Zərdabda qrip xəstəliyi yayılıb

0
28

Son günlər Zərdab rayonunda qripə yoluxma halları artıb. Bu hala daha çox rayonun kəndlərində rast gəlinir. Maraqlıdır ki, qripə yoluxma halları bütün yaş qrupundan olan insanları əhatə edir. www.zerdab.com saytına verilən məlumata görə, artıq bir neçə gündür rayonun təkcə Qoruqbağı kəndində çoxlu sayda insan bu xəstəliyə yoluxub. Bəs qripə yoluxma hallarının artmasının səbəbi nədir? Bu, hansısa təhlükəli virusla əlaqəli ola bilərmi?
www.zerdab.com saytının araşdırmaları nəticəsində məlum olub ki, son günlər əhali arasında müşahidə olunan bu hal təkcə Zərdab rayonunu deyil, bütün ölkəni əhatə edir. Soyuqdəymə və zökəm hallarının səbəbi hava dəyişikliyidir. Bu barədə Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova məlumat verib. Onun sözlərinə görə, ilin bu fəslində orqanizm nisbətən zəifləyir, immunitet aşağı düşür: “Hazırda müşahidə olunan xəstəlik qrip deyil, zökəmdir. Qrip A, B, C və digər viruslar tərəfindən törədilir. Hər şeyi qriplə bağlamaq olmaz. Burundan selik gəlməsi, başağrısı və qripə oxşar digər əlamətlər soyuqdəymədə də müşahidə olunduğundan əhali bu xəstəlikləri qarışdırır. Onları ayırd etmək də çətindir”.
Laboratoriya müdiri əlavə edib ki, bu cür dəyişkən hava şəraiti insanlarda təzyiq əmələ gəlməsinə, ürək-qan-damar sistemi zədələnmələrinin yaranmasına da səbəb ola bilər. Həkim qripdən qorunmaq üçün əhaliyə tövsiyələr də verib: “İndi meyvə-tərəvəzin, göyərtinin bol vaxtıdır. Onlardan səmərəli istifadə etməklə immuniteti gücləndirmək, vitamin çatışmazlığını aradan qaldırmaq olar. Uşaqları xəstə adamlardan uzaq tutmaq lazımdır. Viruslara yoluxmamaq üçün insanlar sanitar-gigiyenik qaydalara riayət etməlidir”.