Yaxşı ki, yaxşılar var…

3
32

Mən ixtisasca mühəndis olsam da, daha çox masabəyi kimi tanınmışam. İşimdən də bilinir ki, kütlə içərisində, insanlar arasında çox oluram. Belə çoxsaylı auditoriya içərisində elm adamları, alimlər, şairlər, deputatlar, idmançılar, məmurlar, çobanlar, fəhlələr, traktorçular və s. insanlar olurlar.

Bu insanlardan diqqətimi çəkən bir şəxs olub. Bu, Əjdər Abbasovdur. Ucaboy, düşüncəli siması, dərinbaxışlı, məntiqli danışığı, səliqəli geyimi, xoşxasiyyət, mehriban dost, müdrik ağsaqqal, sanballı ziyalı, ağırtəbiət ata, süfrəsi açıq, şeriyyəti sevən, muğamı xoşlayan, romantik insan, qurub-yaratmağı bacaran bir zəhmət adamı, ictimai işlərdə təşkilatçı, lovğalıqdan və təkəbbürlükdən kənar, gec yatan, tez oyanan və s. insani xarakterə malik Əjdər Abbasov. Zərdabda uşaqdan böyüyə, kimdən soruşsan, onun haqqında yalnız xoş sözlər deyər. Biz ona “Əjdər əmi” deyə müraciət edərdik. Büruzə verməsə də, hiss edərdik ki, ürəyincədir. Çünki səmimiyyəti xoşlayırdı. Söhbətcil kişiydi. Söhbətləri uzun və maraqlı olardı. Hər dəfə də yeni-yeni söhbətlər edərdi. Bu, onun kitablarla yaxınlığının və mütaliəsinin nəticəsi idi. Söz bazası zəngin idi. Tək söz bazası deyil, ürəyi mərhəmətli, əldən isə səxavətli idi. Yadıma düşmür ki, hədiyyə etdiyim kitabımı, yaxud da hansısa diskimi qiymətləndirməsin. Hədiyyənin təmənnası olmaz ki, adı üstündədir: hədiyyə. Amma Əjdər əmi bu hədiyyələri qarşılıqsız qoymaq istəmirdi.

-Əjdər əmi, vallah, mən bunu təmənnasız hədiyyə edirəm,-deyərdim. O da:

– Mən dədə-babadan belə görmüşəm, adətimi poza bilmərəm, – deyib şairin yoxsul cibinə bərəkət gətirərdi. Bu tək mənimçün belə deyildi, kimisə boş qaytarmaq təbiətində yox idi. Övladlarına da bunu aşılamışdı.

Bu yerdə onunla bağlı bir xatirə yadıma düşdü: Günlərin bir günü evdən qonaqlarını yola salan Əjdər əmi, istirahət otağına keçib dincələrkən yuxuya gedir. Çox keçməmiş ikinci qonaq gəlir, Əjdər əmini xəbər alır. Evin böyük oğlu Elman atasını narahat etməmək üçün “atam evdə yoxdur” deyir. Bunu sonradan bilən Əjdər əmi oğluna bərk qəzəblənib belə demişdi:

– Mənim bir gündə yüz dəfə qonağım gəlsə, mən buna hər dəfə sevinərəm. Kişi süfrəsi ilə tanınar!

Bu, Elmanın yaddaşına həkk oldu.

Əjdər əminin özünəməxsus xarakteri vardı. Toy şənliklərinə gələrkən “bahalı adamlar”, “bahalı stollar” axtarmazdı. Əyləşdiyi yeri bahalı edərdi.

Çox təəssüflər olsun ki, bu dünyada “ayrılıq” adlanan zaman kəsiyi var. “Mən zarımağı, kimisə incitməyi, kiməsə ağrımdan danışmağı xoşlamıram”. Bu sözləri ölümündən 2-3 gün qabaq demişdi.

Onun məzarı önündəyəm. Başdaşına baxa-baxa düşünürəm: bir filmdə deyildiyi kimi, “Dövlət bəyin ölüsü də gözəldir”. Mənsə, deyirəm: “Əjdər əminin ölüsü də gözəldir”.

Məzarıstandan çıxıb evimə gedirəm. Yolum Əjdər əminin malikanəsinin yanından keçir. Baxıram ki, orada işlər davam edir. Əminin ideyaları oğlu Elman tərəfindən davam etdirilir. Atasına oxşamağa çalışan oğlu hər şeyi təzələsə də, yeganə əl vurmadığı şey, atasının divardan asılmış pencəyidir.

Yaxşılıqlar davam edir. Yaxşı ki, yaxşılar var.

***

Ömrünü güdaza verənlər oldu,

Sinəsin odlara gərənlər oldu.

Həyatın nəşəsin sürənlər oldu,

Daldan-dala qaldı gicləri – getdi.

***

Saxta tərif oldu həyat qoxusu,

Gözlər xumarlandı, gəldi yuxusu.

Filin qulağında yatdı çoxusu,

İrəli həmişə bicləri getdi.

***

Namiq, bir kimsəni eyləmə tərif,

Çünki çox insanlar deyildir arif.

Bizi tərk eylədi heyif, çox heyif…

Həyat məktəbinin Əjdəri getdi.

——————————————————————————————

Namiq Atəş, Zərdab rayonu, Gəlmə kəndi

3 ŞƏRH

  1. Ejder muellimin dunyadan kocduyunu eshidende cox kederlendim, ele bildim yaxinlarimdan birini itirdim. Atamin yaxin dostlarindan idi. Cetin gunlerimizde bizim aileye cox komeyi deyib… ALLAH rehmet elesin. Bele adamlarin yeri insallah cennetdi!!

  2. A kishi, ne xeberdir eee? Deyin gorum oz kendi ucun birce xeyirxah ish gorubmu?

Comments are closed.