Təbəssüm də bir nemətdir, insanlardan əsirgəməyək…

2
33
Vüqar Zülfüqar

Orta yaşlı adam evində səhər yeməyini yedikdən sonra həyat yoldaşı və uşaqları ilə sağollaşıb tələsik evdən çıxır. Biraz işə gecikməsi də kefinə soğan doğrayır və ciddi bir üz ifadəsi ilə avtomobilinə tərəf iti addımlarla hərəkət edir. Elə bu vaxt qarşıdan gələn, ancaq ilk dəfə gördüyü bir qız uşağı səbəbsiz yerə üzünə gülümsəyir. O qədər içdən və səmimi bir gülümsəmə olur ki, bir saniyə əvvəl dilxorçuluğun və narazılığın hakim olduğu üzündə sanki güllər açır.
Adam olduqca sevincli bir şəkildə avtomobilinə əyləşib işinə doğru yola çıxır. Yol boyu ona gülümsəyən qızı düşünür və öz-özunə: “Nə yaxşı ki, qarşıma çıxdı, yoxsa bəlkə də o dilxorçuluqla bütün günüm bərbad olacaqdı. Heç işə gecikməyim belə vecimə deyil artıq”,-deyir.
Bu düşüncələrlə hərəkət edərkən işıqforun qırmızı işığında əyləcə basır. Elə bu anda yaşlı bir qadın  avtomobilinə yaxınlaşıb, yardıma möhtac olduğunu və ona əl tutmasını xahiş edir. Adamın kefi o qədər kökdür ki, heç düşünmədən əlini cibinə atır və böyuk məbləğdə pul çıxarıb, gülümsəyərək qadına uzadır. Qadın isə bir xəzinə tapmış kimi dua və alqışlarla evinə doğru addımlayır. Niyə də sevinməsin ki, onu evdə ailəsi, bir neçə il əvvəl qəzada ölmüş oğlunun iki övladı gözləyir…
Əziz oxucu, bu qısa hekayədə bir təbəssümün, daxildən gələn səmimi bir gülümsəmənin qısa vaxt ərzində necə gözəlliklərə səbəb olduğunu göstərmək istəyirdim.
Bəli, sadəcə bir təbəssüm belə dəyiş bilər bütün həyatımızı. Bəzən bir təbəssüm bir an sürər, ancaq əbədiyyən yaşar. Bəzən ümidsiz insana sevinc qaynağı olar və ona həyat bəxş edər. Bəzən də ona ehtiyac olana dərman kimi təsir edər. Bəzən bir müharibəni önləyər. Bəzən də heç gülməyən qapqara üzləri aydınladar. Bəzən sevgi körpülərini möhkəmlədər, bəzən də sədəqə yerinə keçər və insana savab qazandırar…
Gəlin pulla, xahiş-minnətlə əldə edilməyən, insanı digər məxluqlardan ayıran təbəssüm nemətini insanlardan əsirgəməyək. Təbəssüm yağdıraq sağımıza, solumuza, tanıdığımıza, tanımadığımıza.
Üzü təbəssüm görməyən insanları bir təbəssümlə sevindirək. Qarşılaşdığımız qonşumuza, marketdəki satıcıya ilk görüşdə, sağollaşarkən, qısacası həyatımızın hər anında təbəssüm bəxş edək, təbəssüm əksik olmasın üzümüzdən. O zaman yaşamağın, bu dünyaya gəlməyin sevincini iliklərimizə qədər yaşayacaq və hər şeydən şikayət edərkən artıq stəkanın dolu tərəfini görəcək və sevinclə oturub sevinclə qalxacağıq.
Bir böyük İslam alimi peyğəmbərimizin təbəssüm edən çöhrəsindən bəhs edərkən bu sözləri deyib: “Peyğəmbərimizın qarşılaşdığı hər kəsə ilk hədiyyəsi təbəssüm olardı. Hətta içi qan ağlasa belə bu hər zaman belə idi”. İnanın, bütün gözəlliklər üzümüzün həsrət qaldığı səmimi bir təbəssümlə ortaya çıxar…

2 ŞƏRH

  1. Çox maraqlıdır. Sanki yazının özü de insana gülümsəyərək təqdim olunur. Və yazını oxuduqca adam qeyri-ixtiyarı olaraq gülümsəyir. Doğrudanda xoş, içdən gələn bir təbəssüm insana dərdlərini unutdurar.

Comments are closed.