Səməd Vurğunun adına çıxılan şeiri həmyerlimiz Mirağa Bağırov yazıbmış

8
197
semed-vurgun-sair-xalq-sairi

1961-ci ildə Bakı Kitabxanaçılıq Texnikumunda (sonralar Mədəni Maarif Məktəbi adlanırdı) oxuyurdum. Texnikumun qonşuluğunda, Azad qadın heykəlinin çöl tərəfindəki C. Cabbarlı küçəsində Karl Marks adına kitabxana var idi. Kitabxananın oxucularının əksəriyyəti bizim texnikumun tələbələri idilər. Burada keçirilən tədbirlərdə biz də fəal iştirak edirdik. Martın sonlarında kitabxanada xalq şairi Səməd Vurğunun anadan olmasının ildönümü tədbiri keçirilirdi. Tədbirə hörmətli qonaqlar, o cümlədən Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov da dəvət olunmuşdular. Mən məclisdə “Səməd Vurğun ölməyəcəkdir” şeirimi oxudum. İştirakçılar məni yaxşı qarşıladılar. Bu münasibətdən cəsarətlənib üzümü Mehdixan Vəkilova tutub dedim:
– 1949-cu ildə Səməd Vurğun Ümumdünya Sülh Şurasının iclasına gedərkən, yolda xəstələnmiş, Çin Xalq Respublikasının paytaxtı Pekində xəstəxanada müalicə olunmuş və orada “Qürbət eldə” sərlövhəli bir bənd şeir yazmışdır:
“Vaxtsız əcəl, məndən uzaq
dayan, dur!
Qürbət eldə can vermərəm ölümə.
Bilirsən ki, qələm aldım əlimə”.

Mən bu şeirin yarımçıq qalmasına təəssüflənirəm. Odur ki, imkanım daxilində həmin şeirə bir neçə bənd artırmışam. İcazə versəniz, həmin şeiri oxuyardım.
M. Vəkilov razılığını bildirdi və mən artırdığım bəndləri oxudum:
“Əcəl, qılıncını itiləmə sən,
Şairi susdura bilməyəcəksən.
Vətən havasını udmayınca mən,
Yetməyincə yol gözləyən gülümə,
Qürbət eldə can vermərəm ölümə.

Başına döndüyüm, a çinli həkim,
Qıyma, mən bu qədər əziyyət çəkim!
Dərdimin əlacı Vətəndir mənim,
Qaytar vətənimə məni, elimə,
Qürbət eldə can vermərəm ölümə.

Gəzməsəm Vətənin Muğanın, Milin,
Doğma Qazağımın çəmənin, çölün,
Bakı gözəlinin sıxmasam əlin,
Mən Vurğunam, deyin Əzrailimə,
Qürbət eldə can vermərəm ölümə.

Bu tədbir haqqında və orada mənim şeir oxumağım barədə “Azərbaycan gəncləri” qəzetinin 28 mart 1960-cı il nömrəsində informasiya dərc edildi.
Tədbirdən 2 gün sonra Bakı Mərkəzi Univermağının yanında bir oğlan məni saxlayıb, dedi:
– O gün kitabxanadakı tədbirdə S. Vurğun haqqında şeir oxuyan siz idiniz?
Cavab verdim ki, bəli, mən idim.
Oğlan dedi:
– Mən xoşuma gələn şeirləri toplayıram. O şeirinizi mənə verərsiniz?
Dedim şeir yazılı halda məndə yoxdur. İstəsəniz, əzbərdən deyərəm, yazarsınız. Oğlan univermağın pəncərəsinin yanına çəkildi, kağız çıxarıb dizinin üstünə qoydu. Mən şeiri dedim, o da yazdı. Sağollaşıb getdi. Ondan adını, kim olduğunu, nə ilə məşğul olduğunu soruşmadım.
1978-ci ildə Bakı-Tiflis qatarı ilə ümumi vaqonda evimizə qayıdırdım. Bayram ərəfəsi idi. Sərnişin çox olduğu üçün qatara əlavə vaqonlar qoşmuşdular. Bizim vaqon da belələrindən idi. Vaqonda işıq yanmırdı. Birdən qonşuluqda radioda xanəndənin “Qürbət eldə” şeirini muğam üstündə oxuduğunu eşitdim. Ürəyim atlandı. Və mən düşündüyüm kimi oldu. Xanəndə şeirin 4 bəndinin dördünü də, yəni mənim əlavəmi də oxudu… Bu, Sabir Mirzəyev idi.
Yenə illər keçdi. Bu ilin martında İctimai Televiziyada “Ozan” verilişi Səməd Vurğuna həsr edilmişdi. Tədbirdə aşıq Zülfiyyə “Qürbət eldə” şeirinin dörd bəndini oxudu. Təbii ki, şeirin Səməd Vurğuna məxsus olduğunu söylədi.
Bilmirəm, doğrumu etdim, ya yox, şeirin tarixçəsini söyləmək qərarına gəldim. Dostum İsaməddin Əhmədovun köməkliyi ilə Zülfiyyə xanımla telefon əlaqəsi yaratdım, şeiri haradan əldə etdiyini soruşdum. Bu, doğrudan da mənim üçün maraqlı idi. O cavab verdi ki, vallah, mən o şeri uşaqlığımdan əzbər bilirəm. Sabir Mirzəyevin ifasından, aşıqların söyləməsindən eşidib əzbərləmişəm.
Mən şeirin tarixçəsini Zülfiyyə xanıma danışdım. İnandımı, inanmadımı, – bilmirəm.
Hörmətli oxucular, bu tarixçəni sizə də danışdım. Doğrumu etdim, səhvmi, – bilmirəm. Hər halda, bir şeirin həqiqi tarixçəsini danışdım və xeyli yüngülləşdim.

Mirağa BAĞIROV, Zərdab şəhər sakini, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 1972-ci il məzunu.

8 ŞƏRH

  1. Hormetli Miraqa Baqirov,melumunuz olsun ki,haqqinda sohbet acdiqiniz seri muqam sheklinde,ilk defe 1975-ci ilde Akademik Opera ve Balet teatrinin solisti Respublikanin Emekdar Artisti Sabir Eliyev oxuyub,Habil Eliyevin mushayeti ile.Bu serin bu qeder populyar olmasininda sebebkari ele Sabir Eliyev olub,cunku o muqam parcasini Sabir muellim o qeder gozel ifa edibki,ister-istemez bu ser dillerde ezber olub,Yaradici sexs yaratdiqi eserin tam huquqlu muellifidi,Ister MIraqa Baqirov olsun Ister Sabir Eliyev.kiminse adina cixilanda muellif ucun boyuk haqsizliq olmush olur.Qaldi Zulfiyye xanima,kim bilmesede Zulfiyye xanim bilmeli idiki ,bu mohteshem ifa Sabir Eliyeve mexsusdu.ve Sabir Mirzeyev bu qoshmani hec vaxt ocumayib,eyer varsa getirsin qulaq asaq,ama men subut ede bilerem ve yotubada yukleyerem bilmeyenler eshidib bilsinler.

  2. Biz- İsgəndərov Gülqasım (1969), Bayrami Allahverdi(1970) və b. BDU-nun filoloq məzunları bu şeiri o vaxtdan əzbər deyərdik. Əsas odur ki, biz bilirdik ki, I bənd S.Vurğunundur (bu bənd şairin bütün seçilmiş əsərlərində dərc edilib) qalan 3 bənd başqa bir müəllifindir (naməlum aşığındır) (sonku 3 bənd S.Vurğunun şeiri kimi heç yerdə təqdim edilməyib) Mirağa Bağırova təşəkkür edirik ki,bu faktı mətbuata çıxarıb. Böyük ustada olan sevgisini ifadə edib.

  3. Bu şeirin qiymetini ancaq qürbetdə yaşayıb veten hesreti çekenler çox gözəl bilər.Çünki men bu şeiri İstanbulda yaşadığm zaman oxuduqca özümdən asılı olmadan ağlayırdım.Allah Semed Vurğunu rehmet eləsin.Mirağa Bağırovdanda razı olsun ki belə gözəl şeir yazıbSüleyman

Comments are closed.