“Gəncliyə Dəstək” İctimai Birliyi Zərdabda yeni layihəyə başlayıb

0

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda “Gənclərin peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seciminə yönəldilməsi” adlı layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə www.zerdab.com saytına “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov məlumat verib. “Layihənin məqsədi gənclərin peşə seçiminə diqqətlərinin artırılması və peşə seçiminin cəmiyyətdə stimullaşdırılması, insanları köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsindən ibarətdir”,-deyə Eldar Xəlilov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində bu sahəyə aid olan şəxslər və təşkilatların iştirakı ilə dəyirmi masa keçiriləcək, peşə seçiminin düzgün edilməsinin əhəmiyyəti barədə, əmək bazarında ehtiyac olan peşələr barədə maarifləndirici çap materialı hazırlanacaq, abituriyentlər üçün “online” xüsusi sınaq testləri təşkil ediləcək, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstək göstəriləcək, onlarda peşə sənətinə marağı artırmaq üşün peşə məktəb-liseylərdə və orta məktəblərdə görüşlər kecirləcək.
Eldar Xəlilov deyib ki, layihə Zərdab gənclərin məşğulluğunun təmin olunmasına, onların yaradıcılıq potensialının inkişafına və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə böyük töhfələr verəcək: “Layihə ilə bağlı təklifimizi dəstəklədiyi üçün Azərbaycan Gənclər Fonduna dərin təşəkkürümüzü bildiririk”.
Məlumat üçün bildiririk ki, “Gəncliyə Dəstək” İctimai Birliyi 2006-ci ildə təsis edilib, 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

www.zerdab.com