Zərdabi ailəsinin faciəsi

3
Həsən bəy Zərdabi həyat yoldaşı Hənifə xanım və qızı Pəri ilə birlikdə (yanvar 1877)

Hər dəfə klassiklərimizin, xüsusən də 20-ci yüzilliyin əvvəllərində yaşayıb-yaratmış görkəmli elm, maarif, mədəniyyət xadimlərimizin taleyi ilə bağlı məqalə hazırlayarkən məni bir sual düşündürür. Görəsən biz niyə özümüzə, ziyalılarımıza, millət, xalq yolunda hər şeyini fəda edən insanlara qarşı bu qədər amansız olmuşuq? Axı yetərincə bizi əziblər, qurban veriblər, təhqir ediblər… Bəyəm bunlar lazımdır ki, özümüz-özümüzə belə qənim kəsilmişik?!
Bir neçə ay bundan əvvəl dahi Mirzə Cəlilin ailəsi haqqında məqalə hazırlamaq üçün AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda araşdırma apararkən, Azərbaycan mətbuatının, mədəniyyətinin korifeyləri sırasında ön cərgədə duran maarifpərvər alim, mətbuatımızın bünövrəsini qoyan Həsən bəy Zərdabinin ailəsi haqqında da maraqlı və olduqca da üzücü faktlarla da rastlaşdım. Bəlli oldu ki, Həsən bəy “Əkinçi”ni çıxaranda rastlaşdığı çətinliklər, təqiblər, təhqirlər, sürgünlər ölümündən sonra da ailəsinin, xüsusən də övladlarının “payına” düşüb.

…1907-ci il 28 noyabr. Tutqun, soyuq bir payız günü. İcərişəhərin Qoşaqala divarlarının yanında balaca, cadə bir evdə Həsən bəy dünyasını dəyişdi. Elə Zərdabi ailəsinə münasibət də dəyişdi. Laqeyidlik, biganəlik, oğlu Midhətin 37-nin qurbanı olması, qızı Pəri xanımın və oğlu Səffətin qürbətdə, Vətən həsrəti ilə əbədiyyətə qovuşması, kiçik qızı Qərib Sultanın ruhi-xəstə adı ilə təhqir edilib qapılardan qovulması, Həsən bəyin məzarının üç dəfə köçürülməsi və daha nələr, nələr…
Həsən bəy Zərdabiyə olan biganəlik haqqında hələ o vaxt dövrün tanınmış jurnalisti, publisisti Ceyhun Hacıbəyli “Kaspi” qəzetinin 1912-ci il tarixli 269-cu sayında təəssüflə yazırdı: “mən bu məqaləmdə mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi-halına aid keyfiyyətlərdən danışmayacağam; müsəlman cəmiyyətinin bu insanın xatirəsinə və ondan sonra qalan ailəsinə təəccübdoğuran münasibətindən də danışmayacağam. Həsən bəyin xatirəsini adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan ziyalıların nümayəndələrindən soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza nə oldu, niyə onlar söndü?”

Bu sualla müraciət edən müəllif iki il sonra yəni 1914-cü ildə heç nəyin dəyişmədiyindən təəssüflənərək “Kaspi”nin 267-ci sayında “Yeddi il” sərlövhəli məqaləsində yazırdı: “digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir. Biz nəinki Həsən bəyə abidə ucaltmaq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmək, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik. Mən bizim şəhər özünüidarəsini, onun Üçiliş Komissiyasını nəzərdə tuturam”.

C. Hacıbəyli bunları yazanda hələ demək olar ki, Zərdabi ailəsi o qədər də çətin günlərini yaşamırdı. (Ailənin qara günləri əsasən 1920-ci ilin axırlarından sonra başlayır). Bu zaman Hənifə xanım şəhər dövlət birinci rus-tatar (Rus-Azərbaycan) qız məktəbində işləyirdi.(Hənifə xanım 1909-1919-cu illər ərzində bu məktəbin müdiri olmuşdur). Ailənin böyük qızı Pəri xanım Əlimərdan bəy Topçubaşovla ailə quraraq, Bakıda məhkəmə köməkçisi işləyirdi. (Pəri xanım 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. Növbəti sayda Pəri xanım haqqında geniş, çox maraqlı məqalə oxucuların ixtiyarına verəcəyik). Kiçik qızı Qəribsoltan xanım da anası kimi rus-tatar məktəbində pedaqoji fəaliyyətlə məşğul idi. Ailənin hər iki oğlu Midhəd və Səffət Bakı real gimnaziyasını qurtarmışlar. Midhəb 1915-1925-ci illərdə Qazanda yaşamış, Səffət isə 1915-1917-ci illərdə Riqa Politexnik İnstitutunda təhsil almış, Rusiyada inqilab baş verdiyi üçün təhsili yarımçıq qalmış, Türkiyə də işləməyə getmişdir.
Oğlunun təhsilinin yarımçıq qalması Hənifə xanımı çox narahat edirdi. Necə olursa-olsun Səffətin xaricdə təhsilini davam etdirmək üçün düşünürdü. Bu məqsədlə 1919-cu ildə Maarif Nazirliyinə ərizə ilə müraciət edir:
“Mənim oğlum Səffət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gəncin ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan edərək bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz. Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı-yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən müsbət rəy almışdır. Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi, ali təhsil aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.
Hənifə xanım Məlikzadə Zərdabi.
16 avqust 1919-cu il, Bakı şəhəri”.
Arxiv sənədlərinin araşdırılmasından bəlli olur ki, Səffət bəyi Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil etmişdir. Lakin 1919-cu il martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səffət bəy Parisə yola düşməmiş, İstanbulda konsulluqda çalışmışdır.
Səffət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Yenidən xaricdə təhsil almaq arzusu ilə Səffət bəy 1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadəyə məktubla müraciət edir:
“Xalq Maarif Komissarına Arxitektura tələbəsi Səfaət Həsən oğlu Məlikovdan
Ərizə
Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı. Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi məni təhsilimi başa çatdırmaq üçün Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə ümumiyyətlə təhsilimi başa vurmağa mane oldu.
İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan Sovet hökumətinin təcrübəsində xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə ilyarım – iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən hazırlıqlı arxitektor-mütəxəssis kimi geri qayıdacağam.
Məktubuma Bakı Şəhər İdarəsi yanında məktəb komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə edirəm.
7 fevral 1921-ci il, Bakı şəhəri“.

Səffət Məlikovun məktubu Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1921-ci il 1 mart tarixli iclasında müzakirə olunaraq qərar çıxarılır. İclasın qərarında oxuyuruq: “Tələbə Məlikovun 4-cü kursun dinləyicisi olduğunu, təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Respublikası üçün faydalı olacağını nəzərə alaraq, təhsilini davam etdirmək məqsədilə xaricə ezam olunsun”.
Qərarı Dadaş Bünyadzadə imzalamışdır.
Uzun –uzadı yazışmalardan sonra bolşevik hökuməti onu xaricə oxumağa göndərir. Lakin, bir neçə dəfə onun təqaüdünü kəsir. Maddi imkanı olmayan Hənifə xanım dəfələrlə hökumət dairələrinə yazılı və şifahi müraciət edir. Çox get-gəldən sonra nəhayət Azərbaycan Xalq Komissarları Soveti təqaüdü bərpa edir.
Səffət bəy təhsilini başa vuraraq, mühəndis-arxitektor diplomunu alır ancaq vətənə qayıtmır. Çünki, qardaşı Midhətin acınacaqlı taleyi onu da gözləyirdi. Və unutmaq olmaz ki, o, cümhuriyyətin liderlərindən biri olan Əlimərdan bəy Topçubaşovun qohumudur. (O, bolşeviklərin cümhuriyyət liderlərinin qohumlarına münasibətindən xəbərdar idi). Birbaşa gedir bacısıgilə-Parisə, oradan da Türkiyəyə. Uzun illər orada yaşayır və işləyir. Deyilənlərə görə 1970-ci illərdə Türkiyəyə səfər edən Zərdabişünas, alim professor Ziyəddin Göyüşov Səffət bəylə görüşmüşdür. Görüş zamanı Səffət bəy bildirmişdir ki, bu illər ərzində heç olmasa bircə dəfə də olsa doğma vətənini görmək arzusu ilə yaşayıb və bu ona qismət olmamış, 1986-cı ildə dünyasını dəyişmişdir.
Səffət bəydən fərqli olaraq Midhət vətənində yaşasa da qismətinə qara günlər düşür. İlk təhsilini Bakı real məktəbində alan Midhət bəy sonra Almaniyada (Köln) Böyük Hersoq Politexnik Texnikumunda elektrik mühəndisi ixtisasına yiyələnir. 1915-1924-ci illərdə Qazanda yaşayır, 1925-ci ildə anası Hənifə xanımın təkidilə Bakıya gəlir. Təbii bolşevik hökuməti Midhətdən xaricdə yaşayan qardaşının və yeznəsinin heyfini çıxmaq üçün fürsət gözləyirdi. Bunu hiss edən Midhət gözdən uzaq olmaq üçün 1928-ci ildə Gəncə şəhərinə köcür və Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan şöbəsində işləməyə başlayır.
Yeni hökumətin Midhətə olan münasibəti Həmidə xanımı çox narahat edirdi. Ətrafada baş verənlər bu ziyalı xanımın diqqətindən yayınmır, onu tədbirli olmağa vadar edirdi. İlk övladı olan Pəri xanımın və sonbeşiyi Səffət bəyin üzünə həsrət qalmışdır. Sədaqətli ömür-gün yoldaşı Həsən bəydən sonra Hənifə xanım üçün çətin idi, ailəni idarə etmək, işləmək. Artıq tükənmişdir gücü. Övladlarının taleyi üçün çox narahat idi. Belə bir vaxtda 1929-cu ildə Hənifə xanım dünyasını dəyişdi. 1931-ci ilin may ayında Midhəti həbs etdilər. Hec bir səbəb olmasa da 1932-ci ilin aprel ayına kimi həbsdə qaldı. Aprelin axırlarında azad etsələr də bir müddət Midhət işsiz qaldı. Ailəyə yenidən nəzarət güclənir. Belə bir zamanda yalnız köməyə Üzeyir bəy gəlir. (O çətin illərdə Üzeyir bəy bir çox ailələrə dayaq olub. Cavidin, Müşfiqin ailəsinə həm maddi həm də mənəvi köməklik göstərib). Üzeyir bəyin Parisə qardaşı Ceyhun bəyə yazdığı 7 dekabr 1931-ci il tarixli məktubdan: “Qəribsoltana hər ay əlli manat pul verirəm. İndiyə kimi iki yüz manata qədər pul vermişəm. Anasının qəbrinə daş düzəltmək istiyor”.
…Midhət isə bütün bunları onların ailəsinə qarşı anlaşılmazlıq kimi qəbul edərək hər şeydən xəbərsiz halda Lənkəranda su elektrik stansiyasında işə başlayır. Atası Həsən bəyin vaxtikən deyirdi ki: “Mirgəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurulsa Milin Muğanın susuzluqdan cadar-cadar olmuş düzənlikləri, şoranlıqları gülüstana çevrilər”. Həsən bəyin böyük oğlu Midhət bəy də Lənkərana bu arzu istəklə gəlmiş və öz hesabına Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq istəyini hökumətə bildirir. Bu zaman artıq 1935-ci ilin şaxtalı-boranlı qışı idi. Midhət həmin il fevralın 22-də həbs edilərək, qolları qandallı Bakıya gətrilir və sorğusus-sualsız güllələnir.
Artıq Həsən bəyin ailəsində tək-tənha Qəribsoltan xanım qalmışdır. Sevimli qardaşı Midhətin faciəli həyatı, anasının ölümü onu yaman sarsıtmışdır. (Bu çətin gündə ətrafında bir doğması yox idi ki, ona təsəlli versin, qayğı göstərsin, dərdinə şərik olsun. Qəribsoltan ömrünün sonuna kimi bu ailənin faciəsi ilə yaşadı, ailə də qurmadı). Bu olanlardan hələ özünə gəlməmiş Qəribsoltan xanıma daha bir dəhşətli xəbər verildi. “Salyan şosesi Bibiheybət məscidinin yerindən keçdiyi üçün qəbiristanlıq dağıdılır. Kim istəyir əzizlərinin məzarını göçürüb aparsın. Yoxsa dağıdılıb, yolun altında qalacaq”.
Bu xəbər Qəribsoltanın bütün varlığını sarsıtdı. Nə etməli. Ailədə bir başıpapaqlı yox idi ki, qəbri çıxarıb gətirsin. Çətinliklə iki nəfər tapıb cənazənin qalıqlarını çıxarıb bir yeşiyə yığıb şəhər qəbiristanlığında Hənifə xanımın yanında basdırılır. Nə bir baş daşı qoyulur, nə də bir nişanə…
1984-cü ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul oldum. İlk dərs günü Fəxri Xiyabana Həsən bəy Zərdabinin məzarını yad etməyə getdik. Burada müəllimlərimizdən biri professor Abbas Zamanov (Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun) birdən dedi: “Siz bilirsinizmi Zərdabinin qəbri bura necə olub gətrilib? Heç kəsdən səs çıxmadı. Abbas müəllimin gözləri doldu, səsi titrədi. Sakitcə sözə başladı:“İndi mən deyim siz də bilin. Bunu bilməyiniz çox vacibdir. 1957-ci ilin elə bu vədələri idi. Mərkəzi Komitədə şöbə müdiri işləyən Şıxəli Qurbanovun yanına getdim. Rəhmətlik çox millətsevər, vətənpərvər oğul idi. H.Zərdabinin ölümünün əlli illiyini qeyd etmək üçün köməklik etməsini xahiş etdim. Elə oradaca plan hazırladıq. Plana mərhumun məzarının abadlaşdırılması məsələsini də salarkən məlum oldu ki, Zərdabinin məzarının yerini heç kəs bilmir. Başladıq Zərdabinin qohum-əqrabasını axtarmağa. Öyrəndim ki, 1935-ci ildə onun məzarını ilk dəfə dəfin olunduğu Bibiheybət qəbiristanlığından çıxarıb kicik bir yeşiyə yığaraq aparıblar. Bəs hara aparıblar? Çox çətinliklə qızı Qəribsoltanı tapdıq. Haqsızlıqlardan bezmiş, doğmalarını itirmiş Qəribsultan “məzar” sözünü eşidən kimi qışqıra-qışqıra dedi: “Hər şeyi, hamını məhv elədiniz, indi növbə sümüklərinə çatıb. Nə istəyirsiniz bizdən?”. Sakitcə oradan uzaqlaşdıq. Onu başa düşmək lazım idi. Qəribsultan xanım artıq hamıya inamını itirmişdir, icindəki qorxu hissi onun əsəblərini də pozmuşdur. Bir necə gün sonra Qəribsoltan xanım bildirdi ki, Zərdabinin məzarı şəhər qəbiristanlığında Hənifə xanımın qəbrinin yanında basdırılıb. Bir necə jurnalist, filoloq tələbə ilə nişan verilən yerə gəldik. Hənifə xanımın qəbrinin ətrafını ehmalca qazdıq. Birdən bu yeşiyi tapdıq. Misilsiz bir dəfinə tapmış kimi hamımız sevincdən ağlayırdıq. Sonra onun cənazəsinin qalıqlarını burada Fəxri Xiyabanda dəfn etdik. Şükürlər olsun indi Zərdabi Azərbaycanın ən böyük ziyarətgahında uyuyur”.
Bu yazını tamamlayarkən H.Zərdabi haqqında yazılan məqalələrin birində sonda yazılan bir cümlə diqqətimi cəlb etdi: “H.Zərdabi indi bizim fikirləşdiyimiz kimi, qəzet buraxmaq xatirinə qəzet buraxmaq istəyində deyildir, o sadəcə sevdiyi doğma xalqını azacıq savadlandırmaq niyyəti güdürdü”.
Bu gün isə qəzet çıxaranların əksəriyyəti nəyin xatirinə qəzet çıxarırsa hər birimizə bəllidir”. Heyflər olsun!

Qərənfil Dünyamin qızı
BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi, fəlsəfə doktoru
(Kaspi qəzeti).

3 ŞƏRH

  1. Bu yazini urek aqrisiyla oxusamda bu aqrilarin icinden bir fexr hissleri geldi fexr edirem ki menimde bu boyuk wexsiyyetin adiyla beraber Zedabli adim var.fexr edirem ki mende Zerdabliyam.

  2. Qerenfil muellim yazdiqlarinizi oxudum,boyuk mutefekkurun ailesinin yasadigi aci heyat menede tesir etdi.Yazdiginiza gore tesekkur edirem

  3. Bu meqaleni oxuyarken tesirlenmemek olmur.Qerenfil xanim, Melikovlar neslinin davamcisi kimi Size teshekkur etmeyi ozume borc bildirm.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen + nineteen =