65 ilin peşmanlığı…

5

Biri bu dünyada 20 il yaşayır, biri 80, digəri də 65. Ancaq kimin bu dünyadan necə gedəcəyini heç kəs bilmir. İndi o dövrdə yaşayırıq ki, insanların çoxu öləcəyini, bir gün bu həyatı tərk edəcəyini ağlına belə gətirmir.

O da bir vaxtlar belə düşünərdü. Fikirləşərdi ki, həmişə cavan qalacaq. Bir gün qocalıb əldən düşəcəyini təsəvvürünə də gətirmirdi.
Kür çayının sahilində oturub dərin xəyala dalmışdı. Yaşadığı həyatı kino lenti kimi gözünün qarşısına gətirməyə çalışırdı. Ancaq ürəyi istədiyi kimi alınmırdı. Qəribədir ki, bir vaxt ömrünün əsas parçası olan hadisələrin çoxunu yadına sala bilmirdi. Həbsxanadan çıxdığı 3 ay ərzində ilk dəfə idi ki, 15 il əvvəl törətdiyi ölüm hadisəsinə görə peşman olmuşdu. O vaxt içki ağlını başından necə çıxarmışdısa, bu dəhşətli hadisəni necə törətdiyini xatırlaya bilmirdi. Zarafat deyildi, 50 yaşında işlədiyi dəhşətli cinayətə görə 15 ildən artıq həbs cəzası almışdı. O, 50 yaşında həbsə girəndə hamı düşünürdü ki, içəridən sağ çıxmayacaq. Siqaretdən dərin bir qullab alıb ciyərlərinə çəkdi. Ancaq işlədiyi cinayət içində elə bir yara açmışdı ki, bir yox lap yüz siqaretlə də unudulan deyildi…
***
Uşaqlığı, gənclik illəri gəldi gözlərinin qarşısına. 65 yaşı yenicə tamam olsa da, elə bilirdi ki, dünyaya dünən gəlib. Ona görə də, bu yaşda olmasına özü də inanmaq istəmirdi. Bu illər ərzində hansı işləri görmüşdü, insanların yaddaşında necə bir insan kimi qalmışdı? Öləndən sonra arxasınca “Allah rəhmət eləsin” deyən olacaqdımı? Gözləri doldu, göz yaşı yanağından süzüldü. Ətrafa boylandı və göz yaşını sildi ki, birdən görüb eləyən olar.
Kürün suyu həzin-həzin, aram-aram, dərdsiz-dərdsiz axırdı. Onun suları üzərindən qalxan sərin və təmiz havanı ciyərlərinə çəkdi. Özündən asılı olmayaraq ayağa durub kənd qəbiristanlığına doğru irəliləməyə başladı. Qəbiristanlığın darvazasından içəri girdi. Ətrafda gördüyü qəbirlərdə yatanların əksəriyyəti onun yaşıdları idi. Biri 60, o biri 65, digəri 70 yaşında dünyasını dəyişmişdi. Gözü Şakirin qəbrinə sataşdı. Şakir 25 yaşında dünyasını dəyişmişdi. Uşaq vaxtı həmişə onunla birgə oynayan Əlövsət, dost deyib bir yerdə böyüdüyü İbrahim, sinif yoldaşları Əkbər, Sürəyya, Mehriban da burada idilər…

***
Qəbiristanlıq çox qəribə yerdir, insan burada sanki qeyri-adi, ona tanış olmayan hisslər keçirir. Valideynlərinin qəbrinin üstünə gəldi. Cavanlığında ərköyünlük edib anasına-atasına o qədər zülm etmişdi ki. Özünü uşaq zənn etdi. Fikirləşdi ki, yəqin anası yanında olsa, onun əlindən tutar, ayağını yerə sürtə-sürtə yenə də kəndin tozlu-topraqlı yolu ilə bazara gedərdi. Anasının qəbrinin üstündə yığılıb qalmış qar topasını əli ilə təmizləyib özündən asılı olmadan Məryəm yazılmış yerdən öpdü. Dünyanın işinə bax, uzun illər yataqda ağır xəstə yatan anasına bir dəfə də olsun baş çəkməyən insan indi içindəki həsrəti, qəhəri boğmaq və təskinlik tapmaq üçün anasının başdaşından öpürdü.

***
“Ah, ata!” deyib dərindən nəfəs aldı. “Dediklərinə qulaq asmadım, içkidən əl çəkmədim. Eyş-işrətə o qədər bağlandım ki, səninlə də, ətrafdakılarla da, qohum-əqraba ilə də düşmən oldum. “Oğlum evlən, evlən özünə bir gün ağla” dedin son nəfəsinə qədər. Qulaq asmadım sənə, hər dəfə dedim ki, bu dünya kef dünyasıdır, insana qalan ancaq kef olur. Ancaq indi gör dünyanın harasıdır ki, 65 yaşımda peşman olmuşam”…

***
İçki məclislərində həmişə onunla bir süfrə arxasında oturan, can deyib can eşitdiyi Ələddinin qəbrinə yaxınlaşdı. Qəbirə baxanda hiss olunurdu ki, xeyli müddətdir üstünə gələn olmayıb. Qəbrin üstünü toz, ətrafını kol-kos basmışdı. “Çətin gündə həmişə bir yerdə” deyib badə qaldırdığı, sağlıqlar dediyi dostları görəsən heç olmasa Ələddin dünyadan köçəndə həyətə gəlmişdilərmi? İnanmırdı… Çünki yaşca ondan qat-qat kiçik olan “dostlar”ı həbsə düşəndən sonra bir dəfə də olsun onu yoxlamağa gəlməmişdilər. Heç azadlığa çıxandan sonra da onu yada salmadılar. Çünki bilirdilər ki, qocalıb, əldən düşüb, daha əvvəlki kimi içki məclislərinə yaramır.

***
Nəfəsi olsaydı, yorulmasaydı, qəbiristanlıqdan çıxıb kəndə doğru qaçar və “Mənim bu halımı görürsünüzmü?” deyə qışqırardı. Ancaq… Eşidən bilən nə deyərdi? Keçmiş “dostları” gülməzdilərmi ona? Camaat deməzdimi ki, buna bax 65 yaşında…

***
Qəbiristanlığı gəzməyə başladı. Tanıdığı və tanımadığı insanların qəbirlərinin üstündə dayanıb diqqətlə baxdı. Ayağı donmuşdu. İllər əvvəl içkinin təsiri ilə adi bir hadisəyə görə qətlə yetirdiyi Qüdrətin qəbrinin üstündə ayaq saxladı. Ürəyində Qüdrətdən üzr istədi, bağışlasın deyə ona yalvardı, yaxardı. “Ah, Qüdrət, Qüdrət günahsız yerə səni öldürdüyüm üçün indi çox peşmanam, bağışla məni”, – dedi və ağladı…

***
Qəbiristanlıqda gördüklərindən idimi, yoxsa azadlığa çıxandan sonra keçirdiyi peşmanlıq hissinə görə idimi, nədən idisə ürəyi ağrıyırdı. Güclə nəfəs alırdı. Qəbiristanlıqdan çıxanda ona elə gəldi ki, bir azdan yenidən bura qayıdacaq… İçini qorxu bürüdü və iti addımlarla oradan uzaqlaşdı…

 

Nicat

5 ŞƏRH

  1. Allah gunahlarini baqiwlasin. Hamimizin gunahini baqiwlasin boyuk yaradan hec vaxt gunahlarimizi tekrarlamaqa bize yol vermesin.
    HEYATA INSAN KIMI GELMIWIK INSAN KIMIDE GETMEK NESIB OLSUN HAMIYA.INSANLIQIMIZI ITIRMEYEK KAW ,INSANLIQIMIZI ITIRSEK NE QEDER PEWMAN OLSAQDA FAYDASI OLMAZ

  2. Günahsız bir adamı qətlə yetiribsə, mərhumun qəbrinin üstünə onun getməyə haqqı yoxdur.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + five =