdırılmışdır. Mənbələrdən aydın olur ki, XVI yüzilliyə qədər rayonun adı “Qoyun ülumu”(qoyun yığışan, cəmləşən yer) kimi qeyd olunmuş, 1831-ci ildə Şirvan idarəçiliyinin Qarasubasar mahalının, 1864-cü ildən isə Şamaxı qəzasının Bərgüşad nahiyyəsinin tərkibinə daxil edilmişdir. Bütün bunlarla yanaşı, müəllifin qənaətincə, rayonun ərazisi ilk insan məskənlərindəndir. Bölgədən tapılan qədim Kür-Araz mədəniyyətinin nümunələri insanların burada Tunc dövründən yaşadığını göstərən faktlardır. Son dövrlərdə rayonun Xanməmmədli kəndindən tapılmış küp qəbirləri nekropolu ( ölü şəhər), Dəli Quşçu kəndində Ağtəpə kurqanı, Yuxarı Seyidlər kəndində “Yerayız şəhəri”nin qalıqları və s. maddi-mədəniyyət abidələri müəllifin fikirlərini bir daha təsdiqləyir. Rayonun Əlvənd, Qaravəlli, Bıçaqçı, Körpükənd və s. kəndlərinin tarixini öyrənmək üçün bu kitab dəyərli mənbədir. Məlumatlardan aydın olur ki, Əlvənd kəndi yaşayış məntəqəsi kimi orta yüzilliklərdə formalaşmışdır. Tədqiqatçı Əlvənd kəndi ilə bağlı tarixi mənbələrdəki məlumatları
toplamış və elmi dövriyyəyə daxil etmişdir. Həmin kənddən qədim Kür-Araz mədəniyyətinə aid xeyli nümunələr aşkara çıxarılmışdır ki, tarixçilər onları Tunc dövrünə (e.ə.IV minillik) aid edirlər. XVIII yüzillikdə kənddə ipək emalı müəssisəsi, gəmi dayanacağı, karvansara, “Şənbə”bazarı, biyan istehsalı sexi fəaliyyət göstərmişdir. XIX yüzillikdə rus-tatar məktəbinin olması da mənbələrdə öz əksini tapmışdır.
Rayonun tarixinin sovet dönəminin geniş işıqlandırılması, rayona rəhbərlik edən şəxslərin, İcraiyyə Komitəsi sədrlərinin, Komsomol Komitəsi katiblərinin siyahılarının göstərilməsi, II Dünya müharibəsi illərində rayon əhalisinin səfərbəyliyi, cəbhədə fədakarlığı və arxa cəbhənin köməyindən bəhs olunması, eləcə də ölkə başçısı İ. V. Stalinin zərdablılalara təşəkkür məktubunun surətinin çapı tarixi və siyasi əhəmiyyətə malikdir.
Kitabda rayonun sosial-demoqrafik durumu da cədvəllərdə öz əksini tapmışdır. Burada əhalinin etnik tərkibində baş verən dəyişikliklər illər üzrə aydın göstərilmişdir. Rayon əhalisinin cinsi, yaşı və milli tərkibi, 100 ildən çox yaşayan ahıllar, qəhrəman analar, əmək ehtiyatları, təhsil səviyyəsi, peşə-ixtisas tərkibi, iqtisadi fəaliyyət sahələri, Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan pənah gətirən soydaşlarımızın yerləşdiyi kəndlər, müharibə veteranları, şəhid ailələri və əlillər haqqımda məlumatlar rayonun möhkəm sosial və demoqrafik dayaqlar üzərində qurulmasından xəbər verir.
Rayonun 41 yaşayış məntəqəsi vardır. Hər bir kəndin ərazisi, əhalisi, sərhədləri, təsərrüfat sahələri, sosial obyektləri və tarixi barədə zəngin məlumat toplanılmışdır. Maraqlıdır ki, tədqiqatçı əhalinin tarixi miqrasiyasını və toponimlərin mənşəyini də araşdırmışdır. Toponimlərlə bağlı xalq etimologiyası şərh olunsa da,onların tarixi faktlarla izahına üstünlük verilir. Aydın olur ki, kəndlərin əksəriyyəti XVII-XVIII yüzilliklərdə formalaşmış, bəzi yaşayış məntəqələri qədim türk mənşəli bıçaqçı, müskürlü, quşçu və qaravəlilər tayfalarının varisləri tərəfindən salınmışdır. Yarməmmədbağı, Pərvanlı, Nəzərallı, Məmmədqasımlı, Məlikumudlu,Məlikli, Lələağacı, İsaqbaği, Xanməmmədli, Əlibəyli vəs. toponimlər şəxs adları əsasında yaranmışdır. Rayonun tarixini dərindən araşdıran müəllif qədimdə mövcud
olmuş, indi unudulmuş, digər yaşayış mətəqələri ilə birləşdirilən Gur-gur, Mehdilər,Yediyarlı, Mirzəxanlı, Baqi (Beşqızlar),Yetimli, Kirəşli, Vəlixanlı, Hacılı, Nəcəfallı və Qaravəlili (indiki Qaravəlili kəndi ilə əlaqəsi yoxdur) kəndlərini xatırlamaqla tarixi yaddaşımızı bir daha vərəqləmişdir.
Zərdab qədimdən ziyalılar diyarıdır. Azərbaycanın görkəmli maarifçi demokratı, təbiətşünas-alim, milli mətbuatımızın banisi H.B.Zərdabinin doğma yurdudur. Böyük ədib həyatının bir hissəsini Zərdabda keçirmiş, bölgənin maariflənməsi və inkişafı üçün səylə çalışmış, əməli köməklik göstərmişdir. Bu kitabda Həsən bəyin həyatı ilə bağlı geniş ictimaiyyətə bəlli olmayan faktlar açıqlanır, onun fəaliyyəti yüksək qiymətləndirilir. İndi Zərdab rayonunun adı çəkiləndə birinci növbədə H. B. Zərdabi yada düşür, bu yurd “H.B.Zərdabi adının işığında həmişə parlaq bir məkan kimi görünür”. Ədibin həyat yoldaşı Hənifə xanım Məlikova (ilk qız məktəbinin yaradıcısı), qızı Qəribsoltan Məlikova (tanınmış pedaqoq), qohumları və onun tərbiyəsi ilə boya-başa çatmış, ali təhsilli Məmməd bəy Məlikov Əlvəndi ( tanınmış
mədəniyyət xadimi), Rəhim bəy Məlikov (alim, tənqidçi, tərcüməçi), Şirin Nuriyev ( Qori müəllimlər seminariyasının ilk məzunlarından biri, N.Nərimanovla Odessa Universitetində tibb təhsili almışdır.) kimi ziyalılar elm,  təhsil və mədəniyyətimizi əvəzsiz töhfələrlə zənginləşdirmişlər. Bu gündə zərdablı ziyalılar, mühüm dövlət vəzifələrində çalışanlar, alimlər (50-ə yaxın elmlər namizədi, 15 elmlər doktoru), şairlər, yazıçılar, tibb işçiləri, əməkdar müəllimlər, yüksək çinli zabitlər respublikamızda və xaricdə müxtəlif sahələrdə çalışaraq rayonun adını şərəflə təmsil edirlər.
Böyük Vətən müharibəsi illərində olduğu kimi, Qarabağ müharibəsində də zərdablılar mərdliklə vuruşmuşlar. Erməni qəsbkarlarına qarşı döyüşlərdə 500-dən çox zərdablı iştirak etmiş, 150-yə yaxın gənc şəhid olmuşdur. Kitabda kəndlər üzrə şəhidlərin siyahısının verilməsi, rayon mərkəzində və ayrı-ayrı kəndlərdə onların xatirəsinə abidələrin ucaldılması şəhidlərin ruhuna ən yaxşı ehtiramdır.
Rayonun iqtisadiyyatı sürətlə inkişaf edir. Son illərdə Zərdab aran iqtisadi rayonunun inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir. Rayonun ərazisi neft-qaz ehtiyatları ilə zəngindir. 1971-1990-cı illərdə Zərdab geoloji ərazisində 13 kəşfiyyat quyusu qazılmış, neft ehtiyatları aşkara çıxarılmışdır. İqtisadiyyatın əsasını təşkil edən pambıqçılıq, baramaçılıq, taxılçılıq, heyvandarlıq, bostançılıq və s. sahələr də hər il yeni nailiyyətlər qazanılır. Rayon təşkil olunandan ( 05 fevral 1935-ci il) son illərə qədər keçdiyi inkişaf yolu kitabın “Zərdab rayonunun müasir sosial-iqtisadi inkişafında baş verən dəyişikliklər” bölməsində geniş işıqlandırılmışdır. Hər bir iqtisadi sahəyə aid cədvəllərdən aydın olur ki, illər üzrə artım 2003-2010-cu illərdə yüksək həddə çatmışdır. Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələrindəki nailiyyətləri də ürək açandır. Kitabda bu sahələrin yaranmasından son ilə qədərki inkişafı sənədlər əsasında şərh olunmuşdur. Rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə həmişə diqqət yetirilmişdir. H. B. Zərdabinin rayonda məktəb açılması üçün gördüyü işlərdən, onun xanımı ilə birlikdə kənd uşaqlarına savad öyrətməsindən, Həsən bəyin qohumu Novruzəli bəyin 1880-ci ildə Əlvənd kəndində dördsinifli rus-tatar məktəbi açması təhsil tariximizdə özünə şərəfli yer tutmuşdur. Orta məktəbi qızıl və gümüş medalla bitirən məzunların, yeni istifadəyə verilən məktəblərin, Təhsil Şöbəsinin müdirlərinin siyahıları, 2003-2009-cu illərdə təhsil sistemindəki göstəricilər Zərdabi ənənələrinin rayonda uğurlu davamına əyani sübutdur. Rayonda ilk mədəniyyət obyekti 1945-ci ildə yaradılmışdır. Bu sahə daim diqqət mərkəzində olmuş, ötən illərdə bir çox nailiyyətlər qazanılmışdır. Hazırda rayonda 76 mədəni-maarif müəsissəsi, o cümlədən 21 mədəniyyət evi, 2 klub, 49 kitabxana, 1 uşaq incəsənət məktəbi, 3 muzey fəaliyyət göstərir. H.Əliyev muzeyində və H.B.Zərdabinin ev muzeyində onların həyat və fəaliyyəti ilə bağlı, tarix muzeyində isə rayonun keçmişinə dair qiymətli eksponatlar (ümumilikdə 5436 eksponat) saxlanılır.

"Regional sosial-iqtisadi inkişaf " kitabı
"Regional sosial-iqtisadi inkişaf " kitabı

Bütün bunlardan sonra inanıram ki, uzun və gərgin əməyin nəticəsində ərsəyə gələn “Regional sosial-iqtisadi inkişaf ( tarixi faktlar, reallıqlar və inkişaf meylləri) kitabı oxucularda Zərdab rayonu barədə zəngin informasiya və xoş təəssürat yaradacaqdır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulsa da, filoloq, tarixçi və iqtisadçı alimlər ondan dəyərli mənbə kimi faydalana bilərlər.

Məhərrəm Məmmədli,
filologiya elmləri doktoru, professor

PAY
Əvvəlki məqaləGəlmə kəndi
Növbəti məqalədəGödəkqobu kəndi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight + ten =