Həsən bəy Zərdabi – xalq yaradıcılığının bilicisi

0
Həsən bəy Zərdabi

Xalqın milli yaddaşında əbədi iz buraxan şəxsiyyətləri yaşadan onların mənsub olduqları millətə, xalqa, doğulub böyüdükləri vətənə olan təmənnasız xidmətləridir. Belə şəxsiyyətlərdən biri Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) olmuşdur.
1842-ci ildə qədim Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdabda) maarifpərvər ailədə anadan olmuş Həsən bəy Şamaxıda açılmış rus məktəbində təhsil almış, sonra istedadına görə dövlət hesabına I Tiflis gimnaziyasına oxumağa göndərilmişdir. 1860-cı ildə gimnaziyanı bitirən H. B. Zərdabi Moskva Universiteti fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunmuşdur. 1865-ci ildə ali məktəbi əla qiymətlərlə bitirmiş Zərdabiyə elmi şuranın qərarı ilə nümunəvi əxlaqına və əla müvəffəqiyyətinə görə təbiət elmləri namizədi elmi dərəcəsi verilmişdir.
“Cəhalət girdabında boğulan” xalqına kömək etmək istəyi ilə yaşayan Zərdabi Qubada, Bakıda çalışmışdır. 1869-cu ildən Bakı real gimnaziyasında təbiət tarixi fənnini tədris etməyə başlamış, 1872-ci ildə “Xeyriyyə cəmiyyəti”nin əsasını qoymuşdur.
Milli elm tariximizdə təbiətşünas kimi tanınan Zərdabi “Torpaq, su və hava”, “Bədəni salamat saxlamaq düsurül əməlidir”, “Sümük, ət, beyin”, “İnsan bədəninin florası”, “Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi”, “Sərxoşluğa qarşı peyvənd” və s. məqalələrini yazmışdır.
Pedaqoji fikir tariximizdə görkəmli maarifçi-pedaqoq, milli təhsil tariximizdə azərbaycanlı müəllimlərin ilk qurultayının təşkilatçı və rəhbərlərindən biri olan Həsən bəy Zərdabi həm də milli teatr tariximizdə ilk tamaşaların rejissoru kimi ictimai-mədəni fikir salnaməmizdə özünə yer tutmuşdur. Mətbuat tariximizdə onun rolu çoxşaxəlidir: ana dilində ilk mətbu orqanın təsisçisi, redaktoru, naşiri, dərin məzmunlu publisistik məqalələr və orijinal bədii nəsr nümunələrinin müəllifi…
H. B. Zərdabi filosof və təbiətşünas kimi məşhur olmaqla yanaşı, həm də milli mədəniyyətimizi duyan və dəyərləndirən bir sənətşünas-mədəniyyətşünas olmuşdur. Tale hər kəsə bir tarixi xoşbəxtlik nəsib etmişdir. Həsən bəy Zərdabinin həyatı və geniş miqyasda fəaliyyəti ilə tanışlıq göstərir: Zərdabiyə Azərbaycanşünaslıq tarixində çox az şəxsiyyətə qismət olan tarixi xidmətlər göstərmək şərəfi nəsib olmuşdur.
Bunlardan biri qəzet nəşr etmək idi. Xalqı oyadan, bir təfəkkür sahibinin bilik və məlumatlarını əks etdirən qəlb-qələm məhsulu vasitəsilə oxuyanları  maarifləndirən, tarixi təcrübəni yazılı şəkildə sənədləşdirib təbliğ edən, oxucularını xarici aləmlə bağlayan, cəmiyyətin inkişafını ləngidən amilləri tənqid edən, xalqın ziyalılarını bir-birinə tanıdıb yaxınlaşdıran, tarixi dövrü salnamələşdirən qədim maarifçi-demokratlar nəslinin yeni nümayəndələrinin formalaşmasında mühüm faktor olmuşdur. H.B.Zərdabinin mühərrirlik fəaliyyəti, pedaqoji sahədə gördüyü işlər, ictimai xidmətləri ilə bir sırada xalq yaradıcılığı haqqında fikir və mülahizələri də önəmli dəyər kəsb edir.

“Mahnılar… milləti birləşdirməyə bais” vasitə
Zəngin xalq yaradıcılığı dəyərləri ilə seçilən ailə mühitində böyüyən H.B.Zərdabi əcnəbi dildə təhsil illərində mənsub olduğu xalqın milli mənəvi sərvətlərini xəlqilik və bəşərilik parametrlərində müqayisəli şəkildə daha dərindən dərk etmişdir.
Folklorşünaslıqda belə bir fikir mövcuddur: xalqın təbiətinin zənginliyi onun şifahi ədəbiyyatının janrlar sisteminin zənginliyi üçün əsasdır. Bu fikir H.B.Zərdabi tərəfindən hələ XIX əsrin sonlarında belə ifadə olunmuşdur: bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Ələlxüsus nəğmələr ilə ki, xoş sövt ilə oxunur. “Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abi-havası və hər bir cəhətdən səfalı və dilguşə olmağı onun əhalisini cuşə gətirib bu hala salır”. “Xalq və yaradıcılıq mühiti” məsələsini bu sətirlər fəlsəfi və təbii şəkildə çox dəqiq aydınlaşdırır. Görkəmli ədib və pedaqoq bir xalq yaradıcılığı bilicisi tək şifahi ədəbiyyatın mahnı, nağıl və atalar sözləri kimi janrlarını toplamışdır. O, bu janrlar içərisində mahnılara geniş yer vermiş, mağnıların tarixi-ictimai, sosial-mədəni dəyərini belə səciyyələndirmişdir:
“Hər tayfanın vətəndaşlıq və millətin keçmişdə olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur”.
Deməli, Zərdabi mahnıların kütləviliyini müşahidə etmiş, milləti birləşdirmədə onun rolunu doğru qiymətləndirmişdir. Əslində, təbiətşünas alim mahnıların insanların maariflənməsində, həyat, tarix, təbiət E haqqında məlumat, obrazlı informasiya əsasında    bilik və bacarığa yiyələnmələrində əhəmiyyətini də çox həkimanə bir şəkildə izah etmişdir. O, bir el müdriki kimi qələm məhsulunda yazırdı: “…yaxşı olardı ki, bizim şüəralar bir-birini həcv və mədh etmək əvəzinə, zikr olan məzmunda mahnılar düzəldəydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa (alimliyə – Ş.M.) təhrik etməyə bais olaydı”.
H. B. Zərdabi mahnılara hələ “Əkinçi” qəzetinin nəşri zamanında yüksək dəyər vermişdi:
“Əkinçi” qəzeti çıxanda o vaxtın şairlərindən təvəqqe eləmişdim bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar”.
Göründüyü kimi, mütəfəkkir pedaqoq-alim xalq yaradıcılığının əsl bilicisi kimi xalqın mənəviyyat və dünyagörüşünün formalaşması və inkişafında aşıq sənətinin rolunu yüksək dəyərləndirmiş, aşıqların repertuarında tarixi məzmunlu mahnıların olmasını vacib saymış, bunu əsaslandırmışdır.
“Bizim nəğmələrimiz” adlı məqaləsində H.B.Zərdabi şeirin və musiqinin insan mənəviyyatına, insan əxlaqına təsirini çox aydın və dəqiq ifadə edərək nəğmələrin toplanılmasına üstünlük verirdi.
H.B.Zərdabi şairlərə mahnılar üçün mətnlər yazmağı tövsiyə etməklə yanaşı, özü mövcud mahnılarımızı toplamış, sistemə salaraq nəşrinə çalışmışdır. Xalq nəğmələrini toplayıb Tiflisə göndərərkən H.B.Zərdabi iki məqsəd izləmişdir: bu el sənəti nümunələrini çap etdirib yaşatmaq; çap olunmuş bu nümunələri Bakı məktəblərinin şagirdlərinə oxumaq üçün paylamaq.
Və böyük maarifpərvər 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirərkən böyük fəzilət və milli həzz duymuşdu. Bu, xalq musiqimizin toplanılması, nəşri və milli mənəvi dəyərlərimizin qorunub saxlanması baxımından tarixi-mədəni xidmətin ən bariz nümunəsi idi.
Ümumiyyətlə, professor Paşa Əfəndiyevin yazdığı kimi, H. B. Zərdabi bir neçə il müddətində külli miqdarda mahnı toplaya bilmiş, “əsas məzmunu uşaqları elmə, təhsilə, tərəqqiyə həvəsləndirməkdən ibarət” olan bu mahnılar 1901, 1903 və 1909-cu illərdə çap olunmuşdur.
Nəsillərə örnək olan həyat yolu keçmiş, xalqa xidməti ömrünün qayəsi bilərək genişmiqyaslı fəaliyyəti ilə təbiətşünaslıq, pedaqogika, ədəbiyyat, fəlsəfə, publisistika sahələrində zəngin irs qoymuş Həsən bəy Zərdabi Məlikov həm də xalq yaradıcılığının bilicisi olmuş, mahnılara milləti birləşdirməyə bais vasitə kimi böyük dəyər vermişdir.

Ş. MƏMMƏDOV, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, SDU-nun “Folklorşünaslıq”
elmi-tədqiqat laboratoriyasının rəhbəri

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three + seven =