Bakıdan Zərdaba əzablı yollarla…

2
33

Mənim doğma Zərdabımı necə sevdiyimi tanıyanlar yaxşı bilirlər. Bu günə qədər rayonumun adına xələl gətirəcək bir iş görməməyə çalışmışam. Həmişə arzusunda olmuşam ki, hər kəs bu düşüncədə olsun, doğma rayonumuzun inkişafı üçün öz səviyyəsində, imkanı daxilində, səlahiyyətləri çərçivəsində işlər görsün. Məsələn, mən bir jurnalist olaraq təkcə Kür daşqınları vaxtı Zərdabda yaşananlarla bağlı ölkəmizin ən nüfuzlu mətbuat orqanlarında məlumatlar yaymışam və buna görə qətiyyən peşman deyiləm. (Maraqlananlar “google.az” saytına daxil olub “Zərdab rayonunun Qoruqbağı kənd sakini, jurnalist Nicat İntiqamın verdiyi məlumata görə” yazıb həmin xəbərlərdən bəzilərini tapa bilərlər-red). Çalışdığım mətbuat orqanında da (bu qəzet Azərbaycanda öz səviyyəsinə, nüfuzuna və peşəkarlığına görə ilk beşliyə daxildir, adını bilərəkdən yazmıram-müəllif) həmişə rayonumuz üçün nələrsə yazmağa çalışmışam.
www.zerdab.com saytı da doğma rayonuma olan istəkdən, sevgidən irəli gəlir. Əgər hər gün təkcə Rusiya ərazisindən yüzlərlə (800-850 arası) oxucu girib www.zerdab.com saytından Zərdabla bağlı məlumatlar oxuyurlarsa, rayonumuzda baş verənləri izləyirlərsə, ziyalılarımızı tanıyırlarsa, görülən işlərdən xəbər tuturlarsa, nə xoş bizə. Təkcə Bakıdan hər gün yüzlərlə oxucu saytımıza daxil olur. Zərdabdan www.zerdab.com saytına girənlərin də saytı kifayət qədərdir. İndi siz təsəvvür edin ki, bu saytın açıldığı hələ 1 il deyil. 8 ay ərzində bu qədər oxucu toplaya bilmişiksə, 2-3 ildən sonra onların sayı ən azı bir neçə dəfə artacaq…
www.zerdab.com saytı həmçinin bizim birləşə bildiyimizi, hamımızın eyni düşüncədə olduğumuzu, doğma rayonumuzu unutmadığımızı, ürəyimizin hər an ora ilə döyündüyünü sübut etdi. İnşallah, bu boşluğu daha layiqli şəkildə doldurmağa çalışacağıq. Təbii ki, bizi sevənlərin, bizimlə birgə olanların, bizə dəstək verənlərin sayəsində…
Yazımın bura qədər olan hissəsini giriş hesab edə bilərsiniz. Yazacağım mövzu isə yollarımızdandır. O yollardan ki, hazırda hamımızın ən ağrılı yerimiz hesab oluna bilər. Söhbət Ucar-Zərdab yolundan gedir.
Müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq həmişə olduğu kimi, indi də Bakıda və digər şəhərlərdə yaşayanlar doğma rayonumuza gəlmək, bayramı öz yaxınlarının əhatəsində keçirmək istəyir. Müqəddəs bayramda hər kəs öz yaxınlarının məzarını ziyarət edir, dualar oxuyur.Lakin Ucar-Zərdab yolunun bərbad vəziyyətdə olması heç şübhəsiz ki,

Ucar-Zərdab-yolu
Ucar-Zərdab-yolu

insanların gəlişini bir qədər çətinləşdirib. Yolu öz gözləri ilə görənlər bilirlər, bilməyənlər üçün deyim ki, sözügedən yol tamamilə dağıldığı üçün, hətta yük, ağırtonnajlı avtomobillərinin belə hərəkəti getdikcə mümkünsüz olur. Yolda elə böyük çalalar var ki, naşı sürücü yüksək sürətlə avtomobilini oradakı çalalara salarsa, əmin olun, qəza qaçılmaz ola bilər. Yəqin ki, həmin yolla rayonumuza rəsmi və qeyri-rəsmi gələnlər bundan xəbərdardılar…
Ötən dəfə rayona gələrkən bu yolda böyük əzab-əziyyətlə üzləşdiyimdən bu dəfə hərəkət istiqamətimə bir qədər dəyişiklik etmək qərarına gəldim. Düşündüm ki, Kürdəmir ərazisindən sola dönməklə Mollakənd yolu istiqamətində gəlsəm, o qədər də çətinliklə üzləşmərəm. Lakin İmişli ərazisində yolun bərbad vəziyyətdə olması, yolun Kürdəmirin kəndlərindən keçən hissəsindəki quyular bu arzumu da ürəyimdə qoydu. Məsələ burasındadır ki, yolun Zərdaba aid olan hissəsi müasir standartlara cavab versədə, digər rayonlara aid hissəsi də Ucar-Zərdab yolu kimi dözülməzdir.
Hələ ötən il Zərdab-Mollakənd yolu əsaslı təmir olunarkən bildirilirdi ki, müasir standartlara cavab verəcək 26 kilometrlik yol ümumilikdə 16 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsini, eləcə də bu rayonun və Ağcabədi sakinlərinin tarixi İpək Yoluna çıxışını asanlaşdıracaq. Bəli, Zərdab-Mollakənd yolu istifadəyə verildi və müasir standartlara cavab verir. Lakin bu yolla İpək Yoluna çıxış sizə elə də asan gəlməsin, çünki digər rayonların ərazisinə düşən hissəsi çox bərbad və acınacaqlı vəziyyətdədir. Görəsən, digər rayonlara aid olan hissələrdə də təmir aparılmasında o rayonların rəhbər şəxsləri niyə maraqlı deyillər? Axı bu, həm Kürdəmir, həm İmişli sakinlərinin, həm də Zərdab və Ağcabədidə yaşayanların işini çox asanlaşdıra bilərdi. Ümid edək ki, Kürdəmir və İmişli rayonlarının rəhbərləri görülmüş işin daha effektli olması üçün yolun qalan hissələrini də təmir edib müasir hala gətirəcəklər.
Hə, bu arada onu da qeyd edim ki, araşdırmalarımız zamanı məlum oldu ki, sən demə, Ucar-Zərdab yoluna (söhbət həm də dağılan hissələrdən gedir-red) Ucar rayon Yol İstismar İdarəsi cavabdeh imiş. Yəni yolun təmirinin məsuliyyəti də birbaşa həmin rayonun Yol İstismar İdarəsinin üzərinə düşürmüş. Xatırladaq ki, Ucar rayon Yol İstismar İdarəsinin rəisi Füzuli Hacıyev bir müddət əvvəl mətbuata bu mövzuda belə bir açıqlama verib: “32 kilometrlik Ucar-Zərdab yolu 8 tonluq yükə (hər bir oxa düşən yük) hesablanıb. Bu il mayın 26-na kimi adı çəkilən yol normal vəziyyətdə olub, sürücülər və sərnişinlər tərəfindən heç bir narazılıq olmayıb. Həmin tarixdən sonra yol “Azərsu”ya məxsus həddən artıq yüklənmiş “KamAZ” markalı maşınlara tab gətirməyərək tamamilə dağılıb. Artıq bir neçə vaxtdır ki, yollara asfalt döşəməyin heç bir əhəmiyyəti olmadığından işlər dayandırılıb, həmin əraziyə ancaq çınqıl verilərək qrederlərlə yayılır. Yolun yenidən tikintisi üçün hələlik heç bir vəsait ayrılmayıb”.
Elə bu açıqlama da sübut edir ki, yolun təmirinin məsuliyyəti həmin qurumun üzərinə düşür. Həmin qurum isə, açıq-aşkar deyir ki, vəsait yoxdur. Yəni pul ayrılsın, təmir. Bu da nə vaxt olacaq dəqiq bilmirik…
Hazırda isə Zərdabda doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi davam edir. Qeyd edək ki, tikinti işlərinə Prezident İlham Əliyevin sərəncamı ilə 5,4 milyon manat pul vəsait ayrılıb. Yenidən qurulacaq yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək…
Ümid edək ki, gün gələcək Ucar-Zərdab yolu, həmçinin Zərdab-Mollakənd yolunun davamı – digər rayonların ərazisinə düşən hissəsi də beləcə təmir olunacaq. Onda bizlər həm doğma Zərdabımızdan digər rayonlara, həm də digər rayon və şəhərlərdən Zərdabımıza daha rahat gələcəyik…
Sonda harada yaşamasından asılı olmayaraq, bütün oxucularımızı Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah Orucunuzu və dualarınızı qəbul eləsin…

Nicat

2 ŞƏRH

  1. Məqalədə çox vacib məsələyə toxunulur.Zərdab rayonuna gedən
    bütün yollar bərbad vəziyyətdədir.Təcili tədbirlər görülməlidir.

Comments are closed.