Zərdabi ilə bağlı Türkiyədə çap edilən kitab Bakıda təqdim olundu

0
26

Bakıda Atatürk Mərkəzində Türkiyədə nəşr edilən “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində kitabının tədqiqatçısı və tərcüməçisi Marmara Universitetinin professoru Okan Yeşilot, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Jalə Əliyeva, Musa Quliyev, Sevinc Hüseynova, media nümayəndələri və QHT təmsilçiləri iştirak etdilər. Qeyd edildi ki, kitabın müəllifi, Mərmərə Universitetinin müəllimi, doktor Okan Yeşilot Türkiyədə Zərdabi irsinin araşdırıcılarındandır. Okan Yeşilot dedi ki, Zərdabi bütün türk dünyasının ortaq ziyalısıdır. Onun həyat və fəaliyyəti bir örnəkdir: “Mən Zərdabi haqqında kitab yazmamışdan öncə onun haqqında bütün mənbələri araşdırdım. Həsən Məlikzadə Zərdabinin həyat və fəaliyyətləri” adlı dissertasiya yazaraq doktor oldum. Bir ziyalı olaraq bununla qürur duyuram. Zərdabinin özü yaşamasa da, onun fikirləri yaşayır”.

Deputat Məlahət İbrahimqızı dedi ki, bu kitabın təqdimatı həmdə 18 oktyabr müstəqilliyimizin bərpası gününə, azad fikrin banisi H.B.Zərdabinin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş tədbirdir: “Dünyaya yaymalıyıq ki, hələ bir çox ölkələrdə azad fikir, mətbuat olmayanda, Azərbaycanda onun əsası qoyulmuşdu. Azərbaycanda belə bir şəxsiyyətlərin olduğu tanıdılmalıdır”.

Millət vəkili Jalə Əliyeva kitabın çox önəmli olduğunu dedi və buna görə əməyi olan hər bir kəsə təşəkkürünü bildirdi. Jalə Əliyeva bütün dünyada maarifsevər insanlara, böyük qiymət verildiyini söylədi və dünyanın H. B. Zərdabini yüksək tutmalı olduğunu qeyd etdi.

Milli Məclisin üzvü Musa Quliyev bildirdi ki, bu kitab Türk dünyasında milli şüurun formalaşmasında böyük pay sahibi olan insanın tanıdılması baxımından böyük rol oynayır: “Kitabın Türkiyədə çap olunması daha böyük uğurdur. Okan bəyin bu fəaliyyətini çox yüksək dəyərləndirirəm. Bu Zərdabinin başladığı yolun davamıdır. Siz türklərin bu cür aydınları haqqında fəaliyyətinizi davam etdirin. Bu kitab gələcəkdə Azərbaycan və Türkiyə universitetlərinin jurnalistika fakültəsində tədris oluna bilər. Bütün bu fəaliyyətlər biz türkləri daha da yaxınlaşdıracaq”.