Kənddə “çat” xəstəliyi

4

İnternet istifadəçiləri deyəndə yəqin ki, çoxlarının ağlına ancaq şəhərdə yaşayanlar gəlir. Bunun da obyektiv səbəbləri var. Çünki nəinki kəndlərdə, hətta bir çox rayonlarımızda internet istifadəçilərinin sayı elə də çox deyil. Lakin bu yaxınlarda kəndimizdə gördüyüm bir mənzərə məni müəyyən qədər düşünməyə vadar etdi. Söhbət ondan gedir ki, kəndimizdə internet – klubun olmamasına rəğmən, hər 10 cavandan 9-u internet istifadəçisidir. Hətta mən deyərdim ki, bu gənclər arasında, sözün əsl mənasında, “çat” xəstəliyi yaranıb. Onlar gün ərzində ən azı 3-4 saat “çat”da “oturmayanda” özlərini narahat hiss edirlər (Məlumat üçün bildirim ki, “chat” ingilis sözü olub, söhbətləşmək anlamına gəlir). Soruşa bilərsiniz ki, əgər bir kənddə kompyuter, internet – klub yoxdursa, onda yüzlərlə gənc internetdən necə istifadə edir. Çox sadə: mobil telefonlardan istifadə etməklə…

Əvvəllər kəndimizə getməyəndə ürəyim lap çox darıxardı. Düşünərdim ki, kənddə görəsən təzə nə baş verib, dost-tanışlar nə işlə məşğuldurlar, mənim bilmədiyim təzə maraqlı nə isə varmı və s. Amma indi bu nigaranlığa heç bir əsas qalmır. Söhbət ondan gedir ki, hər gün işdən sonra mobil telefonumla adını yazmaq istəmədiyim sayta girib, “çat otağı”nda həmkəndlilərimlə o ki var söhbətləşə bilirəm. Burada gün ərzində ən azı onlarla həmkəndlimlə söhbətləşmək imkanım var. Onlar da həmçinin mənimlə yazışır, əgər lazım olan nəsə varsa soruşurlar…

***

Yazımın adını sözgəlişi “Kənddə “çat” xəstəliyi” qoymamışam. Söhbət ondan gedir ki, haqqında söhbət açdığım gənclər, sözün həqiqi mənasında, “çat xəstəsi” olublar. Onlar bir gün “çat”sız qalanda özlərini nəyi isə itirmiş adamlar kimi aparırlar. Fikrimi izah etmək üçün sadə bir misal deyim. Bir müddət əvvəl kəndimizə getmişdim. Atam: “Yaxşı gəlmisən, doğranmış odunları quraqlığa yığmaq lazımdır”,-dedi. Düşündüm ki, bir maşın odunu təkbaşına daşıya bilmərəm. Odur ki, bir qədər gözləməli oldum. Səhərisi gün qonşumuz – usta Bayramın oğlu Xəyyam rastıma çıxdı. Dəmi gəlmiş narkotik istifadəçisi kimi o tərəf, bu tərəfə vurnuxurdu. Bir az söhbətləşəndən sonra məlum oldu ki, limiti bitdiyi üçün o, telefonla internetə girə bilmir. Qeyd edim ki, 1 manata internetdən 30 meqabaytlıq istifadə etmək olar ki, bununla da  təqribən 1 həftə gen-bol çatlaşmaq olur.

Belə qərara gəldik ki, qonşum bir maşın odunu daşımağa mənə kömək edir, mən də onun telefonuna təqribən 3 manatlıq kontur yükləyirəm. Beləcə, həm onun işi düzəlir, həm də mənim. Təqribən 2-3 saata odunları daşıyıb qurtardıq. İşin sonuna yaxın qonşum zarafatla mənə: “Öz aramızdır, internet xəstəsi olmağım işinə yaradı, bu işi başqası görsəydi, səndən azı 15-20 manat alardı”,-dedi…

Kənddə cavanlar internetə o qədər ifrat dərəcədə aludə olublar ki, məsələn, evdən çıxıb çayxanaya getməyə belə tənbəllik edirlər. Axı onsuz da çayxanadakı cavanların hamısı “çat”da olur…

“Çat”ın əziyyətini başqa cür çəkən valideynlər də var. Məsələn, bütün gecəni “çat”laşan oğlan uşaqlarını səhərisi gün yuxudan oyadıb nobada, əkin sahələrinə işləməyə göndərmək, yaxud elə həyət-bacada işlədə bilmək sizə çox da asan gəlməsin…

***

Yadıma həmyaşıdlarımla kənddə simdən düzəldilmiş arabalarla oyun oynadığım günlər düşür. Məni qınamayın, 7-8-ci sinifdə oxuyanda belə, sim-araba sürən günlərimiz olub. İndi mənim həmin yaşımda olan uşaqlar başqa arzularla yaşayırlar. Məsələn, Bakıya gəlmək, “çat”laşdıqları qızları tapıb, onlarla görüşmək və s…

Yeni gələn nəslin təzə xüsusiyyətlərini bəyənməyənlər, adətən, qocalar olurlar. Əgər elədirsə, mən də deyəsən, vaxtından əvvəl qocalmışam…

Nicat, www.zerdab.com

4 ŞƏRH

Comments are closed.