“Zərdab şəhərinə Külüllü mənbəyindən fasiləsiz su veriləcək”

0
31

Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işi davam etdirilir. Qeyd edək ki, bu işlərə ötən il avqustun 16-dan başlanılıb. Bu məsul işi tenderin qalibi olmuş “Hidro – Lotus” MMC firması “Azərsu” ASC-nin sifarişi əsasında həyata keçirir. “Hidro – Lotus” MMC-nin əməkdaşı Coşqun Məmmədov deyir ki, yeni sistemin istifadəyə verilməsi ilə zərdablılar bütün sutka boyu təmiz su və ən müasir kanalizasiya şəbəkələri ilə təmin olunacaqlar. Onun sözlərinə görə, Zərdab şəhərinin ərazisində 60 kilometr uzunluqda magistral supaylayıcı kəmər, 55 kilometrlik əsas kanalizasiya xətti inşa ediləcək. Bundan əlavə, laboratoriya yaradılacaq, şəhərə təmiz və keyfiyyətli su veriləcək. Ümumilikdə təqribən 2 il davam edəcək tikinti-quraşdırma işlərində əsasən yerli işçi qüvvəsindən istifadə edilir.
Coşqun Məmmədov qeyd edir ki, bu layihədə Zərdabın 2035-ci ildəki demoqrafik vəziyyəti də nəzərə alınıb: “Əvvəlki layihələrdə Zərdaba suyun Kür çayından verilməsi nəzərdə tutulurdu. Lakin ölkə Prezidentinin tövsiyəsinə əsasən “Azərsu” ASC-nın hazırladığı yeni layihədə rayonumuza Ağsu ərazisindəki Külüllü mənbəyindən su veriləcək. Girdiman çayının məcrasında yerləşən Külüllü mənbəyindən saniyədə 500 litr və ya sutkada 40 min kubmetr içməli su götürmək olar. Külüllü dəniz səviyyəsindən 170 metr yüksəklikdədir və bu imkan verir ki, burdan Zərdaba içməli su özüaxımlı rejimdə ötürülsün. Bu, elektrik enerjisi xərclərini sıfıra endirməklə istehlakçıların fasiləsiz su təminatına imkan verəcək. Layihəyə görə Zərdabda işlər 2012-ci ilin sonlarında başa çatdırılacaq”.