Bu yayın ən isti havası Zərdab, Culfa və Bakıda qeydə alınıb

0

Bu il yay mövsümü başlayandan avqustun 12-nə kimi ən isti günlər iyul ayında olub. Bunu bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, iyulda ən isti günlər ayın 24 və 25-də olub. İyulun 24-də Bakıda ən yüksək temperatur qeydə alınıb. Həmin gün Bakıda 39-42 dərəcə isti olub. İyulun 25-də isə Zərdab rayonunda 42 dərəcə isti müşahidə edilib. Verdiyev deyib ki, son 12 gün ərzində ən isti gün Mərkəzi Aranda – Zərdab rayonunda avqustun 9-da müşahidə edilib. Həmin gün burada  havanın temperaturu 41 dərəcə olub. Avqustun 12-də Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda havanın temperaturu 40,5 dərəcə olub. Avqustda Bakıda ən isti gün 39,1 dərəcə temperatur olmaqla ayın 6-da qeydə alınıb. İsti hava şəraitinin yaxın günlərdə də davam edəcəyini deyən Verdiyevin sözlərinə görə, Azərbaycanda builki yaydan da isti yay ayları olub. Son 12 il ərzində Azərbaycanda avqustda ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun 2-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39-42, Aran rayonlarında 40-43, Naxçıvan MR-in Culfa və Ordubad rayonlarında 46, dağətəyi rayonlarda 36-41, dağlıq rayonlarda 31-36 dərəcə isti olub. Nazirlik rəsmisi bildirib ki, 2010-2011-ci illərdə bu ildəkindən də isti günlər müşahidə edilib. 2010-cu ildə Bakıda ən yüksək temperatur avqustun 1-dən 20-nə kimi olub. Həmin müddətdə paytaxtda 39,2 dərəcə, bəzi Aran rayonlarında, Culfada 42, dağlıq rayonlarda 37 dərəcə isti olub. 2011-ci ilin avqustun 1-3-də Bakıda və Abşeronda 40-42, bəzi Aran rayonlarında 43, Naxçıvan MR-in Naxçıvan şəhərində 40-44, dağlıq rayonlarda 36,5 dərəcə isti qeydə alınıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 3 =